Onlayn ictimai-siyasi qəzet
Azərbaycan və Ermənistan arasında sülh mətninin paraflanmasından təxminən bir il keçir. Bu razılaşma ötən il avqustun 8-də Vaşinqtonda əldə olunub. Lakin keçən bir il ərzində yekun sülh müqaviləsi imzalanmayıb. Çünki həllini gözləyən hüquqi məsələlər qalmaqdadır. Azərbaycan bildirib ki, Ermənistan Konstitusiyasında ərazi iddialarını özündə əks etdirən müddəalar aradan qaldırılmalıdır.
Bəs Azərbaycanın irəli sürdüyü şərtlər yaxın aylarda yerinə yetiriləcəkmi?
Deputat Vüqar İskəndərovun Musavat.com-a bildirdiyinə görə, sülh prosesinin uğurla başa çatması üçün konkret hüquqi və institusional addımlar atılmalıdır. Onun fikrincə, Azərbaycan sülh gündəminə sadiqliyini ardıcıl şəkildə nümayiş etdirib:
“Azərbaycanın mövqeyinə görə, hazırda sülh prosesinin taleyi əsasən Ermənistanın atacağı real siyasi və hüquqi addımlardan asılıdır. Bakı hesab edir ki, davamlı və hüquqi baxımdan etibarlı sülh üçün Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarını özündə əks etdirən müddəalar aradan qaldırılmalı, iki ölkə arasında münasibətlərin gələcək əsaslarını müəyyənləşdirən prinsiplər tam şəkildə təmin edilməlidir. İrəvan sülh prosesinin davam etdiyini bəyan etsə də, bu istiqamətdə gözlənilən fundamental qərarlar hələ də qəbul olunmayıb”.
Deputatın qənaətinə görə, ötən bir il ərzində regionda geosiyasi proseslər də dinamik şəkildə inkişaf edib: “ABŞ, Avropa İttifaqı, Türkiyə və digər beynəlxalq aktorlar Cənubi Qafqazda yekun sülh müqaviləsinin imzalanmasının vacibliyini müxtəlif platformalarda dəfələrlə vurğulayıblar. Lakin dəyişən geosiyasi reallıqlar fonunda belə, sülh prosesinin uğurla başa çatması ilk növbədə tərəflərin üzərinə götürdükləri öhdəlikləri praktik müstəvidə nə dərəcədə yerinə yetirməsindən asılı olaraq qalır. Bu baxımdan, Vaşinqtonda paraflanan sənəd ötən bir il ərzində mühüm siyasi baza rolunu oynasa da, hələ də tamhüquqlu sülh müqaviləsinə çevrilməyib”.
Vüqar İskəndərovun sözlərinə görə, bir il əvvəl Vaşinqtonda yaranan nikbin gözləntilər bu gün də öz aktuallığını qoruyur. “Ancaq aydın görünür ki, sülh prosesinin bundan sonrakı mərhələsi yeni bəyanatlardan deyil, konkret siyasi iradədən və hüquqi addımlardan asılı olacaq. Azərbaycan bu istiqamətdə öz mövqeyini və öhdəliklərə sadiqliyini nümayiş etdirib. İndi isə regionda uzunmüddətli sülhün reallaşması Ermənistanın zəruri siyasi qərarları qəbul etməsindən, hüquqi maneələri aradan qaldırmasından və üzərinə düşən öhdəlikləri praktiki şəkildə yerinə yetirməsindən asılıdır”, - deyə deputat vurğulayıb.
Cavanşir Abbaslı
Musavat.com
04 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ