İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyadan idxalımızı kəskin azaldan səbəblər – Külək haradan əsir?

Azərbaycanla Rusiya arasında vaxtaşırı özünü göstərən gərginlik və əsəb savaşı fonunda ikitərəfli ticarət dövriyyəsində ciddi azalma qeydə alınıb.

Musavat.com xəbər verir ki, Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, 2026-cı ilin yanvar–iyul aylarında iki ölkə arasında ticarət dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 31,2 faiz azalaraq 2,109 milyard dollar təşkil edib.

Hesabat dövründə Azərbaycanın Rusiyaya ixracı 3,9 faiz artaraq 749,55 milyon dollara çatıb. Bunun əksinə olaraq, Rusiyadan Azərbaycana idxal 988,3 milyon dollar, yaxud 42 faiz azalaraq 1,36 milyard dollara düşüb. Ötən ilin eyni dövründə Şimal qonşudan 2 milyard 348 milyon 533.39 min dollarlıq mal almışdıq.

860111b1-be6b-480d-be70-ba29ed95811d_1200.jpg (79 KB)

Rusiyadan idxalımızın hansı məhsullar üzrə azaldığını Dövlət Statistika Komitəsinin cari ilin birinci yarısı üzrə xarici ticarətə dair açıqladığı detallı statistikadan aydın olur. Bu statistika azalmanın səbəblərini müəyyən etməyə də imkan verir. Bu səbəblərdən birincisi, Azərbaycan Dövlət Neft Fondunun qızıl alışlarıdırı. Belə ki, ötən ilin 6 ayında Azərbaycan Dövlət Neft Fondu Rusiyadan 439 milyon 260,21 min dollar dəyərində 4752,95 kq digər yarımişlənmiş formalarda çubuqlar, məftil və profillər, lövhələr, istənilən altlıq nəzərə alınmadan qalınlığı 0,15 mm-dən çox olan vərəqlər, zolaqlar və ya lentlər şəklində qızıl alıb. Bu ilin 6 ayında belə alış, ümumiyyətlə, həyata keçirilməyib. Beləliklə, bu ilin 6 ayında ötən ilin eyni dövrü ilə müqayisədə Rusiyadan idxalımızda qeydə alınan 988,3 milyon dollarlıq azalmanın 439,2 milyon dollarının məhz qızıla görə yarandığı aydın olur.

Rusiyadan idxalı daha çox azalan mallar arasında diri iribuynuzlu heyvan və qoyun ilk yerlərdədir. Belə ki, ötən ilin 6 ayında Rusiyadan Azərbaycana 30 milyon 622,05 min dollarlıq ətlik diri iribuynuzlu heyvan, 8 milyon dollar dəyərində diri qoyun idxal olunmuşdusa, bu ilin eyni dövründə bu göstəricilər müvafiq olaraq 1 milyon 67 min dollar və 49,56 min dollar təşkil edib. Bu iki mal üzrə Rusiyadan Azərbaycana ixrac 37 milyon dollardan çox azalıb. Ev toyuqlarının ətinin idxalı təxminən 5,8 milyon dollardan 2,1 milyon dollara, arpa idxalı 2,3 milyon dollardan 0,8 milyon dollara düşüb.

25bf4601-6ba7-30db-99ff-e14e29a2e2d4_1200.jpg (143 KB)

Rusiyadan idxalın dəyərindəki azalmanın mühüm bir hissəsi Avropa İttifaqının Şimal qonşumuza tətbiq etdiyi, eyni zamanda ABŞ-da hazırlanana qanun layihəsində nəzərdə tutulan sanksiyalardan qaynaqlanır. Belə ki, Aİ üçüncü ölkələrdən Rusiya neftindən emal olunan yanacağın idxalını qadağan edib. ABŞ-da isə yanvar ayından Rusiya və İrana qarşı “cəhənnəm” sanksiyalarını nəzərdə tutan qanun layihəsinin müzakirələri aktivləşib. Layihə Senatdan keçib və bu gün tətildən qayıdan Nümayəndələr Palatasının müzakirəsinə təqdim olunub. Sənədin yeni versiyası ABŞ prezidentinə Rusiya nefti və ya qazının ən böyük alıcıları olan beş ölkənin mallarına 100 faizə qədər tarif tətbiq etməyə imkan verir. İyulun sonunda layihənin əlavəsində Çin, Hindistan, Slovakiya, Macarıstan və Azərbaycan Rusiyadan ən böyük neft alıcıları arasında, Çin, Fransa, Yaponiya, Macarıstan və Belçika isə ən böyük qaz alıcıları arasında yer alıb.

Sənədə əsasən Prezident Konqresə məlumat verməklə milli təhlükəsizlik maraqları naminə sanksiyaları müvəqqəti dayandıra biləcək. Onlar yalnız sülh müqaviləsi bağlandıqdan və Rusiya ilə Ukrayna arasında düşmənçilik dayandırıldıqdan sonra tamamilə aradan qaldırıla bilər.

Belə görünür ki, Azərbaycan ABŞ parlamentindəki müzakirələri yaxın izləməklə öz iqtisadi əlaqələrində müəyyən korrektələr etməyi zəruri hesab edib. Nəticədə cari ilin 6 ayında ötən ilin eyni dövrü ilə müqayisədə Rusiyadan  Bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsullarının idxalı miqdar baxımından 685 728,31 tondan 76 873,8 tona, dəyər baxımından isə 328 milyon 148,11 min dollardan 43 milyon 834,72 min dollara qədər azalıb. Bu isə o deməkdir ki, Rusiyadan idxaldakı azalmanın 285 milyon dolları yalnız xam neftə görə yaranıb.

socar-zerbe.jpg (53 KB)

Bu azalmanın daha bir səbəbi Rusiyanın Ukraynadakı SOCAR YDM və yanacaq anbarlarına zərbələrinə cavab ola bilər. Azərbaycan dəfələrlə zərbələrlə bağlı Rusiyaya etirazlarını çatdırsa da, Moskva bunu qulaqardına vurub.

Bundan əlavə, Ukraynanın dron zərbələri-sanksiyaları da Azərbaycanın Rusiyadan idxalına təsir göstərib. Belə zərbələr nəticəsində Rusiyada neft emalının kəskin azalması, xaricdən benzin və dizel idxalına keçməsi fonunda Azərbaycanın bu ölkədən Aİ92 markalı benzin idxalı 48 milyon 806,75 min dollardan 2 milyon 563,22 min dollara, Aİ95 benzininin idxalı 39 milyon 67,21 min dollardan 27 milyon 147,58 min dollara, ağır distilyatlar və ya digər məqsədlər üçün qazoyllar (dizel yanacağı da daxil olmaqla) idxalı 12 milyon 946,21 min dollardan, təbii qaz idxalı isə 3 milyon 929,73 min dollardan sıfıra düşüb.

Aİ-nin Rusiya alüminiumuna tətbiq etdiyi və bu ilin əvvəlindən mərhələlərlə qüvvəyə minən sanksiyaları isə Azərbaycanın bu ölkədən alüminium idxalını kəskin azaldıb.  Emal olunmamış aşqarlanmamış alüminiumun idxalı 37 milyon 97,52 min dollardan 7 milyon 886,45 min dollara qədər azalıb, alüminium ərintiləri, alüminiumdan hazırlanmış müxtəlif məhsulların idxalı isə 10 dəfələrlə azalaraq simvolik həddə düşüb.

İlin ilk 5 ayında Azərbaycanın tikinti sektorunda müşahidə olunan tənəzzül fonunda Rusiyadan tikinti materiallarının idxalında azalma müşahidə olunub: ağac materiallarından tutmuş polad və polad məmulatlarına, qara metal materiallarına qədər.

e728b031-2735-3ef9-8aed-713933c6d5fd_1200.jpg (383 KB)

Hesabat dövründə Rusiyadan Azərbaycana ixracı artan məhsullar da var. Belə məhsullar arasında yumşaq buğda əsas yer tutur: 14 milyon 685,48 min dollardan 105 milyon 284,86 min dollara qədər – 7,5 dəfəyə yaxın.

Azərbaycandan Rusiyaya ixracı artan mallar arasında isə çiyələk diqqəti cəlb edir. Məlumdur ki, Rusiya may ayından etibarən Ermənistandan bu məhsulun idxalını qadağan edib. Əvəzində Azərbaycandan idxal artıb. Birinci yarımildə Rusiyaya ciyələk ixracımızın dəyəri 26 milyon 642,02 min dollardan 66 milyon 117,39 min dollara çatıb. Bundan əlavə, qabığı təmizlənmiş meşə fındığı 30 milyon 780,13 min dollardan 38 milyon 826,11 min dollara, pomidor ixracı 141 milyon 850,01 min dollardan 152 milyon 440,47 min dollara yüksəlib.

Ümumilikdə ticarət statistikasının təhlilindən belə qənaətə gəlmək olar ki, Rusiya ilə Azərbaycan arasında ticarətin azalması sırf Bakı ilə Moskvanın birbaşa münasibətlərindən qaynaqlanmır. Prosesə beynəlxalq hərbi-siyasi gərginliklər, həmçinin Rusiyanın Ukraynada apardığı işğalçı müharibə və buna görə ona qarşı tətbiq olunan sanksiyalar çox ciddi təsir göstərir.

Dünya,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

31 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR