Onlayn ictimai-siyasi qəzet
ABŞ Prezidenti Donald Trump İrana qarşı genişmiqyaslı hərbi əməliyyatla bağlı danışıb. “Mən demək olar ki, zarafat etmirəm. Onlar özləri mənə zəng edib kimi rəhbər görmək istədiyimi soraşacaqlar”, - deyə Tramp xəbərdarlıq edib.
Bu açıqlama onun İranın ali rəhbəri və yaxın çevrəsini hədəf alan əməliyyatının fonunda verilib. Trampın İrana hücum qərarı əvvəlki ABŞ prezidentlərin bacarmadığı regiondakı siyasi düzəni Amerikanın hərbi gücü ilə dəyişmək iddiasını ortaya qoyur. Tramp İrana qarşı əməliyyatın planlaşdırılmasında və icrasında əsas rol oynayır. O, Floridadakı Mar-a-Lago rezidensiyasından əməliyyatın gedişatını şəxsən izləyib və “İran rejimi 47 ildir “Amerikaya ölüm” şüarı səsləndirir. Artıq buna dözmək olmaz” - deyərək qərarından danışıb. ABŞ daxilində isə Trampın bu addımı həm də böyük siyasi risk daşıyır. Respublikaçılar arasında geniş dəstək olsa da, demokratlar və bəzi analitiklər onun impulsiv davrandığını və həm ictimaiyyəti, həm də Konqresi məlumatlandırmadığını bildirirlər. Keçmiş vitse-prezident və Trampın rəqibi Kamala Harris İrana hücum qərarını kəskin şəkildə tənqid edib: “Amerikan xalqı Trampın apardığı müharibəyə qarışmaq istəmir”.
Demokratlar Nümayəndələr Palatasında strateji cavab hazırlamağa hazırlaşır. Mənbələr bildirir ki, onlar hələlik ABŞ administrasiyasının uzunmüddətli planı və hədəfi barədə heç bir konkret məlumat görməyiblər. Trampın əməliyyatı İranın ABŞ müttəfiqlərinə qarşı cavab atəşləri ilə qarşılanıb.
Baş verənləri şərh edən professor Mohammed Hafez deyib ki, İran rejimi regional qarşıdurma yaratmağa və dünya iqtisadiyyatı ilə ABŞ iqtisadiyyatına təsir göstərməyə çalışacaq: “Bu Tramp üçün yaxşı heç nə vəd etmir”.
Analitiklərin fikrincə, İranın cavab reaksiyası hərbi eskalasiyaya doğru gedə bilər, bu isə ABŞ-ın BƏƏ, Səudiyyə Ərəbistanı və digər regiondakı tərəfdaşlarına təsir göstərə bilər. ABŞ-da isə Trampın hərbi avantürası həm də onun seçki strategiyasına təhlükə yaradır. Artan qiymətlər, daxili problemlər və regional münaqişələr seçici etibarını azalda bilər. Zatən, Trampın “MAGA” hərəkatının fəal tərəfdarları belə uzunmüddətli xarici hərbi əməliyyatlara qarşı narahatdır. Ekspertlər bildirirlər ki, Tramp üçün bu, “hər şey və ya heç nə” anıdır. Əgər əməliyyat uğurla nəticələnərsə, ABŞ-ın regiondakı rolu və Trampın tarixi irsi üçün böyük triumf sayılacaq. Lakin uğursuzluq və ya münaqişənin genişlənməsi həm regionu, həm də Trampın siyasi gələcəyini təhlükəyə ata bilər.
E.Məmmədəliyev,
Musavat.com
06 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ