Onlayn ictimai-siyasi qəzet
Cənubi Qafqazda geosiyasi qüvvələr nisbəti dəyişir. Rusiyanın bölgədəki mövqeləri zəiflədiyi halda, Türkiyənin təsiri getdikcə artır. Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistan Araşdırmaları Mərkəzinin rəhbəri Qrant Mikaelyan “Cənubi Qafqazın nəqliyyat-logistika əlaqələrinin inkişaf perspektivləri” adlı beynəlxalq ekspert konfransında çıxışı zamanı bildirib.
Mikaelyanın sözlərinə görə, Türkiyə Azərbaycanla sıx strateji müttəfiqlik münasibətlərini qoruyub saxlayır, Gürcüstanla tərəfdaşlıq əlaqələrini inkişaf etdirir və Ermənistan daxilində siyasi təsirini artırır. Bunun əksinə olaraq, Rusiyanın Cənubi Qafqazdakı mövcudluğu getdikcə azalır. Mikaelyan regional qüvvələr nisbətinin dəyişməsini təkcə Türkiyənin fəallığı ilə deyil, Rusiyanın Ermənistan daxilindəki mövqelərini itirməsi ilə də əlaqələndirib.
O, buna nümunə kimi Rusiya tərəfinin Ermənistandakı Texut mədənini satmasını və Zəngəzur Mis-Molibden Kombinatının mümkün satışına dair müzakirələri göstərib.
Ekspert hesab edir ki, bu proseslər Rusiyanın Ermənistandakı iqtisadi mövcudluğunun zəiflədiyini nümayiş etdirir. Mikaelyan Gümrüdə yerləşən Rusiya hərbi bazasının gələcəyinə də toxunub. Onun iddiasına görə, Ermənistan hakimiyyəti müvafiq müraciətlə çıxış edərsə, Moskva hərbi bazanın ölkədən çıxarılması məsələsinə baxmağa hazırdır.
Ermənistanlı ekspertin fikrincə, Rusiya regiondakı mövqelərini qoruyub saxlamaq imkanlarını faktiki olaraq Ermənistanın dövlət siyasətini müəyyənləşdirən siyasi qüvvələrin ixtiyarına buraxır. Bununla yanaşı, o, Ermənistanın siyasi kursunun böyük ölçüdə xarici qüvvələrin təsiri altında formalaşdığını iddia edib. Mikaelyanın çıxışında diqqət çəkən əsas məqam Rusiyanın Cənubi Qafqazdakı təsirinin azalması ilə Türkiyənin mövqelərinin güclənməsi arasında birbaşa əlaqə qurmasıdır. Onun qiymətləndirməsinə görə, regionda formalaşan yeni geosiyasi şərait Ankaranın imkanlarını genişləndirir.
Musavat.com
14 Oktyabr 2026
13 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ