İnsanlara hürriyət, millətlərə istiqlal!

Sərhəddə tarixi görüş zərurəti - sülh uzaqda deyil

Azərbaycan dövlətinin prinsipial mövqeyi İrəvanı da barışa doğru addım atmağa vadar edir; Prezident İlham Əliyev “sülh üçün tarixi imkanlar yaranıb”, söylədi; ekspertlərdən nikbin açıqlamalar

Mayın 19-da Azərbaycan-İran sərhədində ilk dəfə iki ölkə liderlərinin tarixi görüşü oldu. Bakı və Tehran uzun müddətdən sonra, arada yaşanan bəzi xoşagəlməz olaylara rəğmən, saat əqrəblərini faktiki surətdə burada tutuşdurdu və yeni mərhələnin anonsu verildi.

Bu görüş əlbəttə ki, ikitərəfli münasibətləri irəli aparmaq, dinc birgə yaşayış üçün digər qonşulara da yaxşı örnək, gözəl presedendir. Başqa sözlə, İlham Əliyev Ermənistan baş naziri Nikol Paşinyanla da sərhəddə bir araya gələ, hansısa ortaq tədbirə qatıla bilər. Məsələn, sülh sazişi imzalamaq üçün. Xatırladaq ki, rəsmi Bakı xeyli müddətdir vasitəçilərsiz danışıqlara üstünlük verir. İrəvan da bu formatın real əhəmiyyətini praktikada görməkdədir. Həm Azərbaycan lideri, həm də Ermənistan baş naziri Bakıda keçiriləcək COP29-a sammitinədək tarixi sənədin imzalanmasını mümkün sayıblar, hazırda bunun üçün ən yaxşı zəminin olduğunu söyləyiblər. Noyabra isə 5 aydan çox vaxt var. Almatı danışıqları göstərdi ki, artıq masaya konkret sülh layihəsi qoyulub. Bundan əlavə, Ermənistandakı son etirazlar göstərdi ki, Paşinyan hökumətinin qərarlarına əngəl olacaq ciddi qüvvə yoxdur. Odur ki, Ermənistan bəlkə də ona son dəfə verilmiş tarixi fürsəti düzgün dəyərləndirməli, Azərbaycan Prezidentinin 19 may mərasimində söylədiyi kimi, bir daha səhv etməməlidir. “Hesab edirəm ki, Ermənistan səhv addım atmamalıdır. Regional məsələlər region ölkələrin bilavasitə iştirakı və iradəsi ilə həll olunmalıdır. Bölgə dövlətləri güclü dövlətlərdir, müstəqil siyasət aparan dövlətlərdir. Heç bir kənar qüvvə bu günə qədər bu dövlətlərin iradəsinə təsir etməyib və etməyəcək. Ümid edirəm ki, Ermənistan düzgün siyasət apararaq regional əməkdaşlığa ziyan yox, töhfə verəcək”, - Prezident vurğulayıb. İlham Əliyev onu da deyib ki, bölgənin inkişafı bölgədəki ölkələrdə yaşayan xalqların iradəsi ilə təmin olunmalıdır: “Qeyri-regional ölkələrin bizim işlərimizə müdaxiləsi qəbuledilməzdir. Əgər kimsə - buradan minlərlə kilometr uzaqlıqda yerləşən ölkələrin rəhbərləri bu bölgədə hər hansı bir nəticə əldə etmək istəyirlərsə, bizimlə danışsınlar. Yersiz və lazımsız müdaxilə bu günə qədər heç bir səmərə verməyib və verməyəcək”.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 20-də Latviya Seyminin sədri Dayqa Mierinanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən də bildirib ki, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin təmin olunmasından sonra regionda sülh üçün tarixi imkanlar yaranıb. Azərbaycan Prezidenti Minsk Qrupunun həmsədrlərinin fəaliyyətinə toxunaraq, onun hər hansı nəticəyə hasil olmadığını, o zaman ərazilərimizin işğalının davam etdiyini vurğulayıb. Hazırda isə sülh gündəliyinin irəli aparılması üçün çox yaxşı və əlverişli imkanların olduğunu deyən dövlətimizin başçısı sərhədlərin delimitasiyası və demarkasiyası istiqamətində də ikitərəfli proses çərçivəsində müsbət razılaşmaların əldə olunduğunu qeyd edib. Dövlətimizin mövqeyi bəllidir, Azərbaycan nəinki Ermənistanla sülhün tərəfdarıdır, həmçinin “Qafqaz Evi”nin reallaşmasını çox istəyir və bu ideyanı rəsmən bəyan edib. İrəvandan da müəyyən mesajlar və addımlar var, Qazağın kəndlərinin azad olunması, sərhədin dəqiqləşdirilməsi prosesi də sülhü yaxınlaşdıran amillərdir. Belə hesab olunur ki, proseslər öz axarı ilə gedərsə, Azərbaycan-Ermənistan sərhədində Əliyev-Paşinyan görüşü həqiqətən qısa zamanda reallaşa bilər. Ekspertlərin gedişatla bağlı maraqlı fikirləri var.

Süni intellekt uğrunda mübarizə şiddətlənib" - ELXAN ŞAHİNOĞLU

 Elxan Şahinoğlu

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu “Yeni Müsavat”a bildirdi ki, Azərbaycanla Ermənistan arasında sülh və ya çərçivə sazişinin imzalanması üçün ən münasib zaman yetişib: “Rusiya-Ukrayna müharibəsi və Qəzzada baş verənlər fonunda Cənubi Qafqazda sülh və əməkdaşlığın bərpası hamının faydasına olar. Azərbaycan sülh və ya çərçivə sazişini imzalamağa hazırdır, top Ermənistanın meydanındadır. Azərbaycan Prezidenti İlham Əliyev son açıqlamalarında vurğulayır ki, iki ölkə sülhə indiki qədər yaxın olmayıb. Bu, reallıqdır. Ermənistanın baş naziri Nikol Paşinyan da son aylarda "sülh sazişi üçün vaxt yetişib" ifadəsini işlədir. Ermənistanda radikal müxalifət və kilsə sülhə maneə deyil, bu qüvvələr Nikol Paşinyandan xeyli zəifdir. Demək, həm rəsmi Bakının, həm də rəsmi İrəvanın saziş imzalamaq üçün iradəsi var, məsələni yekunlaşdırmaq lazımdır". E.Şahinoğlu əlavə etdi ki, buna baxmayaraq, Ermənistanın hökumət üzvləri sülh sazişinə sərhəd məsələsini salmağa çalışırlar: “Onlar istəyirlər ki, sərhədin müəyyənləşməsi 1991-ci Almatı Bəyannaməsinə uyğun müəyyənləşdirilsin. İlham Əliyevin mövqeyi belədir ki, bütün məsələləri sülh sazişinə daxil etmək mümkün deyil. Çünki sərhədlərin müəyyənləşməsi vaxt aparan prosesdir. Digər tərəfdən, Azərbaycanla Ermənistan arasında ortaq razılaşmada vurğulanıb ki, sərhəd harada mümkündür, 1991-ci il Almatı Bəyannaməsinə görə müəyyənləşəcək, harada mübahisə yaranacaqsa, orada məsələ qarşılıqlı razılaşma əsasında həll olunacaq. Bu, o deməkdir ki, əslində rəsmi İrəvan sərhədin tamamının 1991-ci ilə Almatı sənədinə görə müəyyənləşməsinin çətinliklərini anlayır. Belə olan halda Almatı bəyanatı sülh və ya çərçivə sazişinin imzalanmasına mane olmamalıdır”. Politoloq qeyd etdi ki, helikopter qəzasından əvvəl İran prezidentinin sərhədə gələrək azərbaycanlı həmkarı ilə görüşməsi nümunəsindən Ermənistanın baş naziri də istifadə edə bilər: “Danışıqlarda əldə edilən müsbət nəticələr göstərir ki, Azərbaycanın və Ermənistanın vasitəçilərə ehtiyacı yoxdur. Sülh və ya çərçivə sazişinin imzalanması üçün üçüncü ölkənin axtarışına ehtiyac yoxdur. İsti aylara daxil oluruq, sülh və ya çərçivə sazişinin sərhədin sıfır nöqtəsində imzalanması mümkündür. Misal üçün Qazax və Tavuş istiqamətində sərhəd artıq müəyyənləşib, həmin hissədə çadırlar salınıb liderlərin görüşü və sülh sazişinin imzalanması üçün hazırlıqlara başlanıla bilər. Bu, həm də sərhədin müəyyənləşən hissəsinin liderlər tərəfindən təsdiqi anlamına gələr”.

Emin Hacıyev: Davos Ümumdünya İqtisadi Forumu göstərdi ki, dünyanın nəhəng  şirkətləri Azərbaycanla işləmək istəyirlər

Emin Hacıyev 

Deputat Emin Hacıyev qəzetimizə bildirdi ki, Azərbaycan və Ermənistan arasında sülh danışıqları artıq daha konstruktiv formada davam edir: “Əlbəttə ki, buna səbəb danışıqların vasitəçi olmadan aparılması məsələsində rəsmi Bakının prinsipial mövqe irəli sürməsi idi. Azərbaycanla Ermənistan arasındakı birbaşa dialoqun inkişafı bir daha onu göstərdi ki, biz öz mövqeyimizdə tamamilə haqlıyıq. Qazaxıstanın Almatı şəhərində vasitəçilər olmadan keçirilən görüş zamanı aparılan danışıqlar sülh sazişinə bizi daha da yaxınlaşdırır. Möhtərəm Prezident cənab İlham Əliyevin bildirdiyi kimi, COP29-dan əvvəl Azərbaycanla Ermənistan arasında sazişə nail olmaq, ən azı baza prinsipləri üzrə razılığa gəlmək tam real görünür”. 

E.Hacıyev xüsusilə vurğuladı ki, bölgədə sülhün bərqərar olması üçün Ermənistan kənar təsirlərdən qurtulmalı və sülh danışıqları prosesinə mane olacaq addımlar atmamalıdır: “Ermənistan hakimiyyəti və bütövlükdə Ermənistan cəmiyyəti qəbul etməlidir ki, yeganə xilas yolu Azərbaycanla sülhün bərqərar olunmasıdır. Burada, əlbəttə, ən önəmli məsələ delimitasiya, demarkasiya məsələləri və Ermənistanın konstitusiyasında etməli olduğu dəyişikliklərdir. Ölkələrimiz arasında birbaşa və konstruktiv dialoqlar davam edərsə, hesab edirəm ki, sülh müqaviləsi yaxın zamanlarda imzalana bilər”.

63 yaşlı Qafar Çaxmaqlı: “Həmişə hər şeyi sıfırdan başlamışam” - MÜSAHİBƏ

Qafar Çaxmaqlı 

Ermənişünas alim, Türkiyənin Erciyes Universitetinin professoru Qafar Çaxmaqlı isə bildirdi ki, sərhəd xəttində Azərbaycanla Ermənistan arasında ikili anlaşmadan sonra bölgədə marağı olan güclərin müdaxilə imkanları xeyli dərəcədə məhdudlaşıb və Azərbaycanın Ermənistanla danışıqlarının yeni mərhələsinin təməli atılıb: “Bu, sülh sazişinə doğru müsbət dinamikanın davam edəcəyi anlamına gəlir. Bunun Ermənistanın güvəndiyi birləşmiş Qərbin rolunun azalması fonunda baş verməsi, məncə, 3+3 formatının da reallaşmasına yol açır. Ermənistanın da təklif etdiyi "sülh qovşağı" layihəsinin də müzakirəsi gündəmə gələ bilər. Region ölkələrinin qərarlılığından çox şey asılıdır". Q.Çaxmaqlı hesab edir ki, İranda gedən proseslərin netləşməsi müəyyən zaman ala bilər, amma münaqişə tərəfləri gərginlikdən qurtarmaq üçün yaxın vaxtlarda anlaşa bilərlər: “Bu mənada Paşinyan-Əliyev görüşünün COP29-dan daha öncə bir araya gəlməsi mümkündür. Söhbət regional əməkdaşlıqdan gedirsə, bu daha çox Ermənistana lazımdır. İlham Əliyev bunları deyir və Paşinyanı səhv addım atmamağa səsləyir. Bu o deməkdir bu ölkə öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir. Əsas problem Zəngəzur yolu, kommunikasiya xətlərinin açılması ilə bağlı ortaq məxrəcə gəlməkdir. Bu da müzakirə predmetidir. Bu mənada da dövlət başçılarının görüşməsinə ehtiyac var. Sülh müqaviləsini bağlamaq üçün maneələr demək olar ki, yoxdur”.

E.PAŞASOY,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

16 Iyun 2024

BÜTÜN XƏBƏRLƏR