Onlayn ictimai-siyasi qəzet
Ankaranın Qaqauziyaya gözlənilən dəstəyi verməyəcəyi bəlli olandan sonra Rusiyadan muxtar quruma Moldovaya qarşı qvardiya yaradılması təklif edilib-səfirlik təkzib edir, amma...
Moldovanın Qaqauziya muxtariyyətində vəziyyət getdikcə daha təhlükəli siyasi mərhələyə keçir. Bir tərəfdən Kişinyov muxtariyyətin seçki, hüquq-mühafizə və dövlət idarəçiliyi sahəsində səlahiyyətlərini konstitusion çərçivədə məhdudlaşdırmağa çalışır, digər tərəfdən Komratda buna cavab olaraq mərkəzi hakimiyyətlə qarşıdurmanı dərinləşdirə biləcək təşəbbüslər meydana çıxır.Maraqlıdır ki, bu proses Türkiyənin Qaqauziya məsələsində mövqeyinin daha ehtiyatlı xarakter aldığı bir vaxtda baş verir.
Musavat.com “disinfo.md” saytına istinadən xəbər verir ki, Komratda mərkəzi Kişinyovun səlahiyyətlərinə meydan oxuya biləcək paralel strukturların yaradılması təklif olunur. Yada salaq ki, bu günlərdə Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının sədr müavini, deputat Kürşad Zorlu Kişinyov və Komrat səfəri zamanı Ankaranın Qaqauziyanı dəstəklədiyini, lakin bunun Moldova ilə qarşıdurma formasında olmayacağını açıq şəkildə göstərdi. Zorlu Qaqauziyanı türk dünyasının ayrılmaz hissəsi adlandırsa da, Türkiyənin Moldova ərazi bütövlüyünü dəstəklədiyini vurğuladı. Bu mesajın siyasi mənası kifayət qədər aydındır: Ankara Qaqauziyanı müdafiə etməkdən geri çəkilən kimi Moskva üçün manevr meydanı genişlənir.

Disinfo.md-nin yaydığı məlumata görə, Qaqauziya Xalq Məclisinin müzakirəsinə çıxarıla biləcək sənəddə muxtariyyət daxilində mərkəzi dövlət strukturlarına paralel bir sıra qurumların yaradılması təklif olunur. Söhbət, ilk növbədə, Qaqauziyanın öz gəlirlər xidmətinin yaradılmasından gedir. Layihəyə əsasən, yerli biznesdən toplanan vergi vəsaitlərinin Komratın nəzarətində olan xüsusi hesablara yönəldilməsi nəzərdə tutulur. Bununla yanaşı, muxtariyyət daxilində özünün “ictimai təhlükəsizlik bələdiyyə qvardiyası”nın yaradılması təklif edilir. Həmçinin Xalq Məclisinin regiondakı polis və İnformasiya və Təhlükəsizlik Xidmətinin rəhbərlərinin fəaliyyətinə nəzarət imkanlarının genişləndirilməsi nəzərdə tutulur. Seçki sistemində də ayrıca mexanizm təklif olunur. Qaqauziya Mərkəzi Seçki Komissiyasının yerinə muxtariyyətin seçki hüquqlarının müdafiəsi üzrə daimi komitənin yaradılması, Kişinyovun seçki qanunvericiliyinə birtərəfli dəyişikliklərinin bloklanması və belə dəyişikliklərin referendum və ya “xalq sorğusu” ilə təsdiqlənməsi ideyası irəli sürülür. Ən ciddi məqam isə məhkəmə sistemi ilə bağlıdır. Layihədə Qaqauziya Məhkəmə Şurasının yaradılması və muxtariyyətə aid məhkəmələrin ləğvinə və ya başqa yerə köçürülməsinə veto hüququ verilməsi təklif edilir.
Daha da irəli gedilərək, muxtariyyətin resurslarına toxunan və Xalq Məclisi ilə razılaşdırılmayan digər məhkəmələrin qərarlarının Qaqauziyada “tanınmaması” mexanizmi təklif olunur.
Layihənin ən sərt hissələrindən biri Moldova Konstitusiya Məhkəməsinin qərarları ilə bağlıdır. Sənəddə 14 aprel 2025-ci il tarixli 4 saylı və 9 iyul 2026-cı il tarixli 8 saylı qərarların “hüquqi cəhətdən etibarsız” elan edilməsi təklif olunur.
Layihənin Rusiya Federasiyasının Kişinyovdakı səfirliyindən Qaqauziya rəhbərliyinə ötürüldüyünü iddia edir. Nəşr bunu Moskvanın muxtariyyətdə siyasi proseslərə nəzarəti gücləndirmək və Qaqauziyadan Kişinyova təzyiq vasitəsi kimi istifadə etmək planının bir hissəsi kimi təqdim edir.
Lakin Rusiya tərəfi bu ittihamı qəti şəkildə rədd edib. Rusiya səfirliyi sənədin Qaqauziya rəhbərliyinə verilməsi barədə məlumatı “həqiqətə uyğun olmayan” iddia adlandırıb və Moskvanın Moldovanın daxili işlərinə qarışmadığını bildirib.
Amma siyasi mənzərə başqa bir sual doğurur: Rusiya bu təşəbbüsün müəllifi olmasa belə, yaranan qarşıdurmadan kim faydalana bilər? Cavabın Moskva olması ehtimalı kifayət qədər yüksəkdir. Çünki Qaqauziyada mərkəzi hakimiyyətlə qarşıdurmanın dərinləşməsi Moldova daxilində yeni siyasi parçalanma xətti yaradır. Bu isə Qərbə inteqrasiya edən Kişinyov üçün əlavə problem, Rusiya üçün isə təsir imkanlarının bərpası deməkdir...
Musavat.com
27 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ