İnsanlara hürriyət, millətlərə istiqlal!

Özəl klinikalar akkreditasiyadan keçəcək: xəstələrə nə xeyiri?

Azərbaycanda özəl tibb müəssisələrinin akkreditasiyası məsələsi səhiyyə xidmətlərinin keyfiyyəti və pasiyentlərin hüquqları baxımından diqqət çəkir. Klinikaların müəyyən standartlara uyğunluğunun qiymətləndirilməsi tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsinə, təhlükəsizlik tələblərinə əməl olunmasına və pasiyent məmnunluğunun artırılmasına xidmət etməlidir.

WhatsApp Image 2026-10-15 at 16.50.24.jpeg (67 KB)

Səhiyyə iqtisadiyyatı üzrə mütəxəssis Nərmin Abbaslı Musavat.com-a deyib ki, Akkreditasiya sisteminin tətbiqi səhiyyə xidmətlərinin keyfiyyətinin yüksəldilməsi baxımından mühüm addım ola bilər: “Lakin burada əsas məsələ klinikaların akkreditasiya sertifikatı alması deyil, bu prosesin pasiyentlərin aldığı tibbi xidmətin keyfiyyətinə real təsir göstərməsidir.

Səhiyyə iqtisadçısı kimi hesab edirəm ki, tibbi xidmətin keyfiyyətini yalnız klinikanın texniki bazası, müasir avadanlıqları və ya həkimlərin ixtisas göstəriciləri ilə qiymətləndirmək doğru deyil. Burada ən vacib meyarlardan biri klinik nəticələrdir. Məsələn, əməliyyatdan sonrakı ağırlaşmaların, xəstəxanadaxili infeksiyaların, təkrar hospitalizasiyaların və qarşısı alına bilən tibbi səhvlərin səviyyəsi qiymətləndirilməlidir. Çünki müasir avadanlıqlarla təchiz edilmiş klinika heç də avtomatik olaraq keyfiyyətli tibbi xidmət göstərən müəssisə demək deyil”.

Müsahibimiz qeyd edib ki, akkreditasiyanın formal prosedura çevrilməməsi üçün qiymətləndirmə müstəqil, şəffaf və davamlı olmalıdır: “Klinikaya bir dəfə sertifikat verilməsi onun sonrakı illərdə də eyni keyfiyyəti qoruyacağına zəmanət vermir. Buna görə mütəmadi klinik auditlər, keyfiyyət göstəricilərinin monitorinqi və pasiyent şikayətlərinin obyektiv araşdırılması vacibdir”.

Tələblərə cavab verməyən müəssisələrə gəldikdə isə, Nərmin Abbaslı bildirib ki,  akkreditasiya ilə lisenziyalaşdırma bir-birindən fərqləndirilməlidir: “Akkreditasiya tələblərinin ödənilməməsi avtomatik olaraq klinikanın fəaliyyətinin dayandırılması demək deyil. Konkret hüquqi nəticələr qüvvədə olan normativ tələblərdən və aşkar edilmiş pozuntuların xarakterindən asılıdır. Bununla belə, pasiyent təhlükəsizliyinə ciddi risk yaradan nöqsanlara qarşı effektiv nəzarət mexanizmləri mövcud olmalıdır. Pasiyentlərin klinika seçiminə gəldikdə isə, vətəndaşlar ilk növbədə müəssisənin müvafiq lisenziyasına, həkimlərin peşə ixtisasına, klinikanın təhlükəsizlik standartlarına və göstərilən xidmətlərin şəffaflığına diqqət etməlidirlər. Lakin burada bütün məsuliyyəti vətəndaşın üzərinə qoymaq da düzgün deyil. Adi pasiyentin klinikanın tibbi xidmət keyfiyyətini peşəkar səviyyədə qiymətləndirmək imkanı yoxdur. Səhiyyə iqtisadiyyatında bunu informasiya asimmetriyası adlandırırıq. Yəni tibbi xidmət göstərən tərəf xidmətin keyfiyyəti və riskləri haqqında pasiyentdən daha çox məlumata malikdir. Məhz buna görə dövlətin və müvafiq tənzimləyici qurumların vəzifəsi yalnız klinikaları yoxlamaq deyil, həm də vətəndaşların etibarlı məlumatlara çıxışını təmin etməkdir. Akkreditasiya nəticələri və müqayisə oluna bilən keyfiyyət göstəriciləri ictimaiyyət üçün əlçatan olmalıdır. Nəticə etibarilə, akkreditasiya sisteminin uğurunu neçə klinikanın sertifikat alması ilə deyil, tibbi səhvlərin, qarşısı alına bilən ağırlaşmaların və pasiyent təhlükəsizliyi ilə bağlı problemlərin nə dərəcədə azalması ilə qiymətləndirməliyik. Mənim üçün əsas prinsip budur ki, akkreditasiya pasiyentin sağlamlığını qoruyan real keyfiyyət təminatı olmalıdır”.

 

Afaq Mirayiq,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR