İnsanlara hürriyət, millətlərə istiqlal!

Mina təhlükəsi və beynəlxalq dəstəyin azlığı: Azərbaycan niyə tək qalıb?

Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov 4-cü İqlim Həftəsi çərçivəsində Musavat.com-a açıqlamasında bildirib ki, Azərbaycana minatəmizləmə prosesində göstərilən dəstəyin həcmi sərf olunan vəsaitin 5 faizindən az hissəsidir:

Vüqar Süleymanov: 2020-ci il noyabrın 10-dan bu günədək 228 mina hadisəsi  baş verib - AZƏRTAC

“2020-ci ilin noyabr ayından etibarən ölkədə humanitar minatəmizləmə fəaliyyətinə təxminən 590 milyon ABŞ dolları həcmində vəsait ayrılıb. Bu məbləğin təxminən 4 faizi beynəlxalq dəstək hesabına təmin edilib, qalan hissəsi isə Azərbaycan hökuməti tərəfindən qarşılanıb. Sözsüz ki, biz çağırışlar edirik, gözləntilərimiz var. Bu, bizim üçün humanitar həmrəylik məsələsidir. Ümidliyik ki, dəstəyin həcmi artacaq. Hələ ki, bununla bağlı müsbət addım yoxdur”, - o əlavə edib.

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, siyasi elmlər doktoru Rizvan Nəbiyev isə Musavat.com-a bildirib ki, Ermənistanın 30 illik işğalı nəticəsində Azərbaycan Respublikasının ərazisinin təqribən 12–13 faizi mina və partlamamış hərbi sursatlarla çirklənmiş vəziyyətdədir. Onun sözlərinə görə, bu, təxminən 1,5 milyondan artıq mina və partlamamış hərbi sursatın torpaqda gizli təhlükə mənbəyi olaraq qalması deməkdir: “Torpaqlarımızın işğalına son qoyulduqdan keçən müddət ərzində əldə olunan nəticələr ümumilikdə genişmiqyaslıdır: indiyədək 298 min hektardan çox ərazi təmizlənib, 260 147 mina və partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib. Yalnız 2025-ci il ərzində ümumilikdə 6 824 mina və 52 392 partlamamış hərbi sursat aşkarlanmış və zərərsizləşdirilib.

Rizvan Nəbiyev: Azərbaycan son 22 ildə qürurverici qələbələr ilə dolu olan  inkişaf yolu keçib

Mövcud hesablamalara əsasən, bu qədər geniş miqyaslı çirklənmənin tam şəkildə aradan qaldırılması üçün milyardlarla ABŞ dolları həcmində maliyyə vəsaiti və çox uzun zaman müddəti tələb olunur. Hazırkı mərhələdə Azərbaycan dövləti bu ağır vəzifənin öhdəsindən əsasən öz daxili maliyyə resursları hesabına gəlir ki, bu da dövlətin məsuliyyətli və ardıcıl siyasətinin göstəricisidir. Bütün bunlar onu göstərir ki, mina və partlamamış hərbi sursat problemi bu gün də ölkəmiz üçün ən ciddi təhlükəsizlik çağırışlarından biri olaraq qalır. Xüsusilə, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında genişmiqyaslı mina təhlükəsi həm mülki əhali üçün birbaşa həyat təhlükəsi yaradır, həm də azad olunmuş ərazilərdə həyata keçirilən bərpa, yenidənqurma və məskunlaşma proseslərini ləngidir. Rəsmi məlumatlar göstərir ki, 44 günlük Vətən müharibəsindən sonra ötən dövr ərzində 437 Azərbaycan vətəndaşı mina terrorunun qurbanı olub, ağır bədən xəsarətləri alıb, 73 nəfər həyatını itirib.

Ümumilikdə isə Azərbaycanda mina qurbanlarının sayı 4000 nəfəri keçir. Bu fakt mina təhlükəsinin nə qədər real və davamlı olduğunu bir daha təsdiqləyir. Bu fakt göstərir ki, mina təhlükəsi yalnız konkret ərazilərlə məhdudlaşmır, o, demək olar ki, bütün yaş qruplarını əhatə edən genişmiqyaslı humanitar problemə çevrilib. Minalar insanların gündəlik həyatını risk altına salmaqla yanaşı, kənd təsərrüfatı fəaliyyətini məhdudlaşdırır, yaşayış məntəqələrinə və nəqliyyat infrastrukturuna çıxışı çətinləşdirir, iqtisadi və sosial inkişafın qarşısında ciddi maneələr yaradır. Bu səbəbdən humanitar minatəmizləmə, təkcə təhlükəsizlik deyil. Prezident İlham Əliyevin 2 sentyabr 2026-cı il tarixində 4-cü Beynəlxalq Minatəmizləmə Konfransının iştirakçılarına müraciətində məhz bu məsələni də vurğulayıb ki, humanitar minatəmizləmə yalnız təhlükəsizlik məsələsi deyil, həm də şəhərlərin və kəndlərin bərpasının, insanların təhlükəsiz qayıdışının və davamlı inkişafın əsas şərtidir. Minalar müharibə başa çatdıqdan sonra belə insan həyatı, infrastruktur və iqtisadi fəaliyyət üçün ciddi təhlükə yaradır. Minatəmizləmə Azərbaycanın daha geniş post-münaqişə bərpa modelinin bir hissəsidir.

Bu modeldə təhlükəsizliyin təmin edilməsi, şəhərsalma, infrastrukturun qurulması, ətraf mühitin bərpası, sosial reinteqrasiya və iqtisadi inkişaf vahid çərçivədə həyata keçirilir.
Azərbaycanın işğaldan azad edilmiş ərazilərində minatəmizləmə Böyük Qayıdış prosesinin təməl elementlərindən biridir. Yenidənqurma, yol və enerji infrastrukturu, kənd təsərrüfatı, yaşayış məntəqələrinin salınması və insanların qayıdışı minatəmizləmə ilə paralel aparılır. Böyük Qayıdış artıq real nəticələr verir: təxminən 40 min keçmiş məcburi köçkün azad edilmiş ərazilərdə öz evlərinə qayıdıb; Qarabağ və Şərqi Zəngəzurda yaşayan insanların ümumi sayı 90 mini keçib. Prezident İlham Əliyevin müraciətində haqlı olaraq beynəlxalq dəstəyin artırılmasına çağırış edib-maliyyələşmə, müasir avadanlıq, texniki bilik, təlim, texnologiya transferi və uzunmüddətli tərəfdaşlıqlar minatəmizləmə prosesinin sürətləndirilməsi üçün vacib hesab olunur”.

R.Nəbiyev diqqətə çatdırıb ki, Birləşmiş Millətlər Təşkilatı tərəfindən qlobal səviyyəfə müəyyən edilmiş 17 Dayanıqlı İnkişaf Məqsədi mövcuddur: “Beynəlxalq birliyin hər bir üz dövləti, o cümlədən Azərbaycan Respublikası bu məqsədlər əsasında öz milli inkişaf prioritetlərini formalaşdırıb. Azərbaycan Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə humanitar minatəmizləmə 18-ci Dayanıqlı İnkişaf Məqsədi kimi irəli sürülüb və ölkəmizdə qəbul edilib. Bu yanaşma, mina probleminin təkcə regional deyil, qlobal humanitar çağırış kimi qəbul edilməsinin vacibliyini ortaya qoyur. Hazırda dövlət başçısının tapşırığına uyğun olaraq, Azərbaycan diplomatiyası beynəlxalq platformalarda humanitar minatəmizləmənin qlobal səviyyədə 18-ci Dayanıqlı İnkişaf Məqsədi kimi tanınması istiqamətində fəal iş aparır.

Digər mühüm məqam ondan ibarətdir ki, mina terroru yalnız insan həyatına deyil, eyni zamanda mədəni irsə, ətraf mühitə və bütün canlı aləmə ciddi təhlükə yaradır. Bu baxımdan mina problemi çoxşaxəli, kompleks və uzunmüddətli fəsadlara malik təhlükə kimi qiymətləndirilir. Azərbaycan dövləti bu reallığı nəzərə alaraq, mümkün olan bütün istiqamətlər üzrə sistemli fəaliyyət göstərir. Bu istiqamətlərdən biri də minaların mədəni irs obyektlərinə vurduğu ziyanın beynəlxalq səviyyədə tanınması və sənədləşdirilməsidir. Məlum olduğu kimi, 1954-cü ildə “Silahlı münaqişə zamanı mədəni dəyərlərin qorunması haqqında” Haaqa Konvensiyası qəbul edilib. 2023-cü ildə Haaqa Konvensiyasına Tərəf dövlətlərin 15-ci beynəlxalq toplantısında Azərbaycan Prezidentinin təlimatına uyğun olaraq aparılan məqsədyönlü diplomatik fəaliyyət nəticəsində “Minaların mədəni irsə təsiri” ilə bağlı xüsusi qətnamə qəbul edilib. Bu sənəd mina terrorunun mədəni irsə vurduğu dağıdıcı təsirin beynəlxalq hüquqi müstəvidə tanınması baxımından mühüm əhəmiyyət daşıyır və Azərbaycanın bu sahədə qlobal təşəbbüskar rolunu bir daha nümayiş etdirir”.

Müsahibimiz sonda vurğulayıb ki, Azərbaycan illər ərzində qazandığı təcrübəsini münaqişədən zərər çəkmiş digər ölkələrlə bölüşməyə hazırdır və minatəmizləməni beynəlxalq əməkdaşlığın mühüm istiqaməti kimi təqdim edir.

Nigar Həsənli
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR