Onlayn ictimai-siyasi qəzet
Gözlər bu gün BMT-də - İranın BOMBALANMASI qərarı veriləcəkmi?
Bu gün BMT Təhlükəsizlik Şurası toplaşır. ABŞ-ın tələbi ilə İrandakı vəziyyət müzakirə olunacaq.
Musavat.com xəbər verir ki, ABŞ İranda insan hüquqlarının zorakılıqla pozulduğunu və hökumət qüvvələrinin etirazçılara qarşı qətliam həyata keçirdiyini əsas göstərərək İrana hərbi müdaxilə üçün BMT TŞ-nin icazə verməsi və bu barədə qətnamə qəbul etməsini tələb edə bilər.
BMT TŞ-nin qərarı nə ola bilər?

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə Musavat.com-a bildirib ki, İranda etirazçılara güc tətbiq olunması və xeyli sayda insan ölümü beynəlxalq tənqidlərə səbəb olub. Onun sözlərinə görə, Vaşinqton da bu vəziyyətdən İranla bağlı sərt qərarın qəbul edilməsi üçün yararlanmağa çalışır:
“BMT Təhlükəsizlik Şurası İranla bağlı toplanacaq və vəziyyəti müzakirə edəcək. Amma İrana hərbi müdaxiləyə icazə verən bir qətnamənin qəbul edilməsi gözlənilmir. Tramp bu məsələdə istədiyini ala bilməyəcək. Çünki bu cür qərarların qəbul edilməsi üçün Təhlükəsizlik Şurasının 5 daimi üzvünün hər birinin razılığı lazımdır. Üzv ölkələrdən Rusiya və Çinin razı olmayacağı və veto qoyacağı bəri-başdan məlumdur”.

Onun sözlərinə görə, bu cür icraatlar hüquq və beynəlxalq nizamnaməyə əsasən fərqli mexanizmlər tələb edir: “BMT Nizamnaməsinin 42-ci maddəsinə görə Təhlükəsizlik Şurası “sülh və təhlükəsizlik üçün təhdid, pozuntu və ya təcavüz müəyyən etdirə bilər” və uyğun hallarda iqtisadi sanksiyalar, silahsızlaşdırma sanksiyası kimi qərarlar qəbul edə bilər. Bu, sanksiya və siyasi təzyiq vasitələridir, amma mütləq hərbi müdaxilə icazəsini özündə ehtiva etmir”.
Hüquq müdafiəçisi qeyd edib ki, BMT hüququna görə bir dövlətin başqa bir dövlətə qarşı silahlı müdaxiləsi yalnız özünümüdafiə halında və ya Təhlükəsizlik Şurasının xüsusi icazəsi əsasında qanuni hesab edilir.
Etibar Seyidağa
Musavat.com
06 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ