Onlayn ictimai-siyasi qəzet
Rusiya-Ukrayna müharibəsinin davam etdiyi, regionda geosiyasi proseslərin yeni istiqamətlər aldığı bir vaxtda Azərbaycanın xarici siyasətində növbəti mühüm diplomatik gediş diqqət çəkir. Xarici işlər naziri Ceyhun Bayramovun əvvəl Rusiyaya, ardınca isə Ukraynaya səfəri Bakının hər iki ölkə ilə münasibətlərini qoruyaraq öz milli maraqları çərçivəsində müstəqil və balanslı diplomatik xətt yürütməsinin növbəti göstəricisi kimi qiymətləndirilir.
Mövzu ilə bağlı Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Hikmət Babaoğlu Musavat.com-a danışıb:
"Azərbaycan beynəlxalq münasibətlər sisteminin mühüm aktorlarından biri kimi daim beynəlxalq hüququ, ədaləti və sülhü üstün tutub. Amma bu, sadəcə nəzəri platformada qiymətləndiriləcək hadisə deyil. Azərbaycan həm də sülh naminə müharibə apararaq sülhü əldə edib. Ukrayna hazırda Azərbaycanın 90-cı illərin əvvəllərində yaşadığını yaşayır. Ukraynanın ərazisi qonşu ölkə tərəfindən işğal edilib. Azərbaycanın da ərazisi Ermənistan tərəfindən işğal edilmişdi. Azərbaycan uzun illərdən sonra ərazi bütövlüyünü bərpa edib, işğalla barışmayıb və Prezident İlham Əliyev Ukraynaya həm də bunu tövsiyə edib ki, işğalla heç vaxt barışmayın. Yəni qələbənin yolunun nə qədər mürəkkəb, nə qədər çətin, amma nə qədər də mümkün olduğunu Azərbaycan öz təcrübəsində sübut edib. Ukraynanın da belə bir təcrübəyə ehtiyacı var".

Millət vəkili qeyd edib ki, Azərbaycanın beynəlxalq hüquqa və ədalətə əsaslanan mövqeyi Ukrayna tərəfindən yüksək qiymətləndirilir:
"Buna görə də Azərbaycanın ədalətli, beynəlxalq hüquqa əsaslanan mövqeyi həm Ukrayna tərəfindən yüksək qiymətləndirilir, həm də digər başqa ölkələr bu mövqe qarşısında əks-arqument qoya bilmirlər. Çünki bu mövqe ədalətlidir və beynəlxalq hüquqa əsaslanır".
Hikmət Babaoğlu Azərbaycanın həm Rusiya, həm də Ukrayna ilə yaxşı münasibətlərinin olmasını da mühüm amil kimi dəyərləndirib:
"Azərbaycanın Rusiya ilə də, Ukrayna ilə də yaxşı münasibətləri var və bu münasibətlər, əlbəttə ki, Ukrayna müharibəsinin sülhlə bitməsi üçün Azərbaycan təcrübəsinin də üstünə gələrək mümkün potensial formalaşdırır. Amma bu, məsələlərin hamısı deyil. Ukrayna xalqı ilə Azərbaycan xalqının tarixdən bəri gələn ortaq dəyərləri, ortaq etnik kökləri var. Mən düşünürəm ki, bu mühüm faktorlar həm də Ukrayna və Azərbaycan üçün ortaq, birgə gələcək vəd edir. Çünki Ukrayna çox böyük ölkədir və Şərqi Avropanın vaxtilə ən inkişaf etmiş ölkələrindən biri olub – hərbi sənayedə, kənd təsərrüfatında, aqrar sənayedə. Hazırda isə bunlar dağılıb. Əlbəttə, müharibə gec-tez bitəcək və Ukraynada yenidənqurma mərhələsi başlayacaq ki, Azərbaycan burada da yaxından iştirak edəcək. Çünki Azərbaycan dağıdılmış torpaqları necə bərpa etmək təcrübəsinə də malikdir. Buna görə də mən düşünürəm ki, Azərbaycan məhz sülh üçün çalışdığı üçün hər iki tərəfin təqdirini qazanır. Bu, nəticə etibarilə doğrudan da sülhə kömək edəcək".

H.Babaoğlu Azərbaycanın son diplomatik addımlarının da diqqətlə izlənilməli olduğunu bildirib. O, xüsusilə xarici işlər naziri Ceyhun Bayramovun səfər trayektoriyasına diqqət çəkərək, son hadisələr arasında müəyyən məntiqi əlaqənin olduğunu qeyd edib:
"Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun səfər trayektoriyasına diqqət çəksək, burada müəyyən elementlər görəcəyik. Çünki Şuşada Azərbaycan Prezidentinin media nümayəndələri ilə görüşündən sonra verdiyi mesajlar və orada Rusiya-Ukrayna müharibəsi ilə bağlı sual verilərkən "Əgər məndən soruşularsa, mən öz mövqeyimi bildirərəm" deməsi, bundan sonra Rusiya lideri Vladimir Putinin Azərbaycan Prezidentinə zəng etməsi və nəhayət, xarici işlər naziri Ceyhun Bayramovun Rusiyaya və Ukraynaya səfəri. Əlbəttə, bunların arasında hipotetik olaraq məntiqi əlaqə qurmaq olar və düşünürəm ki, bu, regional sülh üçün hətta real fürsətə çevrilə bilər".
Xalidə Gəray
Musavat.com
18 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ