Onlayn ictimai-siyasi qəzet
Peruda polis əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxsin saxlanılması üçün qeyri-adi üsula əl atıblar.
Musavat.com xarici mətbuata istinadən bildirir ki, hadisə paytaxt Lima şəhərində baş verib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları şübhəlinin diqqətini cəlb etmədən ona yaxınlaşmaq üçün Dünya Kubokunun maskotları qiyafəsinə giriblər.
Məlumata görə, əməliyyatda iştirak edən iki polis əməkdaşı "Clutch" və "Maple" maskotlarının kostyumlarını geyinərək şübhəlinin yaşadığı əraziyə daxil olub. Daha sonra narkotik maddələrin satışı ilə məşğul olduğu iddia edilən şəxs saxlanılıb.
Bildirilir ki, əməliyyat Meksika və Cənubi Afrika komandaları arasında keçirilən Dünya Kubokunun açılış oyunu zamanı həyata keçirilib. Əməliyyatın təfərrüatları barədə danışan polis rəsmisi bildirib ki, əvvəlcədən aparılan tədbirlər nəticəsində şübhəlinin futbol azarkeşi olduğu müəyyən edilib.
"Əldə etdiyimiz məlumatlara görə, o, Dünya Kuboku həyəcanını yaxından yaşayırdı. Buna görə də diqqət çəkmədən ona yaxınlaşmaq və saxlanılmasını təmin etmək üçün əməkdaşlarımız maskot qiyafəsindən istifadə etdilər", - deyə rəsmi qeyd edib.
Qeyri-adi əməliyyat sosial şəbəkələrdə də geniş maraq doğurub. İstifadəçilər polisin yaradıcılıq nümayiş etdirdiyini bildirərək əməliyyatı maraqlı və uğurlu addım kimi qiymətləndiriblər.
Şahanə Rəhimli
Musavat.com
19 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ