Onlayn ictimai-siyasi qəzet
Modest Kolerov: “Ermənistanın gələcəyi Lixtenşteyndir, Paşinyan-Putin görüşü Moskva ilə İrəvan arasında yekun boşanmanın başlanğıcıdır”
Rusiyalı siyasi analitik Modest Kolerov Ermənistan–Rusiya münasibətlərinin hazırkı vəziyyəti, Nikol Paşinyanın siyasəti, KTMT və Avrasiya İqtisadi İttifaqından mümkün çıxış, Gümrüdəki Rusiya hərbi bazasının taleyi və Ermənistanın gələcəyi ilə bağlı hraparak.am-a açıqlamalar verib.
Musavat.com xəbər verir ki, Kolerov Ermənistan–Rusiya münasibətlərinin hazırda əməkdaşlığın tamamilə dayandırılması və Ermənistanın KTMT və Aİİ-dən çıxışı prosesinin başlanğıc mərhələsində olduğunu düşünür.
Onun sözlərinə görə, qarşıdakı dövrdə Vladimir Putinlə Nikol Paşinyan arasında keçiriləcək görüşdən ciddi dəyişiklik gözləmək lazım deyil. Analitik hesab edir ki, bu görüş münasibətlərə yeni impuls verməyəcək və əksinə, Moskva ilə İrəvan arasında “yekun boşanmanın” başlanğıcı olacaq.

Kolerov Rusiyanın Ermənistandan çıxıb-çıxmayacağı ilə bağlı suala cavabında isə bunun Paşinyanın istəyi olduğunu bildirib. Onun fikrincə, Ermənistanın KTMT və Aİİ-dən çıxmasından sonra Rusiya ilə münasibətlər tamamilə düşmən xarakter almasa da, soyuq mərhələyə keçəcək. Analitik hesab edir ki, Paşinyan Rusiyaya qarşı hərbi münaqişəyə getməyəcək. Bunun əsas səbəblərindən biri isə iki ölkənin ortaq sərhədinin olmamasıdır.
Kolerov mümkün gələcək münasibətlərin daha da sərtləşə biləcəyini və nəticədə Rusiya ilə Ermənistan arasında viza rejiminin tətbiq olunmasının gündəmə gələcəyini də istisna etmir. O, Ermənistanın gələcək geosiyasi istiqamətində Türkiyənin rolunun artacağını düşünür.
“Ermənistanda Rusiyanın yerini Türkiyə tutacaq”, - deyə rusiyalı analitik bildirib.
Kolerov Gümrüdə yerləşən Rusiya hərbi bazasının da gələcəyinə toxunub. Onun fikrincə, bu baza artıq Rusiya üçün uzun müddətdir əvvəlki strateji əhəmiyyətini daşımır və gələcəkdə bağlana bilər. Analitik iddia edir ki, Ermənistanın Rusiya ilə münasibətlərdən uzaqlaşması Paşinyanın siyasəti nəticəsində daha da sürətlənəcək. Kolerov Ermənistanın gələcəyi ilə bağlı olduqca sərt müqayisə də aparıb. O, ölkənin gələcəyini Avropanın ən kiçik dövlətlərindən biri olan Lixtenşteynlə əlaqələndirib. “Ermənistanın gələcəyi Lixtenşteyndir. Lixtenşteynin əhalisinin sayına baxın. Müasir Ermənistan Paşinyandan sağ çıxmayacaq”, - deyə o bildirib.
Ermənistanın boşalması ehtimalı ilə bağlı suala isə analitik “Bəli, insanlar gedəcəklər” cavabını verib. Kolerov Rusiyada yaşayan ermənilərlə bağlı mümkün kütləvi deportasiya iddialarını isə əsassız hesab edir. Onun sözlərinə görə, Rusiyada yaşayan erməniləri kütləvi şəkildə deportasiya təhlükəsi gözləmir.
Bununla belə, o, Ermənistanın enerji siyasətində Rusiyadan uzaqlaşmasının ölkəyə baha başa gələ biləcəyini düşünür. Kolerovun sözlərinə görə, Ermənistan artıq Rusiya qazından imtina etmək istiqamətində addımlar atır və bunun nəticəsində ölkədə qazın qiyməti, məsələn, Gürcüstandakından daha yüksək ola bilər.
Musavat.com
14 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ