İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyan onları həbsə göndərməyin yolunu tapdı

Ermənistan parlamentinin sabiq sədri, Milli Təhlükəsizlik Şurasının yeni katibi Alen Simonyan vəzifəsinə başlayar-başlamaz müxalifət deputatlarını və sabiq prezident Robert Köçəryanla oliqarx Samvel Karapetyanı tapdalamaqla hədələyib.

kj083VeSonpiGc5LMO2iAapyulY7bML8dbNzR7C8_1200.jpg (121 KB)

Simonyan parlamentdəki radikal müxalifət düşərgəsinə qarşı sosial şəbəkə hesabında yazıb:

“Savadsız liderlərinin pulları və erməni xalqını çaşdırmaq hesabına deputat olmuş bu balaca təlxəklər başa düşməlidirlər ki, belə şeylərdən sonra hər dəfə təkcə onların özlərini deyil, ilk növbədə xarici agent olan savadsız liderlərini də tapdalayacam. Sizin mənim kölgəmlə belə mübahisə etməyə və ayaqlaşmağa nə ağlınız, nə də biliyiniz çatır. Ona görə də sakitcə öz yerinizə qayıdın, yoxsa o kaluqalı Samonun (Karapetyan) və o əyriağız Robun (Köçəryan) başına oyun açmalı olacam. Siz bunu çoxdan haqq etmisiniz, bundan sonra da edəcəksiniz”.

Təhlükəsizlik Şurasının yeni katibinin bu hədəsi sadəcə ritorikadır, yoxsa real hədədir?

ORUCOV SON.jpeg (33 KB)

Siyasi şərhçi Əli Orucov Musavat.com-a bildirib ki, Alen Simonyanın bəyanatını boş ritorika hesab etmək düzgün olmaz. Onun yeni vəzifəyə gətirilməsi fonunda bu cür sərt mesajlar Paşinyan hakimiyyətinin siyasi rəqiblərə qarşı daha aqressiv mərhələyə keçə biləcəyinə işarədir:

“Ermənistan hakimiyyəti radikal mövqeli siyasi rəqiblərinə qarşı təhlükəsizlik və hüquqi mexanizmlərdən istifadə etmək üçün zəmin hazırlayır. Simonyanın ritorikası daha çox “öncədən siyasi xəbərdarlıq” təsiri bağışlayır. Paşinyan bilir ki, hazırda Köçəryan və Karapetyanı həbs etdirməsi siyasi baxımdan da risklidir. Çünki bu, hakimiyyətin seçkidən sonra müxalifəti təmizləməyə başladığı görüntüsü yarada bilər və həm Qərbdə, həm də Ermənistan daxilində əlavə suallar doğura bilər. Ona görə də əvvəlcə siyasi diskurs sərtləşdirilir, sonra təhlükəsizlik və hüquqi ittihamlar gündəmə gətiriləcək. Yalnız bundan sonra konkret şəxslərə qarşı hüquqi tədbirlərin görülməsi ehtimalı reallaşa bilər”.

Ekspert hesab edir ki, Simonyanın Təhlükəsizlik Şurasının katibi olması ona siyasi rəqibləri birbaşa “müxalifət” kimi deyil, dövlət təhlükəsizliyi prizmasından qiymətləndirmək üçün daha geniş siyasi platforma verir. Bu isə Paşinyan hakimiyyəti üçün çox əlverişli mexanizmdir:

“Çünki adi siyasi mübarizədə rəqibi sıradan çıxarmaq bir şeydir, onu “dövlət təhlükəsizliyinə təhdid” kimi təqdim etmək isə tamam başqa məsələdir. Sonuncu variant əl-ayağa dolaşanları daha rahat zərərsizləşdirmək imkanı yaradır”.

Etibar Seyidağa,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

18 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR