İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyan müdafiə nazirini İrana nə üçün göndərib?

Ermənistanın müdafiə naziri Suren Papikyan İrana səfər edib. Fevralın 25-də o, Tehranda İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani ilə görüşüb. Görüş zamanı regional təhlükəsizlik və sabitlik, eləcə də Ermənistan-İran ikitərəfli əməkdaşlığının gedişi və perspektivləri ilə bağlı məsələlərin müzakirə olunduğu bildirilir. Həmçinin görüşdə Ermənistan və İran ətrafında təhlükəsizlik mühitinə də toxunulub.

Siyasi şərhçi Əli Orucov Musavat.com-a bildirib ki, Suren Papikyanın İran Ali Milli Təhlükəsizlik Şurasının katibi ilə görüşü sıradan diplomatik təmas deyil. Regionda gərginliyin artdığı, ABŞ-İran xəttində mümkün hərbi eskalasiya risklərinin müzakirə edildiyi bir mərhələdə bu səfər daha geniş geosiyasi kontekstdə qiymətləndirilməlidir: “Ermənistan üçün İran həyati tranzit və alternativ təhlükəsizlik dayağıdır. İndi isə Zəngəzur dəhlizi ətrafında müzakirələr fonunda İrəvan Tehranın “regionda sərhədlərin dəyişməzliyi” mövqeyini öz xeyrinə qorumaq istəyir.

İran son illər PUA və raket texnologiyaları sahəsində ciddi irəliləyiş əldə edə bilib. Ermənistan isə ordusunu modernləşdirməyə çalışır, Rusiyadan asılılığı azaltmaq niyyətindədir, alternativ silah və texnologiya mənbələri axtarır. Bu baxımdan Tehranla hərbi-texniki əməkdaşlıq imkanları müzakirə mövzusu ola bilər”.

Ekspertin fikrincə, regional müharibə risklərinə hazırlıq da səfərin gündəmində dayanan məsələlərdən ola bilər: “Əgər ABŞ-İran qarşıdurması kəskinləşərsə İran ətrafındakı ölkələr təhlükəsizlik riskləri ilə üzləşə bilər ki, Ermənistan belə vəziyyətdə öz ərazisinin mümkün geosiyasi toqquşmalara cəlb olunmaması üçün qabaqlayıcı addımlar atmaq istəyir. Papikyanın səfəri həm də “biz İranın əleyhinə platforma olmayacağıq” mesajının Tehrana birbaşa çatdırılması üçündür. Hansı istiqamətdən təhlil etsək görürük ki, bu səfər Ermənistana daha çox lazımdır. Papikyanın səfəri daha çox Ermənistanın təşəbbüsü və ehtiyacı kimi görünür, lakin İran da bundan fayda götürür”.

Etibar Seyidağa,
Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR