Onlayn ictimai-siyasi qəzet
Soçinin keçmiş meri Aleksey Kopayqorodski 15 il müddətinə azadlıqdan məhrum edilib. Ukraynada müharibəyə yollandıqdan sonra Luqanskda saxlanılan keçmiş məmur yüz milyonlarla rublluq rüşvət, mənimsəmə və cinayət yolu ilə əldə edilmiş gəlirlərin leqallaşdırılmasında təqsirli bilinib.
Musavat.com Rusiya mediasına istinadən xəbər verir ki, Moskva məhkəməsi Kopayqorodskini ümumi rejimli koloniyada 15 il həbs cəzasına məhkum edib.
Bundan əlavə, keçmiş merə 500 milyon rubl cərimə kəsilib və onun dövlət orqanlarında rəhbər vəzifə tutması qadağan edilib.
İstintaqın versiyasına görə, Kopayqorodski həyat yoldaşı Yanina vasitəsilə sahibkarlardan himayədarlıq müqabilində iri məbləğdə rüşvətlər alıb. Ər-arvad əldə etdikləri pulları əsasən daşınmaz əmlaka yatırıb.
İstintaq Kopayqorodskinin ümumilikdə 320 milyon rubl rüşvət aldığını bildirir. Bundan başqa, onun ümumi dəyəri 26 milyon rubl olan iki torpaq sahəsini mənimsədiyi müəyyən edilib.
Keçmiş merin həyat yoldaşı Yanina Kopayqorodskaya da 9 il həbs və 500 milyon rubl cərimə cəzasına məhkum edilib. Bununla belə, cinayət məsuliyyətinə cəlbetmə müddətinin başa çatması səbəbindən o, məsuliyyətdən azad olunub.
Bundan əvvəl məhkəmə Kopayqorodski ailəsinə məxsus 1,6 milyard rubldan artıq əmlakı həbs edərək dövlət nəfinə müsadirə etmişdi.
Aleksey Kopayqorodski 2019-cu ilin sentyabrından 2024-cü ilin mayına qədər Soçi şəhərinin meri olub.
Vəzifəsindən ayrıldıqdan sonra isə o, Ukraynadakı müharibəyə yollanıb. Lakin cəbhədə qalması uzun çəkməyib: 2024-cü ilin sentyabrında Kopayqorodski Luqanskda saxlanılaraq barəsində cinayət təqibi başlanıb.
Beləliklə, bir neçə ay əvvəl Soçiyə rəhbərlik edən, istefasından sonra isə müharibəyə gedən keçmiş mer indi 15 illik həbs cəzası ilə üzləşib.
Musavat.com
15 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ