Onlayn ictimai-siyasi qəzet
Yaxın Şərqdəki hərbi-siyasi böhranın nizamlanması üzrə “siyasi-diplomatik pəncərə” yenidən açılsa da, ABŞ və İran arasında əsas ziddiyyətlər hələ də öz aktuallığını qoruyub, saxlayır. Üstəlik, ABŞ prezidenti Donald Trampın İrana qarşı hərbi əməliyyatların bərpa oluna biləcəyinə eyham vurması Yaxın Şərqdə böhranın hələ də təhlükəli mərhələdə olduğunu göstərir. Ağ Ev sahibi İranın anlaşmaq istədiyini, ancaq rəsmi Tehranın təkliflərinin ABŞ-ın gözlənitilərindən uzaq olduğunu bildirib. Və ona görə də, prezident Donald Tramp İrana qarşı hərbi zərbələri bərpa etmək barədə daim düşündüyü də vurğulayıb.
Bütün bunları nəzərə aldıqda, Tramp administrasiyasının qarşısında iki paralel fəaliyyət istiqamətinin mövcud olduğunu ehtimal etmək mümkündür. Belə ki, Ağ Ev bir tərəfdən Qətər və digər vasitəçilərin iştirakı ilə sülh danışıqlarının bərpasına pozitiv yanbaşır. Digər tərəfdən isə ABŞ İrana qarşı hərbi təzyiqlərin yenidən gücləndirilməsi ehtimalını da aktual saxlayır. Buna qədər olan danışıqların əsas “düyün nöqtələri”ndən biri Hörmüz boğazının açılması, digəri isə Ağ Evin rəsmi Tehrandan İranın nüvə proqramının ləğvinə dair tələb etdiyi güzəştlərdir. Yəni, rəsmi Tehran Hörmüz boğazının açılmasının qarşılığında ABŞ-dan İrana qarşı blokadanın yumşaldılmasını və iqtisadi təzyiqlərin azaldılmasını istəyir. Və Ağ Ev isə rəsmi Tehranın bu istəklərinə İrandan daha geniş nüvə öhdəlikləri tələb etməklə, cavab verir.
Ancaq onu da qeyd etmək lazımdır ki, hazırda mövcud problemin ən təhlükəli tərəfi yalnız hərbi-siyasi qarşıdurma ilə bağlı deyil. Belə ki, Yaxın Şərq müharibəsi ABŞ-ın öz strateji ehtiyatlarını da böyük sürətlə azaldır. Son məlumatlara görə, ABŞ-ın strateji xam neft ehtiyatlarının həcmi 283,8 milyon barrelə enərək, 1982-ci ilin oktyabrından üzübəri ən aşağı səviyyəyə düşüb. Və bu kəskin azalma ABŞ-ın qlobal enerji bazarındakı təzyiqləri yumşaltmaq məqsədilə 172 milyon barrel həcmində rezerv neftin ixraca buraxılması qərarından sonra baş verib.
Təbii ki, bu rəqəmlər əslində, ABŞ üçün sadəcə, enerji rezervi ilə bağlı göstəriciləri deyil, həm də birbaşa strateji təhlükəsizlik məsələsini də ifadə edir. Çünki Hörmüz boğazında böhranlı vəziyyət uzandıqca, dünya neft bazarında alternativ marşrutların və ehtiyatların üzərinə düşən yük daha da artmış olur. Və ABŞ-ın öz neft ehtiyatlarının aşağı düşməsi isə gələcək enerji şoklarına qarşı Ağ Evin manevr imkanlarını da ciddi şəkildə məhdudlaşdıra bilər.
Digər tərəfdən, qlobal neft bazarından ötürülən xəbərdarlıq siqnalları son vaxtlar artıq güclənməyə başlayıb. Belə ki, “The Wall Street Journal”ın yazdığına görə, nəhəng neft şirkətlərinin rəhbərləri, aylarla davam edən hərbi-siyasi qarşıdurmanın doğurduğu enerji böhranı nəticəsində qlobal yanacaq ehtiyatlarının ciddi şəkildə azaldığını bildirirlər. Eyni zamanda, ABŞ-da dizelin qiyməti rekord səviyyəyə yüksəlib və dünya bazarındasa, neftin dəyəri 100 dollar həddini çoxdan keçib. Bu baxımdan, enerji böhranının artıq lokal deyil, məhz qlobal xarakterli olduğu qətiyyən şübhə doğurmur. Və WSJ həmçinin bazarda əlavə təchizat imkanlarının əhəmiyyətli hissəsinin də artıq istifadə edildiyini vurğulayır.
Onu da qeyd etmək lazımdır ki, Yaxın Şərq savaşının Ağ Ev üçün digər ağır yükü isə məhz ABŞ-ın hərbi xərcləridir. Belə ki, ABŞ Konqresinin Büdcə Ofisinin hesablamasına əsasən, 2026-cı il avqustun 1-dək Yaxın Şərqdəki hərbi böhranın Müdafiə Nazirliyinə birbaşa xərc yükü təxminən 38 milyard dollar məbləğində olub. Bu məbləğə ABŞ ordusunun savaşda istifadə etdiyi silah-sursat və hərbi texnikanın əvəzlənməsi, döyüş təyyarələrinin uçuş saatları, hərbi əməliyyatlar və artan yanacaq xərcləri də daxildir. Və hesablama müəllifləri Yaxın Şərqdə hərbi münaqişənin davam etdiyi müddətdə ABŞ-ın əlavə xərclərinin daha da artacağını xüsusi olaraq, vurğulayırlar.
Təbii ki, Ağ Ev üçün digər daha ciddi problemlərdən biri də məhz ABŞ-ın sərf olunmuş hərbi arsenalının bərpası ilə bağlıdır. Belə ki, uzunmüddətli hərbi kampaniya, xüsusilə də, hava hücumundan müdafiə sistemlərində istifadə olunan bahalı silah-sursat ehtiyatlarının tükənməsini ciddi şəkildə sürətləndirir. Bu isə ABŞ-ın eyni vaxtda bir neçə strateji istiqamət - Avropa, Yaxın Şərq və Asiya-Sakit okean regionu üzrə hərbi ticarət öhdəliklərini yerinə yetirmək imkanlarını da məhdudlaşdırır.
Göründüyü kimi, Yaxın Şərq savaşı artıq sadəcə, yalnız ABŞ və İran arasındakı hərbi qarşıdurma demək deyil. Belə ki, bu hərbi münaqişə enerji ehtiyatlarından tutmuş ABŞ büdcəsinə, onun hərbi arsenalından qlobal neft bazarına qədər bir-biri ilə bağlı hərbi və iqtisadi sistemlərə birbaşa dağıdıcı təsirlər göstərir. Əslində, prezident Donald Trampın bir tərəfdən danışıqlara hazır olduğunu, digər tərəfdən isə İrana qarşı yeni hərbi zərbələri daim düşündüyünü deməsi də məhz elə bu ziddiyyətin mahiyyətini açır. Və bu baxımdan, Ağ Ev mövcud situasiyadan siyasi-diplomatik çıxış yolu axtarır, ancaq hərbi təzyiq mexanizmlərini də hazır vəziyyətdə saxlamağa çalışır.
Ona görə də, belə anlaşılır ki, əgər, danışıqlar prosesi nəticəsiz qalarsa və hərbi əməliyyatlar isə yenidən genişlənərsə, bu halda, əsas suallar yalnız İranın ABŞ-a nə qədər müqavimət göstərə biləcəyi ilə bağlı olmayacaq. Çünki buna paralel olaraq, ABŞ-ın sürətlə artan maliyyə, enerji və hərbi resurs xərclərinin hələ nə qədər davam etdirilə biləcəyi də gündəmə gətiriləcək. Ona görə də, Hörmüz boğazındakı böhran artıq Yaxın Şərqin regional sərhədlərini aşaraq, qlobal enerji təhlükəsizliyinin və ABŞ-ın strateji resurslarının da sınaq poliqonuna çevrilməyə başlayıb.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu

15 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ