Onlayn ictimai-siyasi qəzet
Qırğızıstanın keçmiş əmək və sosial inkişaf naziri Uluqbek Koçkorovun ABŞ-da kuryer kimi çalışdığı barədə məlumatlar yayılıb.
Musavat.com xəbər verir ki, bu barədə "Zamin.uz" məlumat yayıb.
Sosial şəbəkələrdə geniş şəkildə paylaşılan videoda görünən şəxsin Qırğızıstan Joqorku Keneşinin (Parlament) sabiq deputatı Uluqbek Koçkorov olduğu iddia edilir.
İstifadəçilər videodakı şəxsi məhz keçmiş nazir olduğunu bildirib. Kadrlarda onun bağlamaları avtomobilinin baqajına yerləşdirdiyi görünür.
Məlumata görə, Koçkorov hazırda ABŞ-da fəaliyyət göstərən "Amazon" şirkətində kuryer kimi çalışır.
Sözügedən video sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Bir çox istifadəçi bu addımın hörmətə layiq olduğunu vurğulayıb. Digərləri isə onun keçmiş siyasi fəaliyyətini və dövlət idarəçiliyində oynadığı rolu xatırladıblar.
Açıq mənbələrdə yer alan məlumatlara görə, Uluqbek Koçkorov Qırğızıstan parlamentinin V çağırış Joqorku Keneşində "Ata-Jurt" Partiyasını təmsil edən deputat olub. O, həmçinin 2017-ci ildə keçirilən prezident seçkilərində iştirak edib.
2018-ci ilin oktyabrında Koçkorov Qırğızıstanın əmək və sosial inkişaf naziri vəzifəsinə təyin olunub. 2020-ci ildə isə "Birimdik" Partiyasından parlament seçkilərində namizəd kimi iştirak edib.
2020-ci ilin payızında ölkədə baş verən siyasi hadisələrdən sonra o, nazir vəzifəsindən uzaqlaşdırılıb.
Bəzi nəşrlərin məlumatına görə, Uluqbek Koçkorov hazırda ailəsi ilə birlikdə ABŞ-ın Çikaqo şəhərində yaşayır. Lakin onun hazırkı əmək fəaliyyəti ilə bağlı rəsmi açıqlama verilməyib.
İqbal RZAYEV,
Musavat.com
09 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ