Onlayn ictimai-siyasi qəzet
Rusiyada “Auchan”, “Nestlé” və keçmiş “Leroy Merlin” – indiki “Lemana PRO”nun idarəçiliyinə gətirilmiş DİN generalı Andrey Krayuşkinin ailəsinin ölkənin iki böyük daşınmaz əmlak biznesmeninin strukturları ilə əlaqələri olduğu iddia edilir.
Musavat.com xəbər verir ki, bu barədə “Agentstvo” apardığı araşdırmada yazıb.
Nəşrin məlumatına görə, Krayuşkin ailəsinin əlaqələri vaxtilə “Forbes”un “Rusiya daşınmaz əmlakının kralları” reytinqinə daxil edilmiş Qagik Adibekyanın biznes çevrəsinə də gedib çıxır.
Araşdırmada bildirilir ki, Andrey Krayuşkin və həyat yoldaşı Lyudmila 2024-cü ildə “Lexus RX300” avtomobilinin sığorta polisində sürücü kimi göstəriliblər. Avtomobil isə Aleksey Yevseyevin həyat yoldaşı İrina Yevseyevaya məxsus olub. Sızdırılmış məlumatlara görə, Krayuşkin 2022-ci ildə məhz həmin avtomobillə yol-nəqliyyat hadisəsinə düşüb.
Krayuşkinin telefon nömrəsinin kontakt bazalarından birində “Andrey RX300 – direktor Yevseyevdən” kimi qeyd edildiyi də iddia olunur.
Aleksey Yevseyev isə Qagik Adibekyanın biznes strukturları ilə uzunmüddətli əlaqələri olan menecer kimi təqdim edilir.
O, 2023-cü ildən “Basis Development Plus” şirkətinin baş direktorudur. Bu şirkətlə əlaqəli hüquqi şəxslər vaxtilə Moskvadakı məşhur “Vremena Qoda” ticarət mərkəzi ilə bağlı olub. Obyekt 2024-cü ilədək Adibekyana məxsus olub.
“Basis Development Plus”un Ermənistanın “Amara Development” şirkətinə məxsus olduğu bildirilir. Yevseyev eyni zamanda daşınmaz əmlak sahəsində fəaliyyət göstərən “Obyedinyonnaya avtobaza” şirkətinə rəhbərlik edir və başqa biznes strukturlarında da pay sahibidir.
Araşdırmaya görə, Yevseyevin Adibekyanın strukturları ilə əlaqəsi ən azı 2014-cü ildən başlayır. O, həmin dövrdə RD Group-a daxil olan “R.D. Management Services” şirkətində işləyib, 2017-ci ildə isə burada təhlükəsizlik xidmətinin rəisi olub.
Adibekyan Rusiya daşınmaz əmlak bazarının iri oyunçularından biri və maliyyəçi Ruben Vardanyanın keçmiş biznes tərəfdaşı kimi tanınır. “Forbes” 2018-ci ildə Adibekyan və Vardanyanın RD Group şirkətinin icarə gəlirlərini 65 milyon dollar qiymətləndirərək onları “Rusiya daşınmaz əmlakının kralları” siyahısında 28-ci yerə daxil etmişdi.
“Forbes” həmin vaxt Adibekyanı Moskvanın daşınmaz əmlak bazarının “ən müəmmalı fiqurlarından biri” adlandırıb.
Araşdırmaya görə, Krayuşkina ən azı 2025-ci ilin iyununa qədər Moskvadakı məşhur “Ukrayna” hotelinin hüquqi şəxsi olan “Vısotka” şirkətində çalışıb. Bu struktur Nisanovun biznes çevrəsi ilə əlaqələndirilir.
Musavat.com
15 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ