İnsanlara hürriyət, millətlərə istiqlal!

Rus casusun sərxoş halda yazdığı mesaj başına iş açdı - FOTOLAR

ABŞ-də Rusiya üçün casusluqda ittiham olunan Nomma Zarubina sərxoş vəziyyətdə FTB agentinə sevgi mesajları göndərdikdən sonra yenidən həbs edilib.

Musavat.com Haberler.com-a istinadən xəbər verir ki, Nyu-Yorkda yaşayan 35 yaşlı Zarubina Rusiya kəşfiyyatı ilə əlaqələrini FTB-dən gizlətmək və saxta məlumat vermək ittihamı ilə üzləşdikdən sonra girov müqabilində sərbəst buraxılmışdı.

Lakin o, azadlıqda olduğu müddətdə istintaqı aparan FTB agentinə sərxoş vəziyyətdə gecə saatlarında çoxsaylı sevgi mesajları və fotolar göndərib.

Prokurorluq və məhkəmə sənədlərinə görə, Zarubina spirtli içkinin təsiri altında qəsdən agentlə arasında romantik münasibət olduğu təəssüratı yaratmağa çalışıb və uyğun olmayan ifadələr işlədib. Bəzi mesajlara spirtli içki ilə çəkilmiş şəkillər də əlavə olunub. FTB rəsmiləri bildiriblər ki, xəbərdarlıqlara baxmayaraq bu davranışın davam etdirilməsi girov şərtlərinin pozulması kimi qiymətləndirilib.

Məlumata görə, Zarubina 2024-cü ilin noyabrında federal məhkəmədə Rusiya kəşfiyyatı ilə əlaqəsini gizlətmək və FTB-yə saxta məlumat vermək ittihamı ilə hakim qarşısına çıxıb. Həmin vaxt girov müqabilində sərbəst buraxılsa da, agentlə əlaqəni davam etdirdiyi üçün 2025-ci ilin dekabrında yenidən həbs olunub.

Federal prokurorlar bildiriblər ki, hər bir ittiham üzrə maksimum 10 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur. Məhkəmə qərarının 11 iyun tarixində açıqlanacağı gözlənilir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR