İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakının nüvə müttəfiqindən Tehrana sərt İSMARIŞ

Xəbər verildiyi kimi, Pakistan Silahlı Qüvvələrinin komandanı, marşal Asim Munir Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman ilə görüşündə İslamabadın Riyad qarşısındakı hərbi öhdəliklərini bir daha təsdiqləyib.

Munir bildirib ki, Pakistan və Səudiyyə Ərəbistanı arasında ötən il imzalanmış Strateji Qarşılıqlı Müdafiə Müqaviləsi (SMDA) çərçivəsində krallığın təhlükəsizliyi Pakistanın öz təhlükəsizliyi kimi qəbul edilir. Ordu komandanı bu xüsusda xəbərdarlıq edib ki, əgər İran krallığa qarşı növbəti bir hücum həyata keçirərsə, Pakistan buna hərbi yolla cavab verəcək və İran ərazisinə zərbələr endirəcək. Görüşdə İranın son günlər Səudiyyə Ərəbistanındakı ABŞ hərbi bazalarına və neft obyektlərinə (Aramco) endirdiyi raket və dron zərbələri müzakirə olunub. Pakistan tərəfi İranı “ehtiyatsız addımlardan” çəkinməyə və müdafiə paktının şərtlərini nəzərə almağa çağırıb.

Qeyd edək ki, az öncə Pakistan, Türkiyə və Səudiyyə Ərəbistan arasında üçlü hərbi ittifaq haqda sənəd imzalanıb. Dost ölkənin İrana qarşı savaşa qoşulması mümkünmü və o halda müharibənin gedişi necə dəyişə bilər? Tehran İslamabadın xəbərdarlığından nəticə çıxaracaqmı?

Pakistan və Səudiyyə Ərəbistanı qarşılıqlı müdafiə sazişi imzalayıb |  İqtisadiyyat.az

Hərbi ekspert Ramil Məmmədlinin Musavat.com-a dediyinə görə, Pakistan İranla da əlaqələri yaxşı səviyyədə saxlamağa çalışır.

Onun fikrincə, İran Səudiyyə Ərəbistanını deyil, bu ölkədəki ABŞ bazalarını hədəf alır:

"Amma sözsüz ki, bəzi hallarda enerji sektoruna zərər dəyir. İran prezidenti Pezeşkian isə söz verdi ki, qonşu ölkələrə daha hücum olmayacaq, əgər onlar da öz ərazisindən zərbə endirməyə şərait yaratmasalar. Yəni qarşılıqlı tələblər var. Pakistan isə gözləmə mövqeyindədir və onsuz da gah Hindistan, gah Əfqanıstanla eskalasiya yaşamış dövlət İranla burun-buruna gəlmək istəməz. Bundan başqa, hazırda ABŞ və İsrail İrana havadan zərbələr endirir, belə şəraitdə Səudiyyəyə olan bir-iki zərbəyə görə Pakistan müharibəyə girməz".

Hərbi ekspertin qənaətinə görə, regionda gərginlik hökm sürür və bu vəziyyətdə başqa dövlətlərin münaqişəyə qoşulması odun üzərinə nöyüt tökmək olar:

"Pakistan və bütün region dövlətləri İrana hücumların dayanmasında maraqlı olmalıdır, nəinki müharibənin genişlənməsində. Pakistan isə Səudiyyə Ərəbistanına hərbi təcavüz olarsa, müdaxilə edə bilər. Onsuz da belə bir nəzəri hücum Pakistandan əvvəl Səudiyyənin əsas müttəfiqi ABŞ-nin ilk növbədə müdaxiləsinə səbəb olacaq. Yəni pakistanlı admiralın xəbərdarlığı və ümumiyyətlə, ayrı-ayrı ölkələrin reaksiyaları çəkindirmə xarakteri daşıyır".

Emil Salamoğlu
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR