İnsanlara hürriyət, millətlərə istiqlal!

Ramin Məmmədovdan gənclərlə bağlı 7 istiqamət üzrə əməkdaşlıq TƏKLİFİ  

"Gənclər və İdman Nazirliyi ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi arasında bu istiqamətdə daha sistemli əməkdaşlıq üçün geniş imkanlar var. Biz bu əməkdaşlığı ayrı-ayrı tədbirlərlə məhdudlaşdırmamalı, davamlı və ölçülə bilən mexanizmlər üzərində qurmalıyıq".

Musavat.com xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov “Gənc nəslin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi” mövzusunda konfransda bildirib: "Birincisi, gənclər arasında milli-mənəvi dəyərlər, dini savadlılıq və düşüncə təhlükəsizliyi mövzusunda birgə maarifləndirici proqramlar həyata keçirə bilərik. İkincisi, gənclərin real informasiya davranışını nəzərə alaraq, klassik tədbirlərdən əlavə, sosial media və rəqəmsal platformalar üçün müasir məzmunlar hazırlaya bilərik. Burada əsas prinsip formal tədbirlər deyil, gəncin gündəlik istifadə etdiyi informasiya məkanında onunla düzgün kommunikasiya qurmaq olmalıdır".

Komitə sədri çıxışının davamında qeyd edib: "Üçüncüsü, gənclər üçün dini savadlılıq və media savadlılığını birləşdirən təlim proqramları hazırlamaq mümkündür. Gənc yalnız dini məlumatı deyil, həmin məlumatın mənbəyini, etibarlılığını və kontekstini də qiymətləndirməyi bacarmalıdır. Dördüncüsü, dini icmaların və din xadimlərinin gənclərlə iş imkanlarını genişləndirə bilərik. Bunun üçün gənclərlə kommunikasiya, rəqəmsal mühit, psixoloji və sosial çağırışlar, radikallaşmanın ilkin əlamətləri və preventiv maarifləndirmə üzrə onların bacarıqlarının artırılması istiqamətində birgə fəaliyyətlər həyata keçirmək olar.
Beşincisi, gənclərin milli-mənəvi dəyərlərlə bağlı təşəbbüslərini dəstəkləyən birgə layihə və müsabiqələr təşkil etmək mümkündür. Xüsusilə gənclərin özlərinin məzmun istehsalçısı kimi iştirak etdiyi layihələr daha effektiv ola bilər. Altıncısı, milli-mənəvi dəyərlərin yalnız tarixi irs kimi deyil, müasir həyat tərzində özünü göstərən davranış və münasibətlər sistemi kimi təqdim edilməsinə diqqət yetirməliyik. Çünki dəyər yalnız haqqında danışılan anlayış deyil, gündəlik həyatda davranışa çevrildikdə real məna qazanır.

Və nəhayət, bu istiqamətdə görülən işlərin nəticələrini qiymətləndirmək üçün birgə monitorinq və təhlil mexanizmləri formalaşdırmaq olar. Çünki müasir dövlət idarəçiliyində yalnız tədbirin keçirilməsi deyil, onun hansı nəticəni yaratdığı əsas göstəricidir. Ortaq məqsədimiz eynidir: milli kimliyinə bağlı, müasir dünyagörüşlü, bilikli, sağlam düşüncəli və dövlətçilik məsuliyyətini dərindən dərk edən Azərbaycan gəncinin formalaşmasına töhfə vermək".

Afaq Mirayiq,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR