İnsanlara hürriyət, millətlərə istiqlal!

Dünyada ABŞ-yə rəğbət çoxdur, yoxsa Rusiyaya? – Sorğu göstərir ki...

Bu günlərdə Almaniyanın “Latana” marketinq şirkəti ilə Danimarka Demokratiya Alyansı Fondunun birgə keçirdiyi sorğunun maraqlı nəticələri açıqlanıb.

Sorğunun ümumi rezümesi bundan ibarətdir ki, ABŞ-ın dünyada populyarlığı azalır, lakin Rusiya Federasiyasına münasibət nisbətən yaxşılaşır.

İddianın birinci bəndi ilə razılaşmaq olar. Gerçəkdən də son illərdə ABŞ administrasiyasının yeritdiyi siyasət onun dünya ölkələrindəki nüfuzuna mənfi təsir göstərib.

Bu dövlət Əfqanıstana girəndə qınandığından çox, Əfqanıstanın tərk edərək milyonlarla insanı “Taliban” rejiminin zülmü ilə üz-üzə buraxıb çıxdığına görə qınandı.

Qəzza sektorunda baş verənlərlə bağlı tənqid dalğası İsraillə yanaşı, ABŞ-ı da vurdu.

Ümumiyyətlə, dünyanın elə bir nöqtəsi yoxdur ki, ABŞ oradakı işlərə qarışmasın və öz mənafeyinə uyğun, basqıçı mövqe tutmasın. Bu isə heç yerdə rəğbətə səbəb olmur.

Ona görə də respondentlərin yalnız 22%-nin ABŞ haqqında müsbət fikirdə olduğu barədə mülahizə doğru görünür. Araşdırmada bildirilir ki, 2023-cü ildə bu rəqəm 27% təşkil edib. Vaşinqtonun dəstəyi il ərzində ən çox Yaxın Şərq və Şimali Afrika ölkələrində, eləcə də Avropada azalıb.

Buraya qədər sorğunun obyektivliyi şübhə doğurmur. Ancaq necə olur ki, ABŞ-dən daha artıq dərəcədə mürtəce siyasət yeridən, Avropanın ortasında yüz minlərlə gənc insanın həyatına son qoyan müharibə başlatmış Rusiyaya rəğbət artıb?

Belə bir şey mümkündürmü? Bu, o Rusiyadır ki, onun hərbi aqressiyasının qorxusundan İsveç və Finlandiya 75 il boyunca NATO-ya yaxın durmadıqlar halda 1-2 ilin içində vur-həşirlə, təlaşa qapılmış halda Şimali Atlantika Alyansına üzv oldular. Hətta bu ölkələrin bloka üzvlüyünü təsdiq etməyən ölkələrə ABŞ və digər ölkələr gah minnətçi düşür, gah da təzyiq edirdilər.

Hazırda bütün Avropa ölkələri Rusiyaya münasibətdə əl aparıb qan gətirir. Yalnız Serbiya və Macarıstan kimi ölkələrin rəhbərləri Moskva ilə müəyyən anlaşma içindədirlər və çalışırlar ki, Qərbin ona qarşı sanksiiyalarına ya qoşulmasınlar, ya da birtəhər yola versinlər.

Bir iş var ki, sorğunun nəticələrinə görə Rusiyaya müsbət münasibət bəsləyən respondentlərin payı Asiya (15%) və Yaxın Şərq regionunda (16%) artıb. Suriya məlum məsələdir, illərdir ki, kürəyini Rusiyaya söykəyib. Fələstin məsələsində də Rusiya ərəb xalqının yanına oldu. Ünuniyyətlə, Rusiya ABŞ-yə münasibətin kəskinləşdiyi hər yerə nüfuz edərək, vəziyyətə nəzarəti öz əlinə keçirməyə çalışır.

Ancaq dünya təkcə Avropadan və Yaxın Şərqdən ibarət deyil. Rusiyadan uzaqda yerləşən ölkələrdə bu dövlətin hərbi təcavüzü, xüsusilə də cəbhədə uğursuzluğa düçar olan kimi “nüvə silahının tətbiqi” ilə bağlı açıqlamalar verməsi, eyhamlar etməsi birmənalı olaraq qınanılır. İnsanlar qorxur ki, bu ölkə nüvə müharibəsi başlada bilər və bu, Yer üzündə həyatın sonu olar.

Regionumuza gəlincə, ölkəmizdə Rusiyaya münasibət sabit olaraq ikilidir. Bu dövlətin yaxın və qüdrətli qonşu olduğunu nəzərə alaraq onunla dost münasibətlərdə olmağı üstün sayanlarla yanaşı, qonşularını hələ də öz müstəmləkəsi sayan, neoimperiya ambisiyasından vaz keçməyən, keçmişdə ölkəmizə qarşı pisliklər edən şər-şəbədə yuvasından uzaq olmağı lazım bilənlər də var.

Gürcüstan desək, bu ölkədə kiçik bir qrup istisna olmaqla Rusiyaya münasibət mənfi səciyyəlidir. Gürcülər 08.08.08 müharibəsini və rus tanklarının Tiflisin 50 kilometrliyinə qədər irəliləməsini unutmayıblar, Moskvanın Cənubi Osetiyanı və Abxaziyanı Gürcüstandan zorla qoparmasını bağışlamayıblar.

Ermənistan və Rusiyanın son 4 ildəki münasibətlərinin necə dəyişdiyi, dostluq-müttəfiqlik büsatının düşmənçiliyə necə çevrildiyi hər kəsin gözü önündə olub. Proses davam edir.

Moldovada Rusiyaya münasibət günbgün pisləşməkdədir. Burada yalnız Qaqauz Yeri muxtariyyatı istisnadır. Yerli türklər din qardaşları Rusiyaya daha çox güvənir, rəğbət bəsləyirlər.

Martın ayının 22-də başlayaraq (“Krokus” teraktından sonra) Rusiyada Orta Asiya ölkələrindən çıxanlara qarşı münasibətin pisləşməsi avtomatik olaraq onların da Rusiyaya münasibətinin pisləşməsinə səbəb olub. Bu tendensiyanın hansı istiqamətdə gedəcəyi yaxın aylarda bəlli olacaq.

Uzun sözün qısası, elə bir dövran gəlib ki, artıq dünya əhalisi böyük dövlətlərə rəğbətlə yanaşa bilmir, onlardan daimi təzyiq və təhlükə görürlər.

Araz Altaylı, Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 May 2024

20 May 2024

BÜTÜN XƏBƏRLƏR