Onlayn ictimai-siyasi qəzet
Yaponiyanın baş naziri Sanae Takaiçi hökumət iqamətgahındakı həyatından danışarkən gözlənilməz etiraf edib.
Musavat.com xəbər verir ki, uzun iş saatları və az yuxusu ilə tanınan hökumət başçısı iqamətgahda gördüyü tarakanı öldürmədiyini, hətta onu aparandan sonra özünü bir qədər tənha hiss etdiyini bildirib.
“The Telegraph”ın məlumatına görə, 65 yaşlı Takaiçi dekabrda Tokionun mərkəzində yerləşən baş nazirin rəsmi iqamətgahına köçüb. Sosial şəbəkədə iqamətgahda ruhların görünüb-görünməməsi ilə bağlı ona tez-tez verilən suala cavab verən baş nazir bildirib ki, indiyədək heç bir ruhla qarşılaşmayıb, lakin tarakan görüb.
Takaiçinin sözlərinə görə, əvvəllər tarakan görəndə qışqırırdı. Lakin uşaqlıqdan sevdiyi Osamu Tezukanın “Firebird” manqasındakı həyatın müxtəlif formalarda davam etməsi və reinkarnasiya ideyası onun dünyagörüşünə təsir edib. Buna görə də iqamətgahda qarşısına çıxan tarakanı öldürə bilməyib.
“Bəlkə bu həyat da həmin uzun reinkarnasiya dövrünün bir hissəsidir”, – deyə düşündüyünü bildirən Takaiçi bir müddət tarakanın öz-özünə iqamətgahı tərk edəcəyinə ümid edib.
Baş nazir məsələni katiblərinə danışdıqda isə onlar buna təəccübləniblər. Katiblərdən biri bunun gigiyenik olmadığını bildirərək problemin aradan qaldırılmasını təşkil edib. Bundan sonra iqamətgahda tarakan görünməyib.
Takaiçi isə nəticəni qeyri-adi sözlərlə təsvir edib: “Rahatladım, amma eyni zamanda özümü bir az tənha, bəlkə də kədərli hiss etdim”.
Yaponiyanın ilk qadın baş naziri son dərəcə ağır iş rejimi ilə də tanınır. O, həftəsonları və gec saatlara qədər işləyir, bəzən gecə cəmi 0–3 saat yatır. İyulda Takaiçi uzun fasilədən sonra ilk dəfə beş saat yata bildiyini sosial şəbəkədə xüsusi qeyd etmişdi.
Baş nazir böyük əməkdaş qrupu ilə işləməkdənsə, mümkün qədər tək işləməyə üstünlük verdiyini də açıqlayıb. Onun sözlərinə görə, rəsmi iqamətgahdan işləməsi təhlükəsizlik əməkdaşlarının və digər dövlət işçilərinin yükünü azaltmağa imkan verir.
Takaiçinin həyat yoldaşı, keçmiş siyasətçi Taku Yamamoto 2025-ci ilin fevralında insult keçirib və ailədə yeməkləri əsasən o hazırlayır.
Son vaxtlar Takaiçinin iş tərzi ilə yanaşı siyasi reytinqi də diqqət mərkəzindədir. Son sorğulardan birində hökumətə dəstək 41 faizə düşüb. Bu, əvvəlki ayla müqayisədə 10 faiz bəndi azdır.
Musavat.com
25 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ