Onlayn ictimai-siyasi qəzet
Ədalət, Hüquq və Demokratiya Partiyasının sədri, Milli Məclisin deputatı Qüdrət Həsənquliyev İran-Azərbaycan münasibətləri və Tehran tərəfindən yarana biləcək təhlükələr barədə danışıb. Deputat hesab edir ki, mövcud vəziyyətdə İrandan Azərbaycana qarşı real təhlükə gözləməyə əsas yoxdur. O, İran əhalisinin mühüm hissəsinin Azərbaycan türklərindən ibarət olduğunu xatırladaraq, Tehranın əsas diqqətini ölkədə sülhün və sabitliyin təmin edilməsinə, eləcə də dağılmış iqtisadiyyatın və infrastrukturun bərpasına yönəltməli olduğunu bildirib.
Q.Həsənquliyev vurğulayıb ki, Azərbaycan istənilən təhdidə operativ və adekvat cavab vermək imkanındadır. Onun sözlərinə görə, belə bir vəziyyət yaranacağı təqdirdə Türkiyə və Rusiyanın da Azərbaycanın yanında olacağını İran rəhbərliyi yaxşı bilir. Deputat bu amillərin Tehranın Azərbaycana qarşı hər hansı təhlükəli addım atmasını real görünməz etdiyini qeyd edib.
Q.Həsənquliyev fikrincə, Azərbaycan-İran münasibətlərində əsas istiqamət qarşıdurma deyil, regional iqtisadi inteqrasiya və təhlükəsizlik olmalıdır. O, 3+3 formatına Mərkəzi Asiya respublikalarının da qoşulması ilə daha geniş iqtisadi əməkdaşlıq platformasının yaradılmasını təklif edib.
Deputatın hesablamalarına görə, belə bir birlik regionda həm iqtisadi inkişafı sürətləndirə, həm də uzunmüddətli təhlükəsizliyə zəmin yarada bilər.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Musavat.com-da parlament təmsilçisinin fikirlərini bu cür şərh etdi: “Hörmətli millət vəkili ilə razıyam. İrandakı rejim gərək məntiqi itirə ki, münasibətlərdə Azərbaycanla ciddi təhlükə yaratsın, vəziyyəti toqquşma həddinə gətirib çıxarsın. Cənub qonşumuzda milyonlarla azərbaycanlı yaşayır və onların milli maraqlarına zidd addımların qəbul ediləcəyini düşünmürəm. Əlbəttə, İranda müxtəlif qruplar var, müxalifət daxilində Azərbaycana qarşı anti-Azərbaycan mövqeyində olan qüvvələr də mövcuddur. Elə bu günlərdə Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevin iranlı general tərəfindən diplomatik etikaya uyğun olmayan şəkildə qarşılanması da gözümüzün qarşısındadır. Bəli, Azərbaycan qonşuları ilə, o cümlədən İranla tərəfdaşlığın və əməkdaşlığın tərəfdarıdır. Burada ortaq layihələri, üçtərəfli platformaları, Şimal-Cənub nəqliyyat dəhlizini qeyd etmək olar. İran prezidenti də əslində bu əməkdaşlığın inkişafında maraqlıdır. Amma yenə də təkrar edirəm ki, İranda müxtəlif qruplar var və məhz həmin qruplar tərəfindən Azərbaycana qarşı təxribatların törədilməsi mümkündür. Naxçıvana üç PUA-nın atılması da buna nümunədir. İndiyədək bununla bağlı hələ tam və aydın izah verilməyib. Azərbaycana təhlükə yaradan qüvvələr Rusiyada, İranda və ya başqa ölkələrdə ola bilər. Lakin Azərbaycan artıq tək deyil. Azərbaycanın Türkiyə kimi müttəfiqi, ABŞ və Avropa İttifaqı ilə münasibətləri, Mərkəzi Asiya ölkələri ilə strateji tərəfdaşlığı var. Ona görə də ölkəmizə qarşı hər hansı bir təhlükə yaradan qüvvə qarşısında yalnız Azərbaycanı deyil, onun arxasında dayanan bu gücləri də görəcək”.
Cavanşir Abbaslı,
Musavat.com
14 Oktyabr 2026
13 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ