Onlayn ictimai-siyasi qəzet
İsrailin baş naziri Binyamin Netanyahu ABŞ prezidenti Donald Trampın dəstəyini qazanmaqla ölkə daxilində zəifləyən siyasi mövqelərini möhkəmləndirməyə çalışır.
Musavat.com xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.
Telekanalın təhlilinə görə, Netanyahunun Trampla ABŞ-ın Mar-a-Laqo iqamətgahında keçirdiyi görüş sadəcə diplomatik xarakter daşımır. CNN bunu faktiki olaraq İsrail baş nazirinin 2026-cı il parlament seçkiləri üçün seçki kampaniyasının başlanğıcı kimi qiymətləndirir. Məlumata görə, Tramp bu kampaniyada Netanyahu üçün əsas siyasi fiqurlardan birinə çevrilə bilər.
Qeyd olunur ki, Netanyahu ABŞ prezidentinin açıq və ya dolayı dəstəyindən istifadə edərək 7 oktyabr 2023-cü il hadisələrindən və Qəzza zolağında aparılan müharibədən sonra azalan reytinqlərini bərpa etməyə çalışır. Onun strategiyası uğursuzluqlardan məsafə saxlamaq və özünü Trampın dəstəyi ilə böyük diplomatik nailiyyətlər əldə edə bilən lider kimi təqdim etməkdir.
CNN yazır ki, Qəzza, İran və regional təhlükəsizlik məsələlərində mövcud fikir ayrılıqlarına baxmayaraq, Tramp–Netanyahu ittifaqı hələ də möhkəm olaraq qalır. Netanyahunun yaxın çevrəsində hətta seçki kampaniyasının qızğın mərhələsində Trampın İsrailə səfər edə biləcəyi ehtimalı da istisna olunmur.
Musavat.com
05 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ