İnsanlara hürriyət, millətlərə istiqlal!

Diaspora uduzdu, xalq qazandı – Hulusi Kılıçdan seçkilərlə bağlı SENSASİON AÇIQLAMA

Ermənistanda keçirilən parlament seçkilərinin nəticələri regionda geniş müzakirələrə səbəb olub. Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı sabiq səfiri, İMZA İB Türkiyə nümayəndəsi, Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun İdarə Heyətinin üzvü Hulusi Kılıç seçkilərin yekunlarını dəyərləndirərək Nikol Paşinyanın hakimiyyətdə qalmasını erməni xalqının şüurlu seçimi kimi qiymətləndirib.

Musavat.com xəbər verir ki, təcrübəli diplomatın fikrincə, seçkilərin əsas qalibi hər hansı siyasi qüvvə deyil, məhz erməni xalqıdır.

Hulusi Kılıç bildirib ki, Ermənistan vətəndaşları səsvermədə ölkənin gələcəyi ilə bağlı seçim edərək baş nazir Nikol Paşinyanın siyasi kursuna dəstək veriblər:

“Seçkiləri erməni xalqı qazandı. Erməni xalqı doğru qərar verərək baş nazir Paşinyanın vəzifəsini davam etdirməsinə qərar verdi. Bu, ağıllı qərardır və mövcud reallığı əks etdirir”.

pYKwE3sdrWbwUEBlGDETiZLlRxrcGkQuRo4VJeBk_1200.jpg (66 KB)

Sabiq səfir hesab edir ki, Ermənistan uzun illər ərzində həm erməni diasporunun, həm də kilsənin təsiri altında yanlış istiqamətlərə yönləndirilib. Onun fikrincə, verilən vədlər ölkənin inkişafına deyil, əksinə, sosial və demoqrafik problemlərin dərinləşməsinə səbəb olub.

“Bu günə qədər həm kilsə, həm də diaspora erməni xalqını boş vədlərlə aldadaraq illərini əlindən aldı. Diaspor və kilsənin siyasəti erməni xalqını kasıblaşdırdı, eyni zamanda minlərlə gəncin ölkəni tərk etməsinə səbəb oldu. İş tapmaq ümidi ilə çox sayda erməni gənci Qərb ölkələrinə üz tutdu”, – deyə o vurğulayıb.

Hulusi Kılıç Ermənistanın müstəqillik qazandığı dövrlə bağlı statistik müqayisə də aparıb:

“1991-ci ildə Ermənistan müstəqilliyini əldə edəndə əhalisi təxminən 3,5 milyon nəfər idi. Normal inkişaf şəraitində bu gün həmin rəqəm daha yüksək olmalı idi. Lakin yanlış siyasətlər nəticəsində ölkə həm əhali itkisi yaşadı, həm də iqtisadi baxımdan zəiflədi”.

Türkiyəli diplomat hesab edir ki, seçkilərin nəticəsi regionda yeni siyasi mərhələnin başlanğıcı ola bilər. Onun fikrincə, qarşıdakı dövrdə Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanması üçün imkanlar daha da genişlənəcək.

“Ermənistan Konstitusiyasında aparılacaq dəyişikliklərdən sonra Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalanacaq. Eyni zamanda Türkiyə ilə Ermənistan münasibətlərinin normallaşması istiqamətində də mühüm addımlar atılacaq”, – deyə Kılıç bildirib.

Onun sözlərinə görə, Cənubi Qafqazda yeni reallıq formalaşır və bu reallığın əsas xüsusiyyəti qarşılıqlı əməkdaşlıq və qonşuluq münasibətlərinin güclənməsidir:

“Artıq regionda qonşuları ilə normal münasibətlər quran yeni Ermənistan gerçəkliyi ilə qarşılaşacağıq. Bundan ən çox qazanan erməni xalqı olacaq. İnsanlar daha rahat, daha sərbəst və daha açıq mühitdə yaşamaq imkanına sahib olacaqlar”.

Kmde63pSoMQC69dQInVFscoMQaDMvPbnUaiJYRKU_1200.jpg (134 KB)

Sabiq səfir xalqlar arasında düşmənçiliyin siyasi qərarların nəticəsi olduğunu bildirib:

“Biz həmişə demişik ki, xalqlar düşmən olmur. Siyasətçilərin səhvləri və yanlış qərarları xalqları bir-birindən uzaqlaşdırır. Ermənistan xalqı bu seçkilərdə öz gələcəyinə dair qərar verdi”.

Hulusi Kılıç Türkiyə və Azərbaycanın Ermənistanla münasibətləri inkişaf etdirmək niyyətində olduğunu da vurğulayıb. Onun fikrincə, bu prosesin qarşısında qalan əsas məsələlərdən biri Ermənistan Konstitusiyasında qonşu ölkələri narahat edən müddəaların aradan qaldırılmasıdır:

“Əgər bir ölkənin konstitusiyasında qonşusunu narahat edən maddələr varsa, bu, gələcək üçün sağlam əsas yaratmaz. Mən inanıram ki, Ermənistan bu istiqamətdə lazımi addımları atacaq və müvafiq dəyişiklikləri həyata keçirəcək”.

Diplomat çıxışının sonunda Türkiyənin bölgədə sülh və əməkdaşlıq siyasətini dəstəklədiyini bildirib:

“Biz hər zaman sülhün və qarşılıqlı anlaşmanın tərəfdarı olmuşuq. Azərbaycan türkləri də, Türkiyə türkləri də uzun illər erməni xalqı ilə birlikdə yaşayıb. Bundan sonra da yaşaya bilər. Artıq diaspora və bəzi xarici dairələr region xalqlarının daxili işlərinə müdaxilə etməməlidir. Mən inanıram ki, erməni xalqı bundan sonra daha aydınlıq və sabitlik içində gələcəyə doğru addımlayacaq”.

E02YFs62gFFkjLqPC3fqqEf3hFuZtyKoRelAHNTX_1200.jpg (193 KB)

Hulusi Kılıçın bu qiymətləndirmələri Ermənistan seçkilərinin yalnız daxili siyasi proses deyil, həm də Cənubi Qafqazın gələcək geosiyasi düzəninə təsir göstərə biləcək hadisə kimi qəbul edildiyini göstərir. Diplomata görə, seçkilərin nəticəsi regionda sülh, əməkdaşlıq və inteqrasiya imkanlarını genişləndirən yeni mərhələnin başlanğıcı ola bilər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR