İnsanlara hürriyət, millətlərə istiqlal!

Gürcüstanda tufanqabağı sakitlik - qanun davası...

Prezident “topu” parlamentə qaytardı, ABŞ hələ də hədələyir...

“Xarici agentlər” haqqında qanundan dolayı Gürcüstan hökuməti ilə Qərb (ABŞ + Avropa Birliyi) arasında gərginlik davam edir. Onun nə ilə bitəcəyi isə hələlik qeyri-müəyyəndir. Gözlənildiyi kimi, prezident Salome Zurabişvili qanuna veto qoymaqla faktiki “topu” təzədən parlamentə ötürüb. Lakin parlament sadə səs çoxluğu ilə onun vetosunu ləğv edə bilər. Bu barədə “Civil Georgia” yazır. Çünki hakim “Gürcü arzusu” partiyasının 84 deputat səsi var, vetonu ləğv etmək üçün isə cəmi 72 səs kifayət edir. 

“İndi əsas sual ondan ibarətdir ki, ”Gürcü arzusu" vetonu ləğv edəcək, yoxsa qanunun qüvvəyə minməsini sentyabr ayınadək təxirə salmaq qərarına gələcək", - nəşr əlavə edib. 

Bu arada ABŞ-da xarici agentlər haqqında qanunu təbliğ edən gürcü siyasətçilərinə qarşı sanksiyalar hazırlığının başladığı bəlli olub. Bununla bağlı “Politico” nəşri öz mənbələrinə istinadla məlumat yayıb. Qanun layihəsinin tezliklə təqdim ediləcəyi gözlənilir. Orada həmçinin “hakimiyyətin anti-Qərb ritorikasından və xarici agentlər haqqında qanundan əl çəkib demokratiya yoluna qayıtması qarşılığında Vaşinqtonun Gürcüstana dəstəyini artırmağa hazır olması ilə bağlı” intriqalı bənd də var. 

Lakin Gürcüstanın hakim “Gürcü Arzusu” partiyası buna sərt cavab verib. 

“Təəssüf ki, bir sıra Amerika siyasətçiləri və məmurları səhv ardınca səhv edirlər və hələ də Gürcüstanla şantaj dilində danışırlar. Gürcü-Amerika münasibətlərinin yaxşılaşması tamamən Amerika tərəfinin düzgün addımlarından asılıdır. Bunun üçün siz hörmət göstərməli, qeyri-müəyyən perspektiv və təhqiramiz şantajla vədlər verməməlisiniz”, - partiyanın bəyanatında deyilir.

Baş nazir İrakli Kobaxidze isə deyib ki, Zurabişvili qanuna veto qoymaqla müzakirə üçün bütün qapıları bağlayıb. O qeyd edib ki, Gürcüstanda keçirilən sorğuların nəticələrinə görə, ölkə əhalisinin 60 faizdən çoxu qanunun qəbulunun tərəfdarıdır.

Beləcə, hazırkı nisbi sakitliyi tufanqabağı sakitlik kimi dəyərləndirmək olar.

Xatırladaq ki, mayın 14-də Gürcüstan parlamenti “Xarici təsirin şəffaflığı haqqında” qanunu üçüncü, sonuncu oxunuşda qəbul edib. Qanun gəlirlərinin 20 faizindən çoxu xaricdən əldə olunan qeyri-kommersiya hüquqi şəxslərin və KİV-lərin xüsusi reyestrdə qeydiyyata alınmasını nəzərdə tutur. 

Onu da yada salaq ki, payızda ölkədə növbəti parlament seçkiləri keçiriləcək. Qalmaqallı qanunla bağlı yekun nöqtə payızda qoyulacaq, yoxsa?

Fikrət Yusifov.jpeg (199 KB)

Fikrət Yusifov

Sabiq maliyyə naziri, iqtisadi və siyasi məsələlər üzrə ekspert Fikrət Yusifovun fikrincə, qanuna etiraz edənlərin narahatlığı səbəbsiz deyil: “Gürcüstan cəmiyyətində bu qanuna qarşı etiraz bildirənlər hansı məntiqdən çıxış edirlər? Qəbul edilən qanun kimlər üçün təhlükə törədir? Qanunun qəbuluna qarşı olanlar nə üçün şəffaflıqdan bu qədər əndişəlidilər? Adi məntiq də deyir ki, sən doğru-düzgün iş görürsənsə, gördüyün işin şəffaflığından qorxmalı deyilsən. Bəs Gürcüstanda bir para insanlar nədən şəffaflıqdan bu qədər qorxurlar? Nədən Gürcüstanda Qərbin demokratiyaya, insan, söz azadlığı nağıllarına inanan toplum, xaricdən alınan yardımların qəbulu və istifadəsi proseslərinin gizli  qalmasını istəyir? Bu istək Gürcüstan hakimiyyəti qarşısında haqlı olaraq suallar yaradır. Əgər bu yardımları, qrantları alan tərəflər həmin vəsaitləri ölkə daxilində qanunla nəzərdə tutulan şəkildə istifadə edəcəklərsə, onda onlar nədən qorxurlar, nədən bu qədər əndişəlidilər? Deməli, söhbət alınacaq vəsaitlərin qanuni şəkildə istifadəsindən deyil, sadəcə, bu vəsaitləri verən xarici donorların Gürcüstan ərazisindəki sifarişlərini yerinə yetirməkdən gedir. Bu sifarişlər isə həmin yardımları verən xarici donorların dövlətlərinin istəyinə uyğun formalaşır. Bir sözlə, xarici donorlar - yəni Avropa Birliyi ölkələri, ABŞ və digər inkişaf etmiş ölkələr bu yolla Gürcüstan hakimiyyətinin cilovunu öz əllərində saxlamaq və onu istədikləri kimi yönləndirmək istəyirlər. Belə "donorların" ali məqsədi budur. Onların xarici siyasətinin kökündə dayanan əsas prinsip belədir: - kiçik dövlətlər müstəqil siyasət yürüdə bilməzlər! 

Qərb əgər demokratiya, insan və söz azadlıqları kimi dəyərlərin Gürcüstan kimi ölkələrdə gerçəkdən olmasını istəsə belə, anlamalıdır ki, bu dəyərlərin bir neçə on il ərzində belə ölkələrə aşılanması mümkün deyil. Baxın, bu gün Gürcüstan cəmiyyəti iki yerə parçalanıb və dövlətdə təmsil olunan qruplar arasında qarşıdurma pik həddə yüksəlib. İş o yerə çatıb ki, baş nazir prezidenti, prezident isə hökumətin başçısını satqınlıqda ittiham edir. Belə demokratiya olar? Əgər söhbət gerçəkdən də Gürcüstanda demokratik bir dövlətin yaradılmasından gedirsə, gürcü xalqının buna mənəvi-psixoloji cəhətdən nə qədər hazır olduğuna inanmaq lazımdır. Mənəvi-psixoloji cəhətdən bu dəyərləri gerçək qəbul etməyə hazır olmayan bir xalqa, həmin dəyərləri zorla sırıyanda, nəticə faciəli olur. Mixail Saakaşvili də bu yolda çox çalışdı. Lakin o da anlamadı ki, insanların bu dəyərlərinin qəbulu uzun tarixi bir prosesdir. Yetmiş il dəmir pərdələr arxasında bəslənmiş bir millət bir neçə on il ərzində bu dəyərləri başının üzərinə qaldırmaq iqtidarında ola bilməz! Bir dəfə yazdığım kimi - Saakaşvili əski Sovetlər Birliyinə “vor zakon” istehsal edən bir xalqla Gürcüstanda “Avropa” yaratmaq istədi və bu alınmadı. Çünki xalq buna hazır deyildi və son hadisələr bir daha sübut etdi ki, gürcü xalqı indi də buna hazır deyil. Xalqı zorlayanda isə Gürcüstan, Qırğızıstan kimi ölkələrdə demokratiya qıcqırır! Yadımıza salaq - müstəqillik əldə edildikdən sonra Qırğızıstanda nə qədər hakimiyyət çevrilişi oldu. Gürcüstan prezidenti parlamentin qəbil etdiyi qanunu veto qoyaraq geri qaytardı. Bunun belə olacağı da gözlənilən idi. Bundan sonra nə baş verəcək? Parlament səs çoxluğu ilə bu vetonu aradan qaldıracaq və qanun qüvvəyə minəcək. Etirazçılar bir qədər də coşacaq, Qərb isə onları mümkün qədər körükləyəcək. Lakin Gürcüstan hökuməti haqlı olaraq öz kursunu dəyişməyəcək. Əks yol Gürcüstan dövlətinin müstəqilliyinin əldən getməsi qədər təhlükəli ola bilər..."

Elçin Mirzəbəyli ermənilərin ən yaxşı bacardığı işlərdən DANIŞDI

Elçin Mirzəbəyli

Ədalət, Hüquq, Demokratiya Partiyası sədrinin müavini, politoloq Elçin Mirzəbəyli qeyd edib ki, Gürcüstan qanunvericiliyində “veto” anlayışı yoxdur: “Prezident, yalnız "əsaslandırılmış iradlar"la çıxış edə bilər. Zurabişvilinin “veto” sözündən istifadə etməsi əslində onun öz ölkəsinin qanunvericiliyi haqqında nə dərəcədə “məlumatlı” olduğunu göstərir. İndiki halda prezident öz “əsaslandırılmış iradlar”ında parlamentə müvafiq arqumentlər təqdim etməlidir: onun üçün qanunun qəbuledilməz olan konkret müddəaları hansılardır və o, yeni redaksiyada nə təklif edir - bunlara aydınlıq gətirilməlidir. Prezidentin bəzi maddələrin tamamilə çıxarılmasını təklif etməsi də mümkündür. “Zurabaşvilinin qanunun hansı müddəaları ilə razı olmadığı və hansı dəyişiklikləri təklif etməsi, hər halda, mənə bəlli deyil. Gürcüstan prezidentinin qanunun tam ləğvini tələb etmək kimi bir hüququ yoxdur. Lakin o, qanunun yenilənmiş variantını parlamentə təqdim edə bilər. Prezidentin parlamentə düzəlişlər, əlavə və dəyişikliklərlə qaytardığı qanuna baxılmasının konkret müddəti yoxdur. Parlament qanuna baxılmasını istədiyi qədər uzada bilər. Əgər qanun müzakirəyə çıxarılarsa, parlament bütün "əsaslandırılmış irad"ları toplu halında səsə qoymalı, ya hər şeyi qəbul etməli, ya da heç nəyi qəbul etməməlidir. Bir iradı qəbul edib, digərini rədd etmək qanunvericiliyə görə mümkün deyil. Parlament prezidentlə razılaşmasa, o, “əsaslandırılmış qeydləri”, ya da Zurabişvilinin dediyi kimi, “veto”nu ləğv edə bilər. Bunun üçün isə 76 səs lazımdır, “Gürcü arzusu”nun isə parlamentdə 84 səsi var. Əgər “Gürcü arzusu” parlamentdə iradları rədd edərsə, bundan sonra qəbul edilmiş qanun yenidən prezidentə göndərilir. Onun artıq “əsaslandırılmış iradlar” yaxud “veto” mexanizmindən təkrar istifadə etmək hüququ qalmır. Gürcüstan qanunvericiliyinə görə, prezident qanunu imzalamaya bilər. Amma bu, hüquqi baxımdan heç nəyi dəyişmir. Əvəzində parlament sədri qanunu imzalayıb dərc etdirəcək".

Ekspert onu da qeyd etdi ki, indiki halda Gürcüstan hakimiyyətinin iki seçimi var: “Birinci seçim Zurabişvilinin iradları ilə bağlı qanunun yeni versiyada təklifini, təqdimat müddətini kifayət qədər uzatmalı və bununla da müəyyən qədər etiraz aksiyalarının səngiməsinə imkan yaratmalıdır. İkinci halda isə yenə sərt bir pozisiyadan çıxış edərək, əslində Gürcüstanın milli maraqlarını ifadə edən bu qanunun qəbul olunması üçün mövqeyini sərgiləməlidir. Etirazların gürcü xalqı tərəfindən edildiyi anlayışının tamamilə tərəfdarı deyiləm. Söhbət burada Gürcüstanda olan qeyri-hökumət təşkilatlarından gedir. O təşkilatlar ki, onların büdcəsinin əhəmiyyətli hissəsi xaricdən göndərilən donorların vəsaitləri hesabına formalaşır. Gürcüstanda hazırda təxminən 25 qeyri-hökumət təşkilatı var. Bu təşkilatlarda təmsil olunan, oradan faydalanan şəxsləri nəzərə alsaq, əslində kifayət qədər gözlə görünəcək aksiyalarda bir kütlə yaradır. Məsələnin şou və görüntü tərəfi zamanı aksiyanın görünüşünün daha effektiv olması ilə bağlı bir mexanizmin işlədiyi göz qabağındadır. Hər halda, hazırda Gürcüstan hökumətinin yanaşmasından belə anlaşılır ki, onlar nəyin baş verdiyinin fərqindədirlər və masa üzərində də prinsip etibarilə əslində Gürcüstanın müstəqilliyinin qoyulduğunu da başa düşürlər. Bu aspektdən düşünürəm ki, ən doğru seçim edəcək və prinsip etibarilə onların bu prosesdən geri çəkiləcəyini gözləmirəm”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

16 Iyun 2024

BÜTÜN XƏBƏRLƏR