İnsanlara hürriyət, millətlərə istiqlal!

ŞOK: Sloveniya prezidenti Rusiya kəşfiyyatına işləyib?

Sloveniya Prezidenti Nataşa Pirts-Musar (Nataša Pirc Musar) ətrafında Rusiya kəşfiyyatı ilə mümkün əlaqələrə dair qalmaqal yaranıb. Məsələ artıq ölkə parlamentinin təhlükəsizlik üzrə komitəsinin diqqətinə düşüb.

Musavat.com xarici mediaya istinadən xəbər verir ki, Sloveniya parlamentinin müvafiq komitəsi ölkənin Kəşfiyyat və Təhlükəsizlik Agentliyindən (SOVA) prezidentin Rusiya xüsusi xidmət orqanları ilə mümkün əlaqələri barədə təcili məlumat istəyib. SOVA nümayəndələrinin iştirakı ilə iclasın gələn həftə keçirilməsi nəzərdə tutulur.

Araşdırmaya səbəb prezidentin uzun illərdir dostluq etdiyi Viktoriya Krivolutskaya barədə yayılan məlumatlar olub. Rusiya mənşəli Sloveniya vətəndaşı olan Krivolutskayanın keçmişdə Sloveniya kəşfiyyatının sonradan Rusiyaya qaçmış keçmiş əməkdaşı ilə romantik münasibətdə olduğu üzə çıxıb.

Polşanın TVP nəşrinin məlumatına görə, Sloveniya Demokratik Partiyasından (SDS) deputat Jan Mahniç hökuməti prezidentə kəşfiyyat və təhlükəsizlik xarakterli materialların təqdim edilməsini dayandırmağa çağırıb. Deputat Pirts-Musarın Rusiya casus şəbəkəsi ilə mümkün əlaqələrinin ölkənin təhlükəsizliyi üçün risk yarada biləcəyindən narahatlığını bildirib.

Prezident administrasiyası isə ittihamları qəti şəkildə rədd edib. Pirts-Musarın Rusiya xüsusi xidmət orqanları ilə əməkdaşlıq etməsi barədə iddiaların əsassız olduğu bildirilib.

Beləliklə, hələlik söhbət prezidentin Rusiya kəşfiyyatı ilə əlaqəsinin müəyyən edilmiş faktından deyil, onun yaxın çevrəsindəki şəxsin keçmiş münasibətləri fonunda ortaya çıxmış şübhələrdən gedir. Məsələnin nə dərəcədə ciddi əsaslara söykəndiyinə SOVA-dan tələb edilən məlumatların aydınlıq gətirəcəyi gözlənilir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR