İnsanlara hürriyət, millətlərə istiqlal!

Şrek faylları

Yaxud Roma papasının Parisdə ilk sualı

Hökumət dezinformasiya və feyk xəbərlərdən narahat olub, əcəb də eləyib. Doğrudan da internetin inkişafı bütün dünyada yalan-palanın yayılmasını tarixdə görünməmiş sürətə mindirib. Səhər Parisdə danışılan yalan günorta Vaşinqtonda gündəm ola bilir.

Ancaq dezinformasiya ilə mübarizənin ən birinci şərti əslində (hər iki anlamda) informasiyadır. Əgər hökumət nümayəndələri davamlı surətdə xalqa informasiya çatdırsalar, onda yalanın yayılması xeyli azalar. Misal üçün, hansısa nazirin mətbuat konfransı keçirməsi kimin yadına düşür?

Maraqlıdır ki, az qala icra hakimiyyətinin şöbə müdirinin də mətbuat xidməti, “ictimaiyyətlə əlaqələr üzrə məsləhətçisi”-filanı tipli ştat vahidləri yağışdan sonra göbələk kimi çoxalıb, ancaq ictimaiyyətlə əlaqə sıfıra yaxınlaşıb. Müqəddəs yer boş qalmır, necə deyərlər. Sən xalqla aranı informasiya ilə doldur, dezinformasiya özünə yer tapa bilməsin. Təəssüf ki, indi tərsinədir.

Misal istəyirsiniz? Buyurun: az qala bir həftədən çoxdur nəqliyyata cavabdeh bir dövlət məmurunun 20 min manat maaş almağı, işçilərinin isə 400-500 manat dilənçi payı ilə yaşamağa məcbur olmağı haqqında xəbərlər dolaşır, di gəl kimsə buna aydınlıq gətirməyə, izahat verməyə qəti ehtiyac duymur. Kimin nə vecinə?

Həmin məmurun tabeliyindəki bir ictimai nəqliyyatda şəxsən üzləşdiyim kobudluq və yalanla bağlı (sürücü iddia etmişdi ki, guya mən ödəniş etməmişəm və bunu yerindəcə texniki üsulla isbata yetirmişdim) qaynar xəttə müraciətimdən 6 ay keçir. Soruşun ki, bu müddətdə hansısa cavab verilibmi... Ya da soruşmayın, çünki cavab-zad yoxdur, qurbağa gölünə daş atmışam sanarsan. İndi mən bu qurum, idarə haqqında hansısa dezinformasiyaya daha çox inanmalıyam, yoxsa informasiyaya?

İnsanlar rəsmi statistika ilə şəxsi həyatları arasında ciddi fərq görəndə çaş-baş qalmağa məcburdur. Sovet dövründəki lətifənin vəziyyətində yaşayırıq: uşaq bağçasında tərbiyəçi balacalar üçün ən gözəl həyatın SSRİ-də olduğundan dəm vurur, bu vaxt İbiş ağlayır. Tərbiyəçi uşağın başını sığallayır, niyə ağlayırsan soruşur, İbiş deyir: “Mən də SSRİ-də yaşamaq istəyirəm”.

Əlbəttə, tək açıq cəmiyyət qurmaq, şəffaflıq yaratmaqla iş bitmir, doğrunu yalandan, ağı qaradan seçməyi bacaran insanlar da yetişməlidir. Təəssüf ki, ümumi siyasətimiz nəticəsində indi bizdə ictimai daltonizm geniş yayılıb. Şübhəyə yer verilmir, tənqid vətənə xəyanət, inkar düşmənçilik sayılır. Elə dindarlığın artması da bu “mütləqə inam” fəlsəfəsinin yaratdığı vəziyyətdir. “Yuxarıdan belə deyirlərsə, yüz faiz belədir” – orta statistik camaat bu ehkam altında yaşayır. Təhsil səviyyəsinin aşağı düşməsi fonunda qısamüddətli video-yalanlar pandemiya sürətilə yayıla bilir və çox zaman bu viral-platformaların arxasından totalitar rejimlərin barmağı görünür.

Analizə, fikirləşməyə, oxuyub-öyrənməyə nə ehtiyac var?! Baxdın, bəsdir! Çox baxma özü də, 60 saniyəni keçsən bəlkə nəsə fikirləşərsən, zibili çıxar.

İndi “Epşteyn faylları”nın qızmar dövründəyik və tragikomik olanı budur ki, bu sənədləri ən çox üçüncü dünya ölkələri müzakirə edir. Düzəlib hər yarağımız, qalıb Epşteyn varağımız... O kağızlarda isə Hitlerdən Şrekə, Trampdan Jirinovskiyəcən minlərlə adamın adı çəkilirmiş. Ta o ad nə üçün çəkilir, məqsəd nə olub – çox adamın vecinə deyil. Əsas odur çəkilib, deməli Filankəs də “k.ka” (pis adam) olub.

Qara camaat üçün (ifadəyə görə üzr istəyirəm) kontekst, məzmun əhəmiyyət daşımır ki. Mənim özümə Şrek teması maraqlı gəldi və araşdırdım. Sən demə bu səy Epşteyn haçansa Şrek və onun eşşəyi temasına cındır bir “zarafat” eləyibmiş. Zarafat o qədər kobud və tərbiyəsizdir ki, onu burda yazmağı eyib saydım.

Ancaq indiki geopolitik-geotualetik media mühitinə işıq sala biləcək köhnə, yaxşı bir lətifə var, onunla yazını bitirirəm: “Roma papası Parisə səfər edir. Hava limanında jurnalistlər onu qarşılayır, sual verilir: “Sizin Parisdəki fahişəxanalara münasibətiniz necədir?” Papa təəccüblənir: “Parisdə fahişəxanalar var ki?”. Səhər bütün Fransa qəzetləri bu manşetlə çapdan çıxır: “Papa Fransa səfərində ilkin olaraq Parisdə fahişəxanaların olub-olmadığı ilə maraqlanmışdır”.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Iyun 2026

03 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR