İnsanlara hürriyət, millətlərə istiqlal!

Müharibədən sonra da bitməyən qaçış - gizlənən alman hərbçilərin taleyi

II dünya müharibəsi başa çatdıqdan sonra Avropanın bəzi ərazilərində silahlı alman hərbçilərinin axtarışı davam edib. 1945-ci ilin mayının sonlarında Latviyanın qərbində yerləşən Alşvanqa stansiyası yaxınlığında sovet kəşfiyyatçıları meşə massivində gizlənən almanlarla qarşılaşıb. Almanlar atəşi ilk açıb, nəticədə sovet ordusunun baş çavuşu həlak olub, qrup isə yenidən meşənin dərinliyinə çəkilib. Hadisə ilə bağlı hazırlanan məlumat “axtarışlar davam edir” sözləri ilə yekunlaşıb. Həmin vaxt Kurlyandiya alman qruplaşmasının təslim olmasından təxminən üç həftə keçib. Moskva Qələbə paradına hazırlaşıb, lakin Latviyanın meşələrində silahlı insanların axtarışı davam edib.

1944-cü ilin payızında alman qoşunları Riqanı itirdikdən sonra Latviyanın qərbinə çəkiliblər. Oktyabr ayında Kurzemedə təxminən 400 min nəfərlik alman qruplaşması yerləşib. Ərazi tam mühasirəyə alınmayıb. Sahil və Liepaya ilə Ventspils limanları almanların nəzarətində qalıb və təchizat dəniz yolu ilə həyata keçirilib. Sovet ordusunun müdafiəni yarmaq üçün etdiyi altı cəhd nəticəsiz qalıb.

41af5d54-1f8f-448a-b9f1-5026d8106173.jpeg (129 KB)

1945-ci ilin mayında alman qruplaşmasının komandanı təslim aktını imzalayıb. İlk beş gün ərzində 181 mindən çox əsgər və zabit, o cümlədən 42 general toplanış məntəqələrinə yığılıb. Lakin hamı təslim olmayıb. Kapitulyasiya şərtlərinin qüvvəyə mindiyi gecə Liepaya və Ventspilsdən bir neçə min nəfər dəniz yolu ilə çıxıb. Onların bir hissəsi Böyük Britaniya və ABŞ qüvvələrinin nəzarətində olan ərazilərə, digərləri isə neytral ölkələrə keçməyə çalışıb. Bəzi hərbçilər isə meşələrdə gizlənib.

Meşə massivlərinin axtarışı mayın sonuna qədər davam edib. Sovet piyadaları meşələrə geniş cərgə ilə daxil olaraq həm toplanış məntəqələrinə gəlməyən hərbçiləri, həm də meşələrdə qalmış silah-sursatı axtarıb. Bəzi qruplar təslim olmaq əvəzinə atəş açıb. Təxminən 300 nəfərdən ibarət SS-çilərin bir qrup cənuba, Şərqi Prussiya istiqamətinə keçməyə çalışıb. Qarşısı alınan qruplaşma ilə döyüşdə 25 nəfər həlak olub. Kurzemedə atışmaların iyun ayında da davam etdiyi isə həmin ərazilərdə dəfn edilən sovet hərbçilərinin məzar daşlarındakı tarixlərdən məlum olub.

28958b6d-9671-455d-8a1c-273f8e6524e2.jpeg (111 KB)

Müharibədən sonra oxşar hadisələr Sovet İttifaqının başqa ərazilərində də baş verib. Moldovanın cənubunda yerləşən Künqaz kəndindəki alman qarnizonu 1944-cü ildə geri çəkilərkən yaxınlıqdakı böyük meşədə gizlənib. Cəbhə sürətlə irəlilədiyindən sovet kəşfiyyatı bu qrupu aşkar etməyib. Yerli sakinlər meşədə insanların gizləndiyini yalnız müharibə başa çatdıqdan sonra öyrənib. Ərazi bir neçə dəfə yoxlanılıb, alman hərbçiləri meşədən çıxarılıb, lakin sonuncular yalnız 1947-ci ildə yaxalanıb. Onların üç il ərzində nə ilə qidalandığı dəqiq məlum olmayıb. Meşədə ov heyvanlarının olduğu və bəzi yerli sakinlərin onlara ərzaq çatdırmış ola biləcəyi bildirilib.

Baltikyanı ölkələrdə alman hərbçilərinin bir hissəsi sovet hakimiyyətinə qarşı silahlı mübarizə aparan yerli dəstələrə qoşulub. Bu qruplar “meşə qardaşları” adlandırılıb. Taurage və Suvalki ərazilərində fəaliyyət göstərən dəstələrdən birində 57 alman hərbçisinin olduğu qeyd edilib.

Belə qruplardan birində pulemyotçu kimi xidmət edən Helmut Gresser Leninqrad yaxınlığında vurulmuş alman pilotu olub. Almaniyaya qayıtmağa çalışsa da, ayağından yaralandığı üçün Litvada qalıb.

817760ac-ef40-4381-8ea6-267caa01e28f.jpeg (224 KB)

Ümumiyyətlə, 1943-1948-ci illərdə düşərgələrdən 11 403 nəfərin qaçdığı müəyyənləşdirilib. Onlardan 10 761 nəfər geri qaytarılıb, 292 nəfər saxlanılarkən həlak olub, 350 nəfər isə gizlənməyi bacarıb. Bu, qaçmağa cəhd edənlərin təxminən 3 faizini təşkil edib. Qaçışların böyük hissəsi Baltikyanı ölkələrdə, Belarusda, Ukraynada və Sovet İttifaqının Avropa hissəsində yerləşən düşərgələrdən baş verib. Daha şərqdə yerləşən düşərgələrdən qaçışlar az olub. Qış aylarında qaçanların vəziyyəti xüsusilə ağır olub. 1945-ci ilin dekabrında Rubtsovsk yaxınlığındakı düşərgədən qaçan Ernst Avqust Fügler insan məskəninə çatmadan donaraq ölüb. Bununla belə, bəzi qaçışlar uğurla nəticələnib. Vermaxt batalyonlarından birinin xəzinədarı Herman Biler 1944-cü ildə əsir düşərək Kazan yaxınlığındakı Zelenodolsk düşərgəsinə göndərilib. O, uzun müddət qaçışa hazırlaşıb, işlədiyi üçün aldığı pulları yığıb, quru çörək tədarük edib və mülki geyim alıb. Biler tikinti sahəsindən qaçaraq Kazana gedib, oradan yük vaqonu ilə Moskvaya, daha sonra Smolensk və Kalininqrada çatıb. Kalininqradda vəfat etmiş bir almanın adına sənəd əldə edib və həmin sənədlə üç mühafizə olunan sərhədi keçib. O, Kazan yaxınlığındakı kartof sahəsindən Hessen əyalətindəki doğma Hofqaysmar şəhərinə qədər olan məsafəni 25 günə qət edib.

Müharibədən sonra uzun müddət gizli yaşayan ən diqqətçəkən şəxslərdən biri isə Karl Mekkenştok olub. 1915-ci ildə Essen yaxınlığında kəndli ailəsində anadan olan Mekkenştok 1943-cü ildə orduya çağırılıb və Şərq cəbhəsinə göndərilib. Müharibənin sonunda Kurlyandiya qruplaşmasının tərkibində olub və əsir düşüb. 1946-cı ildə onu düşərgəyə aparan qatardan Cesis stansiyası yaxınlığında qaçıb. Meşələr və kolluqlarla hərəkət edən Mekkenştok əvvəllər tanıdığı latış ailəsinin yaşadığı İevay xutoruna çatıb. Ailə onu gizlədib və mülki geyimlə təmin edib. Mekkenştokun Almaniyadakı qohumları uzun müddət onun sağ olub-olmadığını bilməyib. 1956-cı ildə adı Alman Qırmızı Xaç Təşkilatının kartotekasında qeydə alınıb.

d40eae48-fa62-444a-9a30-62cfbe8b0d13.jpeg (107 KB)

1970-ci illərin ortalarından etibarən o, qohumları ilə əlaqə saxlamağa başlayıb. 1978-ci ilin qışında sovet hüquq-mühafizə orqanları İevay xutoruna gələrək Mekkenştoku saxlayıb. O, Valmierada və Riqada dindirilib, bir neçə həftə sonra yenidən xutora qayıdıb. Onu gizlədən ailə üzvləri də dindirilib, lakin barələrində cinayət işi başlanmayıb. Mekkenştok daha sonra Sovet İttifaqını tərk etmək üçün müraciət edib. Aparılan yoxlama zamanı onun düşmənçilik fəaliyyəti ilə məşğul olmadığı müəyyənləşdirilib və ölkədən çıxmasına icazə verilib. 1980-ci ilin yazında o, Riqadan Almaniyaya yola düşüb. Bir həftə sonra Essen şəhərində bacısının qapısını döyüb və müharibədən bəri görmədiyi bacısı ilə görüşüb. Mekkenştok Almaniyada evlənib. 1993-cü ildə həyat yoldaşı ilə birlikdə Burtniekiyə qayıdaraq 30 ildən çox yaşadığı xutoru ona göstərib. Karl Mekkenştok 99 yaşında vəfat edib.

Beləliklə, müharibənin rəsmi olaraq başa çatmasına baxmayaraq, ayrı-ayrı alman hərbçilərin taleyində uzun illər davam edən gizlənmə, axtarış və qaçışlar dövrü olub. Bəziləri meşələrdə tutulub, bəziləri silahlı dəstələrə qoşulub, bəziləri isə illərlə sənədsiz yaşadıqdan sonra Almaniyaya qayıda bilib.

İlkin Nəcəf, xüsusi olaraq Musavat.com üçün

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2026

13 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR