İnsanlara hürriyət, millətlərə istiqlal!

Dünyanın silah baronları Bakıya gələcək

Dünyanın aparıcı müdafiə sənayesi şirkətləri Bakıya gəlir. Azərbaycanda keçiriləcək ADEX 2026 beynəlxalq müdafiə sərgisində 20-dən çox ölkədən 200-dən artıq şirkət iştirakını təsdiqləyib. Sərgidə ilk dəfə ABŞ-ın nüfuzlu müdafiə şirkətləri- SIG SAUER və Lockheed Martin iştirak edəcək. Almaniya da ADEX-də ilk dəfə təmsil olunacaq və ölkənin ekspozisiyasında Rheinmetall kimi nəhəng müdafiə şirkəti yer alacaq. Böyük Britaniya da sərginin yeni iştirakçıları sırasındadır.

ADEX 2026 Bakı - Piramida Reklam Şirkəti - Securex Caspian 2026 Azərbaycanda keçiriləcək ADEX 2026 ADEX 2026-da Türkiyənin ROKETSAN, ASELSAN, Baykar, TAI və HAVELSAN, İtaliyanın Leonardo, Çexiyanın Excalibur Army, BƏƏ-nin EDGE Group və İspaniyanın INDRA şirkətləri də iştirak edəcək. Türkiyənin ROKETSAN şirkəti sərginin baş sponsorudur. Belarus, Çexiya, İtaliya, Türkiyə və Slovakiya isə milli pavilyonlarla çıxış edərək müdafiə sənayesindəki məhsul və texnoloji imkanlarını nümayiş etdirəcəklər.
ADEX 2026-nın iştirakçı siyahısı Bakının müdafiə sənayesi və hərbi-texniki əməkdaşlıq baxımından artan beynəlxalq maraq mərkəzinə çevrildiyini göstərir. Xüsusilə ABŞ və Almaniyanın aparıcı şirkətlərinin ilk dəfə sərgidə iştirakı Azərbaycanın Qərb müdafiə sənayesi ilə əlaqələrinin genişlənməsi baxımından diqqət çəkir. Sərgi həmçinin Azərbaycanın yeni silah və hərbi texnologiyalara çıxışını, müdafiə sənayesi sahəsində tərəfdaşlıqlarını və ixrac imkanlarını genişləndirmək üçün platforma rolunu oynaya bilər.
Tanınmış jurnalist Səxavət Məmməd hərbi jurnalistika və müharibə barədə |  EDnews TV - Azerbaycan

Hərbi ekspert Səxavət Məmməd Musavat.com-a dedi ki, hazırkı qlobal konyunktura müdafiə sərgilərinin coğrafiyasını kəskin dəyişib: “Məlum sanksiyalar və geosiyasi böhranlar səbəbindən Qərb şirkətləri Rusiyadakı tədbirlərə qatılmır, Şərq ölkələrinin bir çoxu isə Avropa və Şimali Amerikada təşkil olunan sərgilərdən kənarda qalır. Regiondakı alternetiv platformaların, məsələn Qazaxıstandakı müdafiə sərgisinin ləğv edilməsi fonunda Bakı faktiki olaraq həm Qərbin, həm də Şərqin bir araya gələ bildiyi yeganə etibarlı məkandır. Bu vəziyyət Bakıya sadəcə bir sərgi məkanı kimi deyil, strateji bir neytral qovşaq kimi baxmağa əsas verir. Azərbaycan heç bir blokun birbaşa təzyiqi altında olmadan və sanksiya riski yaratmadan Lockheed Martin kimi Qərb nəhəngləri ilə Şərq texnologiyalarını eyni məkanda toplayır. Bu da Soyuq müharibə dövrünün Cenevrə və Vyana şəhərlərində olduğu kimi, Bakını fərqli hərbi doktrinalara sahip ölkələrin təmas qurduğu dolayı bir diplomatik platformaya çevirir. Digər tərəfdən, bu situasiya Azərbaycan ordusunun modernləşdirilməsində tək bir bloka asılı qalmadan, həm Türkiyə və digər ölkələrin PUA-larını, həm də Qərbin dəqiq texnologiyalarını eyni vaxtda qiymətləndirmək və hibrid təchizat imkanı əldə etmək şansı yaradır. ADEX 2026 iştirakçı siyahısı və əhatə dairəsi ilə sadəcə silahların nümayiş olunduğu kommersiya tədbiri sərhədlərini aşıb. Qərbin aparıcı müdafiə sənayesi nəhənglərinin Bakıya gəlişi Azərbaycanın Qərb ilə hərbi-texniki əlaqələrinin genişlənməsinə, yeni texnologiyalara çıxışına və yerli müdafiə sənayesinin ixrac imkanlarını artırmasına şərait yaradır. Dəyişən dünya nizamında Bakı Avrasiya məkanında müdafiə sənayesinin yeganə multi-polyar mərkəzi kimi öz mövqeyini daha da möhkəmləndirir”.
Hərbi ekspert onu da diqqətə çatdırdı ki, dünyanın aparıcı hərbi sənaye nəhənglərinin məhz Bakıda toplanması ilk növbədə ordumuza böyük seçim azadlığı verir: “Digər tərəfdən, məsələ yalnız hazır silah almaqla bitmir. Bu miqyasda təmaslar xarici şirkətlərlə texnologiya transferi razılaşmaları əldə etməyə və həmin silahların müəyyən hissələrini yerli zavodlarımızda birgə istehsal etməyə yol açır. Eyni zamanda, bu platforma Azərbaycanın öz hərbi sənaye məhsullarını-yerli atıcı silahlarımızı, sursatları və dronlarımızı xarici alıcılara birbaşa nümayış etdirmək və yeni ixrac bazarları qazanmaq üçün unikal imkandır. Yekunda olaraq, bildirim ki, başqa heç bir yerdə bir araya gələ bilməyən Qərb və Şərq hərbi nəhənglərinin Bakıda görüşməsi Azərbaycanın regionda neytral, etibarlı və strateji söz sahibi bir ölkə olduğunu bütün dünyaya növbəti dəfə sübut edir”.

Cavanşir Abbaslı
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR