İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-də süni intellekt PANİKASI

Süni intellekt sənayesinin ən nüfuzlu şəxslərinin öz yaratdıqları texnologiyanın nəzarətdən çıxa biləcəyi barədə ard-arda xəbərdarlıqları ABŞ-də artıq texnoloji müzakirədən siyasi böhran mövzusuna çevrilir. Amerikalıların 70 faizi AI-nin imkanlarından həyəcanlanmaqdan daha çox ondan narahat olduğunu bildirir.

Musavat.com xəbər verir ki, CNN-in siyasi analitiki Stiven Kollinson süni intellekt ətrafında son günlər baş verənləri ABŞ siyasəti üçün mümkün dönüş nöqtəsi kimi qiymətləndirib.

Kollinson diqqəti qeyri-adi vəziyyətə çəkir: təhlükə barədə xəbərdarlıq edənlər texnologiyanın kənar tənqidçiləri deyil, məhz dünyanın ən güclü AI sistemlərini yaradan şirkətlərin rəhbərləri və tədqiqatçılarıdır.

“Anthropic”in baş direktoru Dario Amodei AI sənayesinin inkişaf tempinin aşağı salınmalı olduğunu bildirib. O, CNN-ə müsahibəsində texnologiyanın insanlığa zərər verməsinin qarşısını almaq üçün aparıcı AI şirkətlərinin birlikdə hərəkət etməli olduğunu deyib.

“OpenAI”ın baş direktoru Sem Altman Amodeinin mövqeyi ilə razılaşaraq AI şirkətlərində müstəqil qiymətləndiricilərin fəaliyyət göstərməsini təklif edib.

İlon Mask da “Dario haqlıdır” deyərək xəbərdarlığa qoşulub. “Google DeepMind” rəhbəri Demis Hassabis də risklərlə bağlı narahatlığını ifadə edib.

Bütün bunlardan əvvəl “Anthropic” və “OpenAI”da çalışmış tədqiqatçı Ceykob Kokson daha dəhşətli xəbərdarlıq etmişdi. Onun sözlərinə görə, süni intellekti yaradan insanların bir qismi bu texnologiyanın “onilliyin sonuna qədər hamımızı öldürə biləcəyinə” ciddi şəkildə inanır.

CNN yazır ki, Vaşinqtonda bu xəbərdarlıqlara münasibət kəskin şəkildə fərqlənir.

Donald Tramp təhlükəli ssenariləri “baş verməyəcək şeylərin” qabardılması kimi qiymətləndirib. Nümayəndələr Palatasının spikeri Mayk Conson isə təcili qanunvericiliyin qəbul edilməsinə ehtiyac görmədiyini bildirib.

Respublikaçıların əsas arqumentlərindən biri Çindir: ABŞ süni intellektin inkişafını ləngidərsə, Pekin superintellekt yarışında üstünlüyü ələ keçirə bilər.

“Biz süni intellektdə Çini qabaqlayırıq. Dünyanın texnoloji baxımdan ən inkişaf etmiş ölkəsiyik və mən bunun belə qalmasını istəyirəm, - deyə Tramp bunu açıq şəkildə belə ifadə edib.

Demokratlar isə əks istiqamətdə hərəkət etməyə başlayıblar. Keçmiş prezident Barak Obama dövlət tərəfindən məcburi məhdudiyyətlər tətbiq edilməzsə, dünyanın “təhlükəli” həddi keçə biləcəyini bildirib.

Nümayəndələr Palatasında demokratların lideri Hakim Ceffris Konqresi AI-nin inkişafını yavaşlatmaq üçün “qəti addımlar” atmağa çağırıb.

Arizona senatoru Ruben Qalyeqo isə məsələni nüvə silahı ilə müqayisə edib: “Biz nüvə silahını yaradanda həmin silahın özünü atmaq barədə qərar vermək qabiliyyəti yox idi. Süni intellektin isə belə qərarlar vermək qabiliyyəti var və olacaq”.

Qalyeqo daha sonra daha sərt bənzətmə işlədib: “Bu, daha çox doktor Frankenşteynin bizə “Məxluq azadlıqdadır, onu dayandırmağa kömək edin” deməsinə bənzəyir”.

Narahatlıq artıq seçicilər arasında da yayılır. NBC News-un sorğusuna əsasən, amerikalıların 70 faizi süni intellektə görə həyəcanlanmaqdan daha çox narahatdır.

CNN qeyd edir ki, AI qorxusu ABŞ-də bir neçə başqa sosial-iqtisadi problemlə də birləşir. İnsanlar kütləvi iş yerlərinin itirilməsindən ehtiyat edir, nəhəng məlumat mərkəzlərinin elektrik və su istehlakı narazılıq yaradır, texnologiya milyarderlərinin həddindən artıq güclənməsi ilə bağlı qorxular artır.

Məhz məlumat mərkəzlərinə qarşı narazılıq artıq seçki kampaniyasına daxil olub. Həm demokrat, həm də respublikaçı namizədlər bəzi yerlərdə yeni nəhəng AI data-mərkəzlərinin tikintisinin dayandırılmasını tələb edirlər.

Senator Berni Sanders daha da irəli gedərək superintellektin daimi qadağan edilməsini və federal qaydalar hazırlananadək qabaqcıl AI sistemlərinin inkişafına müvəqqəti fasilə verilməsini nəzərdə tutan qanun layihəsi təklif edib.

Stiven Kollinson hesab edir ki, süni intellekt beləliklə 2026-cı il aralıq seçkilərinin, daha sonra isə 2028-ci il prezident seçkilərinin əsas siyasi mövzularından birinə çevrilə bilər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR