İnsanlara hürriyət, millətlərə istiqlal!

BMT Forumu yeni formatda: liderlərin iştirakı, Azərbaycan öz konsepsiyası ilə gündəmdə

“Bu ilin may ayında Azərbaycanda keçiriləcək BMT-nin Ümumdünya Şəhərsalma Forumuna hazırlıq prosesi həm təşkilati, həm də məzmun baxımından davam etdirilir”.



Bunu AZƏRTAC-a açıqlamasında Azərbaycanın xarici işlər nazirinin müavini Yalçın Rəfiyev deyib.
Nazir müavini bildirib ki, sözügedən forum ilk dəfə olaraq Liderlər Sammiti formatında keçiriləcək və bu da tədbirin səviyyəsinin daha yüksək olmasını şərtləndirir. Y.Rəfiyev qeyd edib ki, Azərbaycan bu platforma vasitəsilə həm öz milli şəhərsalma təcrübəsini, xüsusilə də azad edilmiş ərazilərdə tətbiq olunan innovativ urbanizasiya modellərini beynəlxalq ictimaiyyətə təqdim etməyi, həm də müasir memarlıq və şəhərsalma məsələləri ətrafında qlobal müzakirə mühiti yaratmağı hədəfləyir.

Milli Məclisin deputatı Tural Gəncəliyev Musavat.com-a açıqlamasında qeyd edib ki, BMT-nin Ümumdünya Şəhərsalma Forumunun ilk dəfə olaraq Liderlər Sammiti formatında keçirilməsinin ölkəmizin şəhərsalma və urbanizasiya gündəminə çox böyük töhfəsi var. Deputatın sözlərinə görə, Azərbaycan beynəlxalq şəhərsalma və urbanizasiya prosesinin nümunəsini ortaya qoyub: “Xüsusilə, işğaldan azad edilmiş ərazilərdə qısa zamanda Ermənistan silahlı qüvvələrinin işğalı nəticəsində məhv edilmiş şəhərlərimizin, qəsəbələrimizin, kəndlərimizin yeni texnologiya, nou-hou, innovativ metodlarla bərpası bunu deməyə əsas verir. BMT-nin Ümumdünya Şəhərsalma Forumunda hər zaman beynəlxalq müasir şəhərsalma konsepsiyası məzmununda müzakirələr keçirilir, dünyada şəhərsalma və urbanizasiya prosesinin gələcək perspektivləri ətrafında fikir mübadiləsi aparılır. Ona görə də bu tədbirlərdə Azərbaycanın fəal iştirak etməsi, ev sahibliyi etməsi, eyni zamanda qonaqların Qarabağa, Şərqi Zəngəzura aparılması, işğaldan azad edilmiş ərazilərdə də tədbirlərin keçirilməsi həqiqətən önəmlidir çünki biz dünyaya münaqişədən sonra bərpa prosesinə yanaşma ilə bağlı örnək veririk”.

Deputat diqqətə çatdırıb ki, tarix boyu bəzi böyük müharibələr, münaqişələr böyük şəhərlərin yer üzündən silinməsi ilə nəticələnib: “İkinci Dünya müharibəsindən sonra Avropa paytaxtlarının əksəriyyəti məhv edilmişdi. Xüsusi qeyd etmək lazımdır ki, Azərbaycan Avropa paytaxtlarından fərqli olaraq, bərpa prosesini öz gücünə, öz resursları hesabına həyata keçirir. Azərbaycan həm maliyyə, həm planlı yanaşma baxımından konseptual yol xəritəsi qoyub. Beynəlxalq şəhərsalma özünəməxsusluğu ilə fərqlənir: həm tarixi memarlıq üslubu, həm yerli əlamətlər nəzərə alınmalıdır. Buna görə də Azərbaycanın üstünlüyü, təcrübəsi ona görə əhəmiyyətlidir ki, biz münaqişədən sonra yeni konsepsiya ortaya qoymuşuq, şəhərlərimizi, qəsəbələrimiz, kəndlərimizi yerli şərait, iqlim nəzərə alınmaqla bərpa edirik. Üstəlik, “ağıllı kənd”, “ağıllı şəhər” konsepsiyası tətbiq olunur ki, bu da dünya ictimaiyyəti, o cümlədən beynəlxalq tərəfdaşlarımız üçün xüsusi önəm kəsb edir, onlar Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdırlar”.

Deputat BMT-nin Ümumdünya Şəhərsalma Forumunda bu məsələlərin gündəmdə olacağından əminliyini vurğulayıb.

Nigar HƏSƏNLİ,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR