Onlayn ictimai-siyasi qəzet
Ermənistanın siyasi gündəmi yenidən qalmaqallı açıqlama ilə silkələnib. Müxalif düşərgənin tanınmış simalarından biri olan “Çiçəklənən Ermənistan” Partiyasının sədri Edmon Marukyan hökumət başçısı Nikol Paşinyanla bağlı diqqətçəkən iddia səsləndirib. Marukyan Paşinyanın siyasi gələcəyinin sual altında olduğunu bildirib.
“Sabah Paşinyan artıq baş nazir olmaya bilər”, – deyə Marukyan vurğulayıb.
Müxalif siyasətçi bununla kifayətlənməyərək Paşinyanın hakimiyyətdən getdikdən sonrakı taleyi ilə bağlı da mübahisə doğuran fikirlər səsləndirib: “Şübhə etmirəm ki, bu adam işdən çıxdıqdan sonra yaşamaq üçün Azərbaycana getməyəcək. O zaman onu Bakıda alqışla qarşılayıb, gül dəstəsi verəcəklər”.
Marukyanın bu bəyanatı Ermənistanda növbəti siyasi qarşıdurmanın başlanğıcı sayıla bilərmi? Paşinyanın hakimiyyəti həqiqətən təhlükə altındadır, yoxsa bu, müxalifətin siyasi ritorikasının bir hissəsidir?
ƏHD partiyasının baş katibi, politoloq Niyaməddin Orduxanlı Musavat.com-da məsələyə bu cür şərh verdi: “Ermənistan daxilində iqtidar-müxalifət münasibətləri uzun illərdir ki, kəskin, hətta deyərdim düşmənçilik mövqeyindədir. Son parlament seçkilərindən dərhal sonra Nikol Paşinyan seçkidəki bir neçə əsas rəqiblərini sıradan çıxardı. Hətta onların içərisində milyarder olan və Rusiyaya yaxınlığı ilə tanınan şəxslər də var idi. Seçki bitikdən sonra keçmiş prezident Köçəryan ölkəni tərk etmək istədi, ancaq onu aeroportdan geri qaytardılar və barəsində cinayət işinin olduğunu bildirdilər. Köçəryan prezident olduğu dövrdə Nikol Paşinyanı həbs etdirmişdi. Bir neçə il həbs yatdı. Göründüyü kimi, hər iki düşərgə bir-birinə qarşı qisasçılıq, düşmənçilik münasibətindədir. Təbii ki, burada əsas rolu birinin Qərbpərəst, digərinin isə, Rusiyapərəst olması oynayır. Paşinyanın rəqibləri uzun müddətdir ki, onu “Azərbaycanın dostu” adlandırır, hətta ona “Türk” adını da qoyublar, yəni erməni xalqının düşməni. Marukyanın bəyanatı çoxdan baş vermiş qarşıdurmanın davamıdır. İmkanları olsa, bir-birilərini qətlə də yetirə bilərlər. Hər kəs 1997-ci ildə Ermənistan Parlamentində spiker Dəmirçiyanın, baş nazir Sərkisyanın və digər dövlət nümayəndələrinin qətlə yetirilməsini yaxşı xatırlayır. Ermənistan özünü təsdiq etməyən terror dövlətidir. Paşinyan hakimiyyətə gələndən sonra özünü “demokrat” kimi göstərdiyinə görə, rəqiblərini ancaq həbs etdirməklə kifayətlənir. İmkanı olsa, o da rəqiblərini gülləboran etdirər, terror edər”.
Cavanşir Abbaslı
Musavat.com
31 Iyul 2026
30 Iyul 2026
ŞƏRHLƏRŞƏRH YAZ