İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-ın İrəvana yeni "vədlər paketi" açıqlandı: Paşinyan Rusiyaya "hücum" etsə də, Qərbə də güvənmir

Rəsmi İrəvan Co Baydenin seçkilərdə məğlub ola biləcəyini, Cənubi Qafqazın və Ermənistanın ABŞ-ın geopolitik prioritetləri sırasında olmayacağını anlayır... Ona görə də, gələcəkdə geriyə dönüş "körpülər"ini qorumağa çalışır, Rusiyaya qarşı birbaşa deyil, dolayısı ittihamlarla kifayətlənir, Ermənistanı yeni geopolitik kataklizmlərə hazırlayır...

Cənubi Qafqaza regiondan kənar dövlətlərin müdaxiləsi artan xətt üzrə davam edir. Üstəlik, bu müdaxilələr yalnız bir region dövlətinin - Ermənistanın üzərindən edilir. Belə ki, indi Ermənistan ərazisi dünya nəhənglərinin qarşıdurma poliqonuna çevrilib. Və bu, ilk növbədə məhz Ermənistanın təhlükəsizlik maraqlarına ciddi problemlər yaradır.

Onu da qeyd etmək lazımdır ki, rəsmi İrəvan son vaxtlar ənənəvi xarici siyasət kursunda müəyyən düzəlişlərə də cəhd göstərir. Belə ki, Paşinyan hakimiyyəti xarici siyasət vektorunu növbəti dəfə dəyişməyə meylli kimi görünür. Hər halda, rəsmi İrəvan açıq mətnlə bəyan etməsə də, Qərbin verdiyi dəstək vədlərinə sadiq qalmamasından məyus olduğunu gizlətməkdə də çətinlik çəkir. Və Qərb siyasi dairələri artıq Cənubi Qafqazdakı "geopolitik alət"in - Ermənistanın yeni sürüşkən addımlar atmağa başladığından duyuq düşüblər.

e2e65d887dc9002ace9fce24d89dc82a.jpg (227 KB)

Halbuki, indiki situasiyada Paşinyan hakimiyyətinin ABŞ və Qərbə müəyyən problemlər yaradacaq mövqeyə keçid etmə ehtimalı Ağ Evdə və Brüsseldə yolverilməz hesab olunur. Çünki Ermənistan ABŞ və Qərb üçün hazırda Cənubi Qafqazda yeganə geopolitik "eniş zolağı" rolunu oynayır. Ona görə də, rəsmi İrəvanın Rusiyadan sonra ABŞ və Qərbə də alternativ axtarmasına imkan vermək istəmirlər. Və rəsmi İrəvanın belə addımlarla məhz Qərbdəki himayədarlarını şantaj etməyə cəhd göstərdiyi də qətiyyən istisna deyil.

Məsələ ondadır ki, Paşinyan hakimiyyəti "kilsə qoyamı" qarşısında duruş gətirə bildiyinə artıq əmindir. Ona görə də, indi rəsmi İrəvan Ermənistanın təhlükəsizlik maraqları çərçivəsində yeni "yol xəritəsi"ni reallaşdıra biləcəyi qənaətinə gəlib. Belə ki, baş nazir Nikol Paşinyan Azərbaycan və Ermənistan arasında sülh prosesində israrlı olacağını sezdirir. Və erməni baş nazirin son açıqlamaları bu baxımdan, böyük maraq doğurur.

Maraqlıdır ki, baş nazir Nikol Paşinyan Ermənistan parlamentində Azərbaycanla sərhədlərin delimitasiya prosesində istifadə olunan xəritələri təqdim edib. Onun fikrincə, 1976-çı ilə aid olan bu xəritələr üzrə sərhəd delimitasiyası son nəticədə regional sülhə təminat verə bilər. Erməni baş nazir xüsusi olaraq, vurğulayıb ki, Ermənistanın öz təhlükəsizliyinə kənardan təminat almağa cəhd göstərməyə ehtiyac yoxdur: "Ermənistanın təhlükəsizliyini biz özümüz təmin etməliyik. Bu xəritələr üzrə sərhədlərin delimitasiyası Ermənistana belə bir şans qazandıra bilər".

Baş nazir Nikol Paşinyan erməni toplumunu "xəyalların girovu"na çevrilmək vərdişlərindən xilas olmağa da çağırıb. Onun fikrincə, "İrəvanın mərkəzində kafedə oturub, "Qars xəyalları" quranlar Ermənistanın təhlükəsizlik maraqlarına ciddi problemlər yaradırlar. Onlar Qarsı ələ keçirtmək əvəzinə, İrəvanın da itirilməsinə münbit şərait yaradırlar. Və ona görə də, real Ermənistanın xilası yalnız sərhədlərin delimitasiyasından, sülh sazişinin imzalanmasından keçir.

58ca911243c3fd4ca9342955a69a883a.jpg (140 KB)

Təbii ki, Paşinyan hakimiyyətinin bu "yol xəritəsi" Ermənistanı Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşmasına sövq edəcək bir variantdır. Yəni, baş tutarsa, Ermənistan Azərbaycan və Türkiyə ilə iqtisadi-ticari əlaqələr qurmaq şansı qazanacaq. Rəsmi İrəvan Ermənistanın inkişaf perspektivlərini təmin etmək üçün yeni və önəmli gəlir qaynağına çıxış əldə etmiş olacaq. Nəticədə Ermənistanın nə Rusiyaya, nə də ABŞ və Qərbin dəstək vədlərinə elə bir ciddi ehtiyacı qalmayacaq. Və Cənubi Qafqaza regiondan kənar dövlətlərin müdaxilə imkanları da məhdudlaşmış olacaq.

Cənubi Qafqazda regional proseslərin belə inkişaf istiqamətləri alması yalnız Rusiyanın deyil, ABŞ və Qərbin də geopolitik maraqlarına kəskin şəkildə ziddir. Çünki Rusiya kimi, ABŞ və Qərb də Cənubi Qafqazda münaqişə qaynağının qalmasında maraqlıdır. Bu halda, regiona müxtəlif bəhanələrlə müdaxilə mexanizmləri öz aktuallığını qoruya bilər. Və indi Qərbdə geopolitik oyunçuları Cənubi Qafqaz ilə bağlı düşündürə biləcək ən önəmli məqam da məhz budur.

Maraqlıdır ki, ABŞ və Qərb Paşinyan hakimiyyətinin Türk İttifaqı ilə yaxınlaşma perspektivləri açan yeni geopolitik orientasiyasından narahatdır. Ona görə də, rəsmi İrəvanı verilən vədlərin icra ediləcəyinə inandırmağa cəhd göstərir. ABŞ-ın nüfuzlu xüsusi xidmət servisi olan CİA-nin direktor müavini Devid Koenin tez-tələsik İrəvana göndərilməsi də məhz bu məqsədə yönəldilmiş addım təsiri bağışlayır.

Məsələ ondadır ki, yüksək rütbəli amerikalı kəşfiyyatçının İrəvana səfərindən dərhal sonra ABŞ-ın dövlət katibi Entoni Blinken Ermənistanla bağlı növbəti "vədlər paketi"ni gündəmə gətirib. Ağ Ev təmsilçisi açıq mətnlə bəyan edib ki, ABŞ Ermənistana dəstəyi artırmaq niyyətindədir. ABŞ-ın artıracağı dəstəyin detalları hələlik açıqlanmasa da, CİA şefinin müavininin baş nazir Nikol Paşinyanla qapalı görüşdə Ağ Evin daha şirnikləndirici vədlərini onun diqqətinə çatdırdığı qətiyyən şübhə doğurmur.

3d107a676f63b4b95b2c610cfc9a996f.jpg (196 KB)

Onu da qeyd etmək lazımdır, baş nazir Nikol Paşinyanın hələlik ABŞ-ın "vədlər paketi"nə məcburi inanmaqdan başqa çıxış yolu yoxdur. Çünki Rusiya ilə qarşıdurma vəziyyətində olan, Azərbaycan və Türkiyə ilə problemlərini hələlik həll etməyən Ermənistan ABŞ və Qərbin formal himayəsini də tamamilə itirməyə cəsarət edə bilməz. Ona görə də, rəsmi İrəvanın son vaxtlar nisbətən zəifləmiş Rusiya əleyhinə sərt ritorikasının yenidən bərpa olunması qətiyyən gözlənilməz deyil.

Hər halda, amerikalı kəşfiyyatçı ilə görüşdən və ABŞ-ın dövlət katibi Entoni Blinkenin yeni "vədlər paketi"ndən sonra baş nazir Nikol Paşinyan növbəti dəfə Rusiyanı hədəfə alıb. O, bildirib ki, 2020-ci ildə KTMT üzvü olan iki dövlət Ermənistanın əleyhinə fəaliyyət göstərib, Azərbaycana dəstək verib. Erməni baş nazirin Rusiya və Belarusu nəzərdə tutduğu qətiyyən şübhə doğurmasa da, öz vərdişlərinin əleyhinə olaraq, bu dəfə ittiham etdiyi ölkələrin adlarını çəkməməsi də maraqlı məqamdır.

Böyük ehtimalla baş nazir Nikol Paşinyan ABŞ və Qərbin vədlərinə artıq əvvəlki kimi güvənmir. Ona görə də, gələcəkdə geriyə addım atmaq üçün "körpüləri" qorumağa çalışır və birbaşa ittihamlar əvəzinə, dolayısı eyhamlarla kifayətlənməyə üstünlük verir. Ən əsasısa isə erməni baş nazir Bayden administrasiyasının ABŞ-da keçiriləcək növbəti prezident seçkilərində məğlub ola biləcəyini də nəzərə alır. Çünki keçmiş prezident Donald Trampın hakimiyyətə gələcəyi təqdirdə, Cənubi Qafqazın və Ermənistanın ABŞ-ın geopolitik prioritetləri sırasında olmayacağını da anlamamış deyil. Və bu baxımdan, Ermənistanı elə indidən yaxın gələcəkdə baş verə biləcək geopolitik kataklizmlərə hazırlamağa çalışır.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu

ŞƏRHLƏRŞƏRH YAZ

Qonaq

sabu 23.05.2024 09:18

Sherh moderator terefinden yoxlanılır

XƏBƏR LENTİ

16 Iyun 2024

BÜTÜN XƏBƏRLƏR