Onlayn ictimai-siyasi qəzet
Məlum olduğu kimi, Azərbaycanın dağ-mədən və metallurgiya sənayesində qarşıdakı illər üçün yeni inkişaf mərhələsinin əsas istiqamətləri müəyyənləşdirilir. Dövlət Proqramı çərçivəsində yalnız yeni yataqların istismara cəlb edilməsi və hasilatın artırılması deyil, mineral ehtiyatların daha yüksək əlavə dəyər yaradan məhsullara çevrilməsi, ölkə daxilində emal zəncirinin formalaşdırılması və qeyri-neft sektorunun ixrac imkanlarının genişləndirilməsi hədəflənir.
Qeyd olunur ki, 2027-2030-cu illəri əhatə edən proqram üzrə 5,3 milyard manat investisiyanın nəzərdə tutulması, sektorun ÜDM-ə və ixraca töhfəsinin əhəmiyyətli dərəcədə artırılması qarşıya kifayət qədər iddialı hədəflər qoyur.
Bəs bu investisiyaların nə dərəcədə səmərəli istifadəsi və yaradılacaq istehsal zəncirinin ölkə iqtisadiyyatına real töhfəsi necə təmin olunacaq? Xammal ixracından emal olunmuş, yüksək əlavə dəyərli məhsulların ixracına keçid istiqamətində hansı mexanizmlər əsas rol oynayacaq?
Mövzu ilə bağlı iqtisadçı Eldəniz Əmirov Musavat.com-a danışıb.

İqtisadçı bildirib ki, 2027-2030-cu illəri əhatə edən Dövlət Proqramının əsas mahiyyəti yeni yataqların istismara verilməsi və hasilatın artırılması ilə məhdudlaşmır. Onun sözlərinə görə, əsas məqsəd Azərbaycanın mineral ehtiyatlarını yeni qeyri-neft gəlir mənbəyinə çevirmək, xammal ixracından daha yüksək əlavə dəyər yaradan istehsala keçidi təmin etməkdir:
"Buna görə də 4 il ərzində sektora 5,3 milyard manat investisiya nəzərdə tutulur. Bunun təxminən 80 faizi qeyri-büdcə mənbələri hesabına formalaşmalıdır. 2030-cu ilədək sektorun ÜDM-ə töhfəsinin 700 milyon manatdan 1,8 milyard manata, illik ixrac potensialının isə 1,3 milyard manatdan 3,4 milyard manata çatdırılması hədəflənir. Əsas dəyişiklik rəqəmlərdən daha çox istehsal modelində olacaq. Filizi çıxarıb satmaq əvəzinə hasilat, zənginləşdirmə və mümkün olan sahələrdə emaldan son məhsula qədər ölkə daxilində dəyər zəncirinin qurulması nəzərdə tutulur. Daşkəsəndə filiz hasilatı ilə yanaşı zənginləşdirmə, pelet və isti briketləşdirilmiş dəmir istehsalının yaradılması bunun konkret nümunəsidir".
İqtisadçı vurğulayıb ki, digər böyük layihə Filizçay yatağıdır:
"Burada 34 illik istismar dövründə 363 min ton mis, 2,7 milyon ton sink və 1 milyon ton qurğuşun resursunun hasilata cəlb edilməsi planlaşdırılır. Layihə üzrə təxminən 1 milyard manat investisiya tələb olunur. Burada da əsas iqtisadi imkan təkcə hasilat deyil, həmin resursların mümkün qədər ölkə daxilində emal edilərək daha yüksək dəyərli məhsula çevrilməsidir. Kəlbəcər, Ağdərə və Zəngilanda məlum yataqlarla yanaşı, müasir üsullarla yeni geoloji kəşfiyyatın aparılması nəzərdə tutulur. Bu səbəbdən həmin ərazilərin real mineral potensialının hazırda məlum olan ehtiyatlardan daha böyük olması mümkündür. Bunu qarşıdakı geoloji tədqiqatlar daha dəqiq göstərəcək".
Eldəniz Əmirov hesab edir ki, qarşıdakı mərhələdə əsas məsələlərdən biri 5,3 milyard manatlıq investisiyanın ölkə daxilində qalma səviyyəsini ölçmək olmalıdır:
"Yəni bu vəsaitin nə qədəri xaricdən alınan avadanlıq və xidmətlərə yönələcək, nə qədəri isə yerli şirkətlərin gəlirinə çevriləcək? Böyük investisiyanın iqtisadi effektini qiymətləndirərkən bu göstərici də vacibdir. Eyni yanaşma ixraca da tətbiq edilə bilər. 3,4 milyard manatlıq ixracın strukturuna baxmaq lazımdır. Bunun nə qədəri xammal, nə qədəri yarımfabrikat, nə qədəri isə daha yüksək emal səviyyəli məhsul olacaq? Düşünürəm ki, gələcəkdə sektorun uğurunu yalnız ixracın məbləği ilə deyil, ixrac edilən məhsulun yaratdığı əlavə dəyərlə də ölçmək lazımdır. Digər məsələ mineral ehtiyatların tükənən sərvət olmasıdır. Bu sahədən əldə ediləcək əlavə gəlirlərin müəyyən hissəsinin gələcəkdə gəlir yaradacaq yeni istehsala, texnologiyalara və insan kapitalına yönəldilməsi uzunmüddətli baxımdan vacibdir".
Xalidə Gəray
Musavat.com
27 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ