İnsanlara hürriyət, millətlərə istiqlal!

İran TRIPP-lə barışır? - Tehranın SON “kartı”

İran yenə regionda TRIPP layihəsi və bu layihənin ABŞ-ın təhlükəsizlik siyasətində mümkün istifadəsindən dolayı narahatlığını ifadə edib. ABŞ və Ermənistan xarici siyasət idarələri rəhbərlərinin az öncə qəbul etdikləri birgə bəyanatda Amerika-Ermənistan birgə müəssisəsinin yaradılması haqda anlaşma Tehranı xüsusilə rahatsız edib.

Amerikalı analitik Samson Katsman hesab edir ki, İranın TRIPP-yə reaksiyası gözlənilən dərəcədə mənfi olub:

“Layihə regionun geosiyasətini dəyişdirir, güc balansını pozur və İranın sərhədlər yaxınlığında təsirini zəiflədir. Tehran bunu təkcə iqtisadi təşəbbüs kimi deyil, həm də regionda Amerika təsirini gücləndirmək vasitəsi kimi görür. Tehran ənənəvi Rusiya-İran marşrutlarından yan keçəcək nəqliyyat infrastrukturunun yaradılmasından və Vaşinqtonun regionda daimi mövcudluğundan ehtiyat edirlər”. (Minval. Politika)

Samson Katsman: “Ermənistan üçün Azərbaycana qarşı nə Fransa, nə də İran  vuruşacaq” » Ovqat.com

Analitik eyni zamanda, İranın reaksiyasının diplomatik ritorikadan o yana keçməyəcəyini düşünür. Ekspert əmindir ki, ABŞ ilə açıq münaqişə hazırda iqtisadiyyatı çökən və daxili etirazlardan əziyyət çəkən İran üçün çox risklidir. Onun fikrincə, İran va-bank getməyəcək. “Digər tərəfdən, TRIPP nə qədər tez iqtisadi layihəyə çevrilərsə, İranın sərt cavab üçün bir o qədər az əsası olacaq”, Katsman əlavə edib.

Bu o anlama gəlirmi ki, İran TRIPP-lə - Zəngəzur dəhlizi ilə enində-sonunda barışmalı olacaq?

Deputat Elçin Mirzəbəyli Musavat.com-a bildirib ki, son günlər İranın yeni regional nəqliyyat və təhlükəsizlik arxitekturasında mühüm yer tutan TRIPP layihəsinə qarşı sərt bəyanatlarla çıxış etməsi təsadüfi deyil: “Xüsusilə ABŞ və Ermənistan xarici siyasət idarələri rəhbərlərinin birgə bəyanatında Amerika–Ermənistan birgə müəssisəsinin yaradılması barədə razılaşmanın yer alması Tehran rejimində açıq narahatlıq doğurub. İran tərəfi bu prosesi regionda “xarici müdaxilə”, “təhlükəsizlik riskləri” və “geosiyasi təhdid” kimi təqdim etməyə çalışır.

Lakin mövcud faktlar göstərir ki, Tehran rejiminin bu reaksiyası nə real təhlükəsizlik ehtiyaclarından, nə də beynəlxalq hüquqa söykənən arqumentlərdən qaynaqlanır. Burada əsas məqsəd hazırda ölkə daxilində dərinləşən sosial-iqtisadi böhranı, artan etirazları və repressiv siyasəti kölgədə qoymaq, cəmiyyətin diqqətini növbəti dəfə “xarici düşmən” obrazına yönəltməkdir”.

Onun sözlərinə görə, şübhəsiz ki, İran hər zaman olduğu kimi, indi də ənənəvi Rusiya–İran marşrutlarından kənar daha təhlükəsiz və rentabelli nəqliyyat xətlərinin formalaşmasından, Vaşinqtonun regionda institusional mövcudluğunun artmasından ehtiyat edir:

“Bu yanaşma bir daha göstərir ki, Tehran üçün əsas problem konkret layihənin mahiyyəti deyil, regionda formalaşan yeni reallıqlardır. Zəngəzur istiqamətində formalaşan kommunikasiya xətti İranın illərdir istifadə etdiyi tranzit və siyasi tutarğac mexanizmlərini zəiflədir. Tehran məhz buna görə prosesi “təhlükəsizlik təhdidi” kimi qələmə verir. Halbuki layihənin mahiyyəti iqtisadi inteqrasiya, ticarət marşrutlarının şaxələndirilməsi və regional əlaqəliliyin artırılmasıdır. Bu cür təşəbbüslər beynəlxalq praktikada sabitliyin və qarşılıqlı asılılığın möhkəmlənməsi aləti kimi qəbul olunur. İranın onları avtomatik olaraq düşmənçilik aktı kimi təqdim etməsi rasional deyil, saxta ideoloji və qorxudan doğan siyasi refleksdir”.

Elçin Mirzəbəyli YAP-a üzv olub?

Deputat hesab edir ki, İranın reaksiyasının tonallığı ölkədaxili vəziyyətlə birbaşa əlaqəlidir:

“İqtisadiyyatın faktiki iflası, milli valyutanın dəyərsizləşməsi, işsizlik, su və enerji böhranları, ardıcıl etiraz dalğaları və onların zorakılıqla yatırılması Tehran rejiminin legitimliyini ciddi şəkildə sarsıdır. Belə şəraitdə hakimiyyət üçün ənənəvi çıxış yolu yenə də təhlükənin kənardan gəldiyi tezisini qabartmaqdır.

TRIPP ətrafında yaradılan isterik ritorika, ABŞ və Ermənistanla bağlı səsləndirilən iddialar məhz bu siyasi texnologiyanın tərkib hissəsidir. Rejim ictimai şüurda “mühasirədə olan qalaya” çevrilmiş İran obrazını möhkəmləndirməyə, daxili problemlərə görə məsuliyyəti xarici aktorların üzərinə yükləməyə çalışır. Bu, Tehran üçün yeni taktika deyil. Lakin cəmiyyətin sosial-iqtisadi təzyiqlər altında getdikcə radikallaşdığı bir dövrdə bu metodun effektivliyi ciddi şübhə doğurur.

Bu baxımdan, Samson Katsmanın fikirləri ilə razılaşmaq olar. Yəni İranın TRIPP-ə münasibəti diplomatik ritorikadan kənara çıxmayacaq. Bunun obyektiv səbəbləri var. ABŞ-la açıq qarşıdurma, yaxud regionda yeni eskalasiya dalğası hazırkı durumda Tehran üçün strateji intihara bərabər olardı. İqtisadi resursların tükənməsi, beynəlxalq sanksiyaların təsiri və daxili sabitliyin zəifliyi fonunda İranın real təsir alətləri kəskin şəkildə məhdudlaşıb.

Bu mənada Tehranın bəyanatları daha çox daxili auditoriyaya hesablanmış psixoloji və ideoloji jestlərdir. Praktiki müstəvidə İranın TRIPP-i dayandırmaq, yaxud regionda formalaşan yeni nəqliyyat arxitekturasını bloklamaq imkanları olduqca məhduddur. Layihə nə qədər tez konkret iqtisadi mexanizmlərlə, kommersiya müqavilələri və infrastruktur investisiyaları ilə möhkəmlənərsə, İranın sərt addımlar üçün hüquqi və siyasi əsasları bir o qədər daralacaq.

Tehran TRIPP və Zəngəzur reallığı ilə barışacaq! Bunu istəsə də, istəməsə də. İran uzun müddət ritorik müqavimət göstərə, prosesləri ləngitmək üçün dolayı yollar axtara bilər. Lakin regional və qlobal güc balansı, iqtisadi maraqların konfiqurasiyası və tranzit marşrutlarının obyektiv logikası Tehranın istəyindən asılı deyil.

Zəngəzur xətti formalaşdıqca İran üçün iki yol qalacaq: ya destruktiv ritorikanı davam etdirərək daha da marginallaşmaq, ya da gecikmiş şəkildə yeni reallığa adaptasiya olunmaq”.

Cavanşir Abbaslı
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR