Onlayn ictimai-siyasi qəzet
Ukrayna qüvvələri Rusiyanın “kölgə donanması”na aid olduğu bildirilən “Armada Leader” neft tankerinə pilotsuz uçuş aparatları ilə hücum edib. Tankeri qoruyan helikopter isə yaxınlaşan dronları vurmağa çalışıb.
Musavat.com xəbər verir ki, hücum barədə Ukrayna ordusunun Pilotsuz Sistemlər Qüvvələri komandanı Robert Brovdi - “Madyar” məlumat yayıb.
Hücumun nə vaxt həyata keçirildiyi məlum deyil. Dəniz nəqliyyatının hərəkətini izləyən xidmətlərin məlumatlarında “Armada Leader” hazırda Novorossiysk limanında göstərilir.
Brovdi gəmini sanksiyalar altında olan və Rusiyanın “kölgə donanması”na daxil edilən neft tankeri adlandırıb. Ukrayna komandirinin sözlərinə görə, belə gəmilərin hədəfə alınmasında məqsəd Rusiyanın neft ixracından əldə etdiyi gəlirləri azaltmaqdır.
Brovdi hücumun Ukrayna Pilotsuz Sistemlər Qüvvələrinin artıq 10 həftədir davam edən “MoLoÇKa” əməliyyatının bir hissəsi olduğunu bildirib.
Onun iddiasına görə, bu müddət ərzində Ukrayna qüvvələri Azov və Qara dənizdə ümumilikdə 285 gəmini vurub. Brovdi bunlardan 215-nin iyulda, 54-nün avqustda, 16-nın isə sentyabrın 1-dən 11-dək hədəfə alındığını söyləyib.
Musavat.com
15 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ