Onlayn ictimai-siyasi qəzet
Rusiya Prezidenti Vladimir Putin Ermənistanın Baş naziri Nikol Paşinyanı Müstəqillik Günü münasibətilə təbrik edib.
Musavat.com-un məlumatına görə, Rusiya Baş naziri Mixail Mişustin də Ermənistanın Baş nazirinə təbrik məktubu göndərib. Təbrik mesajları Ermənistan hökumətinin rəsmi saytında dərc olunub.

Putinin mesajında deyilir: “Hörmətli Nikol Vovayeviç, xahiş edirəm, Ermənistan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə təbriklərimi qəbul edəsiniz. Sizə möhkəm cansağlığı və uğurlar, dost Ermənistan xalqına isə rifah və firavanlıq arzulayıram”.
Mişustin Paşinyanı Rusiya hökuməti adından və şəxsən təbrik edib.
“Əminəm ki, qarşılıqlı hörmətə əsaslanan ticarət-iqtisadi, elmi-texnoloji və mədəni-humanitar sahələrdə konstruktiv əməkdaşlığın inkişafı Rusiya Federasiyası və Ermənistan Respublikasının uzunmüddətli maraqlarına tam cavab verir”, - deyə Rusiya Baş naziri qeyd edib. O, Paşinyana möhkəm cansağlığı və rifah, Ermənistan vətəndaşlarına isə xoşbəxtlik və firavanlıq arzulayıb.
Rusiya rəhbərliyi 7 iyun seçkilərindən sonra Paşinyanı təbrik etməmişdilər. Münasibətlərdə gərginliyin olduğunu erməni rəsmilər dəfələrlə bildirib.
Paşinyan elə bu gün demişdi ki, Rusiya ilə münasibətlər əvvəlki kimi olmayacaq. Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya ilə İrəvan arasındakı münasibətlərin qaçılmaz olaraq dəyişəcəyini və hər iki tərəfin yeni reallıqlara uyğunlaşmalı olduğunu bəyan edib.
Musavat.com xəbər verir ki, Ermənistan hökumətinin rəhbəri bu barədə “Bun TV” telekanalına verdiyi müsahibəsində bildirib. Paşinyan Rusiya ilə əlaqələrin gələcəyini qiymətləndirərkən vurğulayıb: “Rusiya ilə münasibətlərimiz qaçılmaz olaraq dəyişəcək, bu hansısa konkret şəxs və ya siyasi qüvvə ilə bağlı deyil. Kim hakimiyyətdə olursa-olsun, Ermənistan və Rusiya arasındakı münasibətlər artıq əvvəlki kimi olmayacaq”.
Bununla belə, Ermənistan Baş naziri İrəvanın Moskva ilə əlaqələri kəsmək niyyətində olmadığını və münaqişəyə girməyəcəyini də əlavə edib. O bildirib ki, Ermənistan Rusiya ilə gərginlik yaratmaq deyil, yeni şəraitə uyğunlaşaraq öz legitim mövqeyini qorumaq və münasibətləri dərinləşdirmək tərəfdarıdır.
Maraqlıdır ki, Rusiya rəhbərliyi heç nə olmamış kimi, Paşinyana təbrik göndərib. Paşinyanın Rusiya səfəri ərəfəsində münasibətlərdə geridönüş, yoxsa nə?..
Politoloq Elxan Şahinoğlu Musavat.com-a bildirdi ki, Putin Paşinyana təzyiqi davam etdirir: “Birincisi, Putin Paşinyandan Ermənistanda referendum keçirilməsini tələb edir. Paşinyan ermənilərin Avropa İttifaqı və ya Avrasiya İqtisadi Birliyi arasında seçim etməsini istəyir. Halbuki Paşinyanın Putinə hər dəfə cavabı belədir ki, o, yaxın müddətdə Ermənistanda referendum keçirməyi planlaşdırmır. İkincisi, Putin Paşinyandan Ermənistanda radikal müxalifətə təzyiq etməməsini, dostu eks-prezident Robert Köçəryana toxunulmaması istəyir. Paşinyan Putinin istəyini də yerinə yetirmir, əksinə radikal müxalifətin liderlərinə qarşı cinayət işlərinin açılmasını təmin edib. Putin Paşinyandan nəticə əldə etmədiyinə görə, Ermənistanın kənd təsərrüfatı məhsularının Rusiya bazarlarına ixracına qadağa qoyub. Bundan başqa, Rusiya qazının Ermənistana nəqli dayandırılıb”.
Elxan Şahinoğlu qeyd edbi ki, buna baxmayaraq, Putin Paşinyanla dialoq davam etdirmək məcburiyyətindədir: “Çünki erməni cəmiyyətinin əksər hissəsi Paşinyana alternativ görmür. Erməni cəmiyyəti üçüncü dəfədir ki, parlament seçkilərində Paşinyanın partiyasına səs verib. Putin bu reallıqla hesablaşır. Kreml Ermənistanda qarışıqlıq yaradıb Paşinyanı devirə bilməyib. Ona görə də Kreml sahibi Ermənistanın müstəqillik günü bu ölkənin mövcud rəhbərinə təbrik məktubu göndərib. Ancaq Putin mayda baş nazir seçilməsi münasibətilə Paşinyanın təbrik etməmişdi. Putinin bu iki mesajını belə oxumaq lazımdır: “Ermənistanın müstəqillik günü münasibətilə bu ölkənin rəhbərini təbrik edə bilərəm, ancaq bir baş nazir olaraq sənin siyasətini qəbul etmirəm, ona görə səni baş nazir seçilməyin münasibətilə təbrik etmədim. Ermənistan ayrı, sən ayrı”.
E.Paşasoy,
Musavat.com
14 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ