İnsanlara hürriyət, millətlərə istiqlal!

“Ayı sənə nə dedi?”

Ermənistanın baş nazir Nikol Paşinyanla Rusiya prezidenti Vladimir Putin arasında baş tutan telefon danışığı hələ də geniş müzakirə olunur. Erməni müxalifəti iddia edir ki, bu telefon danışığını İrəvanın Moskva ilə münasibətlərdə gözlədiyi nəticəni verməyib və Ermənistan hakimiyyətinin siyasətinin iflasını nümayiş etdirib.
Paşinyan isə Rusiyaya münasibətdə “uzun dilliyindən” geri qalmır.
“Rusiya prezidenti məni təbrik etmədi, amma burada belə bir sual yaranır: bu halda o, ümumiyyətlə kiminlə danışırdı?”
Paşinyan Moskva tərəfindən ona rəsmi təbrik edilməməsinə belə reaksiya verib. “Rusiya prezidenti məni təbrik etmədi. Niyə? Çünki o istəmirdi. Bu halda belə bir sual yaranır: o, ümumiyyətlə kiminlə danışırdı?”, - Paşinyan əlavə edib.
Son telefon danışığında prezident Vladimir Putin Ermənistanın Avropa İttifaqına inteqrasiya kursu ilə bağlı əvvəlki mövqeyini təkrar edib və Avropa İttifaqı ilə Aİİ arasında seçim məsələsinin referendum yolu ilə həll olunmasının vacibliyini yenidən gündəmə gətirib. İddialara görə, Paşinyan referendumun yalnız Ermənistanın Avropa İttifaqına üzvlük üçün rəsmi müraciət edəcəyi halda keçiriləcəyini deyib. Ermənistanın “İslahatçılar” Partiyasının sədri Vaan Babayan da belə bir referenduma ehtiyac olmadığını bildirib. Onun qənaətincə, ölkə Avrasiya İqtisadi İttifaqına daxil olarkən referendum keçirmədiyi üçün təşkilatdan çıxmaq məsələsində də ümumxalq səsverməsinə ehtiyac yoxdur. Ardınca qeyd edib ki, məsələ xalqın səsverməsinə çıxarılsa, əksəriyyət Aİİ-dən çıxaraq Avropa İttifaqına üzvlüyə üstünlük verəcək. Yəni Rusiyanın xəbərdarlıqlarına baxmayaraq, Paşinyan öz bildiyini edir, mövcud siyasətini davam etdirir.
Azərbaycan Avrasiya İqtisadi İttifaqına qoşulsa... - Qulamhüseyn Əlibəyli

O halda Kreml İrəvanı necə ram edəcək? Daha hansı təzyiq üsulları qaldı?
Siyasi şərhçi Qulamhüseyn Əlibəyli Musavat.com-a bildirdi ki, uzun müddət Ermənistan Rusiyanın Güney Qafqazda forpostu olub: “Rusiya Ermənistanda yalnız xarici siyasətin deyil, daxili siyasətin də əsas təsir mərkəzlərindən biri olub. Ermənistanın təhlükəsizlik sistemi, enerji sektoru, iri biznes qrupları, media resurslarının bir hissəsi və siyasi elitanın mühüm seqmenti Rusiya ilə sıx bağlı olub. Bu model Robert Köçəryan və Serj Sərkisyan dövründə xüsusilə güclənmişdi. Lakin 2018-ci ildə baş verən hakimiyyət dəyişikliyi bu sistemi ciddi şəkildə sarsıtdı. Paşinyan əvvəlki siyasi elitanın mühüm hissəsini hakimiyyətdən uzaqlaşdırdı, yeni idarəçilik komandası formalaşdırdı və dövlət institutlarında Rusiyaya yaxın hesab edilən bir çox təsir kanallarını zəiflətdi. Bu, Kremlin Ermənistanda uzun illər ərzində qurduğu siyasi dayaqlarını əhəmiyyətli dərəcədə zəiflətdi. Bu gün Ermənistan hakimiyyətinin Qərb meylli siyasəti Rusiyanın və ölkə daxilindəki revanşist qüvvələrin ciddi müqaviməti ilə üzləşir. Parlament seçkiləri yolu ilə hakimiyyət dəyişikliyinə nail ola bilməyən Rusiya Ermənistanda daxili siyasətə təsir vasitələrinin əhəmiyyətli hissəsini itirsə də, hələ də müəyyən imkanlarını saxlayır. Bu imkanlar ilk növbədə iqtisadi təsir mexanizmləri ilə bağlıdır. Belə ki, Ermənistan iqtisadiyyatı, xüsusən də enerji sistemi, xarici ticarətinin mühüm hissəsi, əmək miqrasiyası və maliyyə axınları hələ də əhəmiyyətli dərəcədə Rusiya ilə bağlıdır və Rusiya bu sahələrdə təzyiq mexanizmlərini işə sala bilər. Ermənistanın kənd təsərrüfatı məhsullarının Rusiya bazarlarına daxil olmasına qadağa qoyulması bu mexanizmlərdən biridir və Ermənistan fermerlərinin hakimiyyətdən narazılığını gücləndirib. Lakin belə addımların siyasi nəticəsi əvvəlcədən proqnozlaşdırıldığı kimi olmaya da bilər. Xarici təzyiq çox vaxt cəmiyyəti hökumətin ətrafında birləşdirən amilə də çevrilə bilər”.
Müsahibimizin sözlərinə görə, ikinci istiqamət daxili siyasi qüvvələrdir: “Ermənistanın müxalif qüvvələrinin əhəmiyyətli hissəsi Rusiya ilə müəyyən dərəcədə bağlıdır, Rusiyapərəst mövqe tutan siyasi partiyalar, ictimai təşkilatlar və nüfuzlu siyasi fiqurlar mövcuddur. Ancaq onların son seçkilərdə geniş ictimai dəstək əldə edə bilməməsi göstərir ki, Kremlin ənənəvi tərəfdaşlarının sosial bazası əvvəlki illərlə müqayisədə xeyli məhdudlaşıb. Üçüncü istiqamət informasiya məkanıdır. Rusiya mediası və rusdilli informasiya resursları hələ də Ermənistan cəmiyyətinin müəyyən hissəsinə təsir göstərir. Lakin son illərdə qərbyönlü media platformalarının və sosial şəbəkələrin təsiri artdığından informasiya üstünlüyü artıq birtərəfli deyil. Bu istiqamətdə maraqlı məsələlərdən biri də artıq tarixə qovuşmuş Qarabağ probleminin vaxtaşırı yenidən qabardılmasıdır. Qarabağ məsələsi hələ də Ermənistan cəmiyyətinin müəyyən bir kəsimində həssas mövzu olaraq qalır və Rusiya rəsmiləri tərəfindən müntəzəm olaraq siyasi təsir vasitəsi kimi istifadə olunur. Dördüncü istiqamət təhlükəsizlik faktorudur. Ermənistan ordusunun maddi-texniki təminatı və silah sistemlərinin əhəmiyyətli hissəsi hələ də Rusiya istehsalıdır. Bununla belə, son illərdə ABŞ, Fransa, Hindistan və digər tərəfdaşlarla hərbi əməkdaşlığı genişləndirməsi bu asılılığı mərhələli şəkildə azaltmaq niyyətindən xəbər verir. Ermənistanda Rusiyanın hərbi bazasının yerləşməsi, sərhədlərin bir hissəsinin rus hərbçiləri tərəfindən qorunması da təsir mexanizmlərindən biri hesab oluna bilər. Bütün bu təsir mexanizmlərinə baxmayaraq, Paşinyan hakimiyyətinin də müəyyən üstünlükləri var. Ən mühüm üstünlük Paşinyan hakimiyyətinin daxili legitimliyidir. Rusiyanın və rusyönümlü müxalifətin bütün cəhdlərinə baxmayaraq baxmayaraq, Paşinyan son illərdə keçirilmiş parlament seçkilərində hakimiyyət mandatını seçki yolu ilə yenidən təsdiqləyə bilib. Bu, onun siyasi legitimliyini əvvəlki hakimiyyətlərdən fərqləndirən əsas xüsusiyyətdir. Beynəlxalq ictimaiyyət və xarici dövlətlər üçün seçki yolu ilə legitimlik qazanmış hökuməti zəiflətmək, cəmiyyətin geniş dəstəyini itirmiş hakimiyyətdən daha çətindir.

Bütün bunlar göstərir ki, Kreml üçün əsas məqsəd mütləq Paşinyanı hakimiyyətdən uzaqlaşdırmaq olmaya da bilər. Lakin onun manevr və qərar qəbul etmək imkanlarını ciddi şəkildə məhdudlaşdırmaq istiqaməti Kremlin daha real strategiyası kimi görünür. Lakin burada Kremlin də nəzərə almalı olduğu mühüm bir məqam var. Əgər Rusiyanın təzyiqləri Ermənistan cəmiyyətində “xarici müdaxilə” kimi qəbul edilərsə, bu, gözlənilən nəticənin əksinə olaraq, Paşinyanın mövqeyini gücləndirə bilər. Təcrübə göstərir ki, xarici təzyiq çox vaxt daxili siyasi həmrəyliyi artırır. Müasir İran cəmiyyətini buna nümunə kimi göstərmək olar. Bu baxımdan Rusiyanın Paşinyan hakimiyyətini zəiflətməyə hesablanmış hər bir addımı sonuncunun siyasi legitimliyini daha da gücləndirmək riski daşıyır”.

Cavanşir Abbaslı
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Iyul 2026

BÜTÜN XƏBƏRLƏR