Onlayn ictimai-siyasi qəzet
İyunun 10-na keçən gecə Rusiya qoşunları pilotsuz uçuş aparatları (PUA) və idarə olunan aviasiya bombalarından (İAB) istifadə etməklə Zaporojye şəhərinə zərbələr endirib.
Musavat.com Ukrayna mediasına istinadən xəbər verir ki, hücumlar nəticəsində fərdi yaşayış evlərinə ziyan dəyib, bir nəfər – 59 yaşlı qadın xəsarət alıb və ona lazımi tibbi yardım göstərilir.
Bu barədə Zaporojye Vilayət Hərbi Administrasiyasının rəhbəri İvan Fedorov məlumat yayıb.
Hücum zamanı şəhərin yaşayış sektorunda dağıntılar qeydə alınıb. Xüsusilə, Şevçenko rayonunda partlayış dalğasının təsirindən dörd fərdi evdə pəncərələr sınıb, dam örtükləri zədələnib. Evlərdən birində zərbədən sonra yanğın baş verib və alov mütəxəssislər tərəfindən söndürülüb.
Fedorovun sözlərinə görə, hazırda hadisə yerində yerli sakinlərə kömək edən kommunal xidmətlər çalışır. Dağılmış pəncərə yerlərinin örtülməsi işlərinə başlanılıb, mütəxəssislər isə ərazinin müayinəsini davam etdirirlər.
Ümumilikdə, gecə saatlarında dron təhlükəsi, İAB-lərin tətbiqi və raket zərbələri riski səbəbindən regionda dəfələrlə hava həyəcanı siqnalı verilib.
Eyni zamanda, iyunun 10-na keçən gecə Odessa şəhəri də Rusiyaya məxsus pilotsuz uçuş aparatlarının hücumuna məruz qalıb, nəticədə Primorski rayonunda iki yaşayış binasına ziyan dəyib. Hücum zamanı üç nəfər xəsarət alıb: 46 yaşlı qadın və 2016-cı, həmçinin 2017-ci il təvəllüdlü iki uşaq.
Bundan başqa, Rusiya gecə saatlarında Xarkova PUA-larla 26 zərbə endirib. Kütləvi hücuma məruz qalan Xolodnoqorsk rayonunda yanğınlar baş verib.
Musavat.com
11 Iyun 2026
10 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ