İnsanlara hürriyət, millətlərə istiqlal!

Rauf Arifoğlu nəsnəsi - Pənah Hüseynin yazısı

Azərbaycanın keçmiş Baş naziri Pənah Hüseyn "Yeni Müsavat" Media Qrupunun rəhbəri, Əməkdar jurnalist Rauf Arifoğlu haqqında diqqətçəkən xatirələrini bölüşüb. "Rauf Arifoğlu nəsnəsi" adlı yazıda o, ilk tanışlıq zamanı formalaşan mənfi təəssüratının zamanla necə dəyişdiyini, Rauf Arifoğlunun siyasi və media fəaliyyətini, həbsxana dövründəki mübarizəsini və xarakterində dəyişməyən cəhətləri ətraflı təsvir edib. Pənah Hüseyn "Yeni Müsavat" qəzetinin yaranmasından, 2003-cü il həbsxana günlərindən və Rauf Arifoğlunun şəxsiyyətinə dair müşahidələrindən də bəhs edib.

752169310_27856216373974826_9124468304605231157_n.jpg (76 KB)

 Sözügedən yazını təqdim edirik:

... Rauf Arifolunu ilk dəfə 1989- cu ilin iyununda, Azərbaycan Xalq Cəbhəsi Təşəbbüs Mərkəzinin üzvü Canbaxış Umudovun Bakı şəhərində, Kubinkadakı evinin həyətində, AXC rayon şöbələri (dayaq dəstələrinin) konfransında görmüşəm. Yadımda profilinə və tipinə görə Maştağa uşaqlarına bəzəməsi ilə qalmışdı. Sonradan onun Maştağadan yox Tovuzdan olduğunu biləndə xeyli təəccüblənmişdim.

7fb3fe33-a9d5-4ccd-8234-c3106a14a736.jpg (111 KB)

Baxmayaraq ki, o vaxt bizim çoxumuzun da bir o qədər çox yaşı yox idi, məsələn mən 32– in içində idim, Rauf “gənclərdən” idi, indi məlum olur ki, 23-yaşındaymış, və biz əlbəttə onlara baxanda “starik” sayılırdıq və bizə onların əksəriyyətinin münasibəti də belə idi. Ehtiram, hətta bir qədər də çəkingənlik qarışıq sayğı. Ancaq içlərində elələri vardı ki, “bərabər” olduqlarını nümayiş etdirməyə, yeritməyə, qeydə aldırmağa gözlə görünən tərzdə cəhd edirdilər və Rauf da bu tipə aid idi.

jghjghjghj.jpg (134 KB)

Onunla xüsusən ilk anlar nəyisə müzakirə edəndə, nəyisə izah edib başa salmaq istəyəndə sifətinin mimikasında, səsinin tonunda səbəbsiz, qəsdli, dirəşkənçi, höcətçi, özünütəsdiq cəhdi adamı qıcıqlandırırdı. Doğrudur, o da sonradan məlum oldu ki, Raufdakı bu övqat bizm dəstəyə qarşı Məhəməd Hatəminin ətrafındakılarda yaratdığı, şübhəçi və inkarçı təsir də rol oynayırmış . Əlbəttə ki, mənim də Raufa baxışımda onun “Hatəmiçi” olması önyarğı işarəsi idi. Onun haqqında ilk təəssüratım: tipik qaraguruh kafalı, iddialı, hikkəli, şübhəçi, davakar, məhdud, təşkilat adamlığına yaramayan HATƏMİÇİ!

Rauf Arifoğlu 90- cı ilin martında Musavat Milli Partiyası adından AXC Məclisinin gərgin keçən Akstafa sessiyasında hələ formalaşma mərhələsi keçirən siyasi partiyalar və AXC arasında bərabər hüquqlu əməkdaşlıq iddiası ilə çıxış edəndə də bənzəri qənaət və təəssürat yarandı. Rauf Arifoğlu (o vaxt Rauf Şenol sanki AXC- ilə eyni statusda olan təşkilatın nümayəndəsiymiş kimi danışırdı və hətta AXC – ni “bir neçə partiyaya parçalamaq kimi “zərərli” çağrış etməyə cəsarət etmişdi.

497528936_9983031321719939_1433837990917264474_n.jpg (609 KB)

Ancaq onda nəsə vardı və yaxın şəxsi münasibətlərimiz olmasa da, zaman- zaman AXC tədbirlərində, AXC Qərargahında rastlaşırdıq və iş elə gətirmişdi ki, AXC İdarə Heətində onunla ən çox ünsiyyətdə də mən olurdum. AXC İdarə Heyəti, Nəzəriyyə qrupunun üzvü, sonra AXC Analitik Mərkəzinin rəhbəri və AXC mətbu orqanları ilə münasibətdə AXC İdarə Heyətinin koordinatoru, AXC İcraiyyə Komitəsinin sədti kimi təşkilat və hərəkat üçün maraqlı fərdlərin cəlb edilməsi, seleksiyası ilə məşğul şəxs olaraq əlbəttə ki, Rauf Arifoğlunun mənim diqqətimi cəlb etməsi qayət təbii idi çünki bir “qaraguruhçu”, irqçiləyə yaxın bir milliyyətçi gəncdən Msavatçılıq, Məmməd Əmin Rəsulzadə, İstiqlalçılıq, hürriyyətçilik, Xalq Cəbhəsi fəaliyyət sferasına daxil olan məsələlər barədə bir intellektualın edə biləcəyi səviyyədə məlumatlar, rəylər və təhlillillər eşitmək əlbəttə ki, məni təəccübləndirdi və maraqlandırırdı. Hətta onun bir təhlil yazısını “Azadlıq” qəzetində çap olunmaq üçün tövsiyə etdim. Nəcəf Nəcəfov ləngitdi. Raufun musavatçılıq və milliyyətçilik, milli dava, hürriyyətçilik haqqında bilgiləri, mülahizələri mənim diqqətimi o dərəcədə cəlb etmişdi ki, ona təbliğ və təşviq edirdim ki, Türkiyəyə asprantura təhsili almağa getsin. Sonradan o bu məsələni bir qədər fərqli şəkildə “Pənah Hüseynovun oxumaqlığa getməkliyi” adlı bir yazısında təsvir etmişdi.
...Xüsusi araşdırma tələb edən şey Rauf Arifoğlunun 1992- ci ilin əvvəllərindən üzvü və təsisçilərindən olduğu Milli Musavat partiyasında Nəsib Nəsibli və Niyazi İbrahimli ilə birlikdə İsa Qəmbəri həmin partiya liderliyinə dəvət etməsi idi. (bu məsələni Ankara Azərbaycan Milli Mərkəzinin Musavat partiyasını Elçibəyə və Elçibəyin öz növbəsində tövsiyəsi ilə İsa Qəmbərə “əmanət” etməsi prosesi və danışıqları ilə eyniləşdirmək lazım deyil- P. H.). Müasir dil ilə desək bu əsil siyasu startap idi. Rauf Arifoğlu sonralar “Yeni Musavat” qəzetini hərəkatın ən uğurlu yeganə layihəsi adlandırmağı sevirdi. Və həqiqətən də ixtisasca jurnalist olmayan birinin düşünüb, yaratdığı, yönətdiyi, ayrıca bir məktəbə çevirdiyi, müddətsiz olaraq zirvədə saxlalamağa nail olduğu “Yeni Musavat” qəzeti Azərbaycan mətbuat tarixində fenomenal uğurlardan biridir. Lakin bir şey var ki, mənim fikrimcə məhz bu uğur ideoloji Rauf Arifoğlunu, ideoloq, idealist Rauf Arifoğlunun bötövlükdə siyasətə və siyasətçiliyə “layihə” “layihələr” kimi kimi baxan “menecerə” və öz növbəsində özünü də “layihəyə” çevirməsində rol oynadı, yəni bu şəksiz fenomenal uğur onun “uğursuzluqlarının” (və uğursuzluqlarının) da əsasında durdu...

496296578_9965334840156254_2883529201406793944_n.jpg (100 KB)

Obyektivlik və ədalət naminə onu da qeyd edim ki, Rauf Arif oğlu bəzilərinin onun haqqında fikirləşdiyinin, təsəvvürünün əksinə olaraq, xüsusən 2000- ci illərin otrtalarına qədər fəaliyyətlərində komanda adamı olub və onun bü gün mübahisələrə səbəb olan bəzi addımları, “uğusuzluqları” komandanın istəyi ilə başladılıb. Onun tənqidə, hətta linçə məruz qaldığı bəzi addımlarının ideya müəllifləri digərləri, o cümlədən mən olmuşam. Sonradan bunun üçün kiminsə axıradək məsuliyyət götürmək istəməməsi və ya Rauf Arifoğlunun “layihədən” kənara çıxmaları, “çox uzaqlara getməsi “, dərinə enməsi, “batması”) səbəbindən bəzi məsələlər planlaşdırıldığından fərqli nəticələrlə bitib. Bu ayrı bir mövzudur...

...Ancaq 2003- cü ilə qədər Rauf Arifoğlu ilə şəxsi müstəvidə dost sayıla biləcək dərəcədə münasibətlərimiz olmayıb. Hətta bir qədər də uyuşmazlıqlar olub...Biz onunla 2003- cü ilin oktyabr hadisələrinə görə təqsirləndirilib həbs olunduğumuz Bayıl təcridxanasının məşhür 5- ci , ölüm korpusinda saxlandığımız hücrələrdə yaxınlaşıb dostlaşdıq və ondan sonra indiyə, bu günə kimi də dost qaldıq...

Rauf 2003—2004- cü ildə Bayl təcridxanasında olduğumuz müddətdə də gecə gündüz jurnalist kimi işləyirdi. Həbsxanada ilk dövrdə tək adamlıq hücrədə qaldığı dövrdə də daim yazırdı. Hardan, necə, kameraya diktafon, fotoaparat gətirə bilmişdi və bizim həbsxana , müsahibələrimiz ancaq onun jurnalist fəaliyyəti nəticəsində mmümkün olmuşdi. Mənim ən yaxşı müsahibələrimdən birini 2004- cü ilin yanvarında Bayıl həbsxanasının məşhur 5- ci ölüm korpusunda Rauf Arifoğlu alıb və “Yeni Musavat”da dərc etdirib. Bizim istintaq dövrü və xüsusən məhkəmə dövründə haqqımızda, prosesə dair gedən yazılar, analizlər. reportajlar onun bilavasitə rəhbərliyi və iştirakı ilə istehsal olunurdu. Bir məsələni də qeyd edim. Oktyabr məhbuslarının mübariz siyasi ovqatının saxlanmasında, o sınaqdan layiqli şəkildə, sınmadan çıxmağımında da Raufun ciddi polu olub. Bir sıra aksiyaların, o cümlədən aclıq aksiyalarının ideya müəllifi Rauf idi.

481944672_9512299995459743_2533447619367815089_n.jpg (283 KB)

… “Mansur İbayevin” çıxardığı hökm Apellyasiya məhkəməsində təsdiq edilib qüvvəyə mindikdən sonra təcridxanadan zona göndərilməyimiz zaman məsələsi idi.

Təcridxananın rəis müavini Ağamməd “müəllim” bığlarına and içib söz vermişdi ki, bizi bir yerdə, bir zona etap edəcəklər. Odur ki, biz həttə əşyalarımızı da ayırmamışdıq və hamımızın “veş”ləri qarışıq şəkildə üç böyük çantada qablaşdırılmışdı. Dekabrın 3- də şənbə günü yığışın komandası verildi. Bir yerdə dustaqları daşıyan maşına mindik, ancaq Qaradağdakı Qızıldaş deyilən yerdə məlum oldu ki, bizi ayrı- ayrı zonlara “paylayırlar”. Əməllicə bunt qaldırmağımıza baxmayaraq, əvvəlcə Sərdar Cəlaloğlunu düşürdülər. Ümumi əşyalarımızın bir qismi Sərdar Cəlaloğlu ilə getdi. Sonra Rauf Arifoğlunu düşürdülər. Artıq məsələ ilə barışmışdıq. Razılaşdırq ki, digər əşyalar da Raufla getsin, sonradan mənim və Arifin (Arif Hacılı- P. H.) kiləri göndərər. Rauf maşından çox asat- asta düşdü. Bir dəstə “nazor” onu əhatəyə aldı. Çantaları maşının içindən yerə atdılar. Gözləyirlər ki, Rauf cantaları götürəcək. Rauf üzünü nazorların ən yekəpərinə tutub : “Nə baxıran, sumkaları götür, biz millətin yükün daşıyırıq. İndi də siz bizim yükümüzü daşıyın”- dedi. Nəzarətçilər çaşıb qaldı. Görünürdü ki, zona gələn belə dustaq görməmişdilər. Zona xüsusən ilk dəfə gətirilənlər çəkingən olur, nə göstəriş verirlər dərhal yerinə yetirirlər ki, onları “əzməsinlər”. Biz sonra zona gətirilən düztaqları maşından döyə- döyə salınıb, döyə- döyə də karantinə aparılması səhnələrini müşahidə etmişdik. Nəzarətçilər səssicə yəqin rəis heyətindən olan birinə baxdılar. O da götürün dedi. Və qabaqda dim - dik, şəstlə gedən Rauf Arifolu, arxasınca iki böyük sumkanın ağırlığından əyilmiş halda onu müşayət iki nəzarətçi...

494021735_9861433340546405_5464699357728545238_n.jpg (239 KB)

... Əlbəttə ki, bir məşhurun dediyi kimi yalnız ölülər dəyişmir. Rauf Arifoğlu da onu tanıdığım 1989- cu ildəki Rauf Arifoğlu deyil, çox dəyişikdir. Ancaq açıqcası mən adamlarda dəyişikliklərdən daha çox dəyişməzliyi sevirəm (dəyərləndirirəm) Və Rauf Arifoğlunda da dəyərləndirdiyim dəyişikliklər yox dəyişilməyənlərdir, nəsnələrdir. RAUF ARİFOĞLU NƏSNƏSİ.

P. S. Azərbaycan dilində "nəsnə" sözü, İmmanuel Kant fəlsəfəsi anlayışı olan "özündə şey" (almanca: "das Ding an sich", ingiliscə: "thing-in-itself") termininin qarşılığı və sinonimi kimi istifadə olunur. Kanta görə dünya Fenomenlərdən (bizim qavradığımız, görünən, dərk olunanlardan ) və Noumenlərdən, özündəşeylərdən (insanın duyğu orqanlarından və zəkasından asılı olmayaraq, obyektiv şəkildə mövcud olan gizli reallıq, dərk olunmaz ilkin daxili mahiyyətdən) – nəsnələrdən ibarət iki yerə bölünür...Nəsnə termini Azərbaycan dilində Niyazi Mehdinin mətnləri ilə vətəndaşlıq hüququ qazanmışdır.

02.07.2026. Qaraqaşlı kəndi.

750229984_27856219253974538_3408956021469977303_n.jpg (78 KB)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Iyul 2026

BÜTÜN XƏBƏRLƏR