İnsanlara hürriyət, millətlərə istiqlal!

Bir medalın iki üzü - adamı təbrik edir və danlayırlar

Yenə sosial şəbəkələrimizə toz-dumandır: medal şəkli paylaşanlara qarşı söz-söhbət, kinayə, lağlağı, ikrahamiz replikalar var.

Hiss olunur ki, jurnalistlərin “150 illik yubiley” medalı ilə təltif olunmasını ürəyinə salanlar var. Təltif olunmayanlar bir tərəfdən, təltif olunanların çox olmasına ağız büzənlər də o tərəfdən, təltifin özünü heç-puç edirlər.

Əslində isə adı üstündədir: “Milli mətbuatın 150 illik yubileyi”. Bu baxımdan bu gün milli jurnalistikada fəaliyyəti olan hər kəsə təltif düşür. Hamısı bu sektorda işləyir, ona görə. Görünür, təltif olunanlar bu səbəbdən çoxdur. Bir növ iş vəsiqəsi kimi.

Belə baxanda, əslində bu gün jurnalist işləməyin özü də qəhrəmanlıq, hətta fədakarlıqdır. Cəfakeşlik, əzabkeşlik də öz yerində. İnanmayan və qabiliyyəti çatan gəlsin, yarımca il jurnalist işləsin, görək.

Amma hər dəfə bu cür təltifetmə prosedurlarından sonra “vicdanlı jurnalistlər”, “haqqı çatanlar”, “layiq olmayanlar”, “jurnalistikadan xəbərsizlər”, “medal üçün əldən gedənlər”, “medala satılanlar” söhbətinin Florida tornadosu kimi ortalığı bürüməsi, açığı, ləzzət eləmir, hətta iyrənc görünür. Başqa dərd-sər yoxdurmu? İctimai müzakirə predmetləri olacaq mövzular tükənibmi?

Məncə, medallarını bol-bol paylaşan həmkarlarımız da düz eləmirlər, cinə dəmir göstərirlər. Qızıl suyuna çəkilmiş medalların da nəsə bir cazibəsi var, dərhal həsəd, qibtə, ikrah doğurur. Gərək təvazökar olaq, təltiflərimizi, medallarımızı çox da gözə soxmayaq. Nəzərə alaq ki, alan var, almayan var. Elə etsək, qulağımız dinc olar.

Yoxsa biz nə edirik? Biz Mayakovski kimi pasportumuzu göyə qaldırıb, gözə soxuruq və deyirik: “Alın a, yana-yana qalın a, mən sovet vətəndaşıyam”.

Bu şeiri bizə orta məktəbdə keçirdilər, fərqinə varmadan əzbərləyirdik, dərsdə pafosla deyib, 5 alırdıq.

Amma bu gündən baxanda adam o dövrdəki görməmişliyə, xüsusilə də şair Mayakovskinin hərəkətinə mat qalır. İndi olsa, adama deyərlər, nə olub, alə, nə olsun ki, sovet vətəndaşısan, hələ bir baxaq, görək, o pasportla neçə ölkəyə vizasız gedə bilirsən.

Doğrudan da, bu saat öz milli pasportu ilə yalnız İsveçrə, Kanada, Norveç, ABŞ, Niderland kimi ölkələr öyünə bilərlər, hər yana vizasız uça bilirlər. Cibuti vətəndaşı “Alın a, yana-yana qalın a” desə, ona gülərlər.

Xüləs, bu başqa söhbətdir. Əsas odur ki, gərək biz medalımızı “Mayakovskinin pasportu”na döndərməyək. Çünki bundan çox adamda var. Olmayanlara toxunur, pislərinə gəlir.

Etiraf edim ki, biz uşaq vaxtı medal həvəskarıydıq. Hərbi xidmətdən qayıdan əmi-dayıların, ərkimiz ötən qohumların yanını kəsdirir, özləri ilə gətirdikləri döş nişanlarını, furajkalarını, kəmərlərini alırdıq. Düzdür, bunları cəmi bir gün sinəmizə taxıb gəzir, təşərlənirdik, amma sonra çıxarıb bir kənara atır, heç vaxt istifadə etmirdik. Beləcə, “3-cü dərəcəli qaçış ustası” döş nişanı hansısa siyirmədə göyərə-göyərə qalırdı.

Bir də kəndimizdə çoxlu müharibə veteranları və onların çoxlu medalları vardı, pencəklərinin sinəsini tam tuturdu. Onlardan medal istəmək mümkün deyildi. Verməzdilər. Dirəşsək, deyərdilər, “biz bunları qanımız bahasına almışıq”. Hər il onlara yeni medallar verirdilər. Veteranlar da ildə bir dəfə medallarını taxır, rayon mərkəzində keçirilən hərbi parada gedir, daha bir medl alıb qayıdırdılar. Sovet hökuməti onların müharibədəki əziyyətini, əməyini bu cür qiymətləndirirdi, təqaüdlərini yox, medallarının sayını artırırdı. İnşallah, biz də yaşlaşanda medallarımızı ildə bir dəfə taxıb hansısa tədbirlərə gedəcəyik.

Adama verilən medalın metalının qiyməti dəyərli olmaya bilər, amma bu sayğının, diqqətin göstəricisidir, ona görə də qiymətlidir. Atalar da deyib ki, “dost adımı ansın, istər çürük qoz ilə”. Son verilən medalların materialını şəxsən yoxlamışam, sağlam metaldandır, qızıl rəngindədir.

Arzu edən hər kəsə qismət olsun. Burada həmin medalın hər iki üzünün də şəklini verirəm. Bu cürdür.

medal.JPG (99 KB)

 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Iyun 2026

03 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR