Onlayn ictimai-siyasi qəzet
1945-ci ilin yazında ABŞ qoşunları Almaniyanın Nordhauzen şəhəri yaxınlığındakı Konşteyn dağına daxil olub. Dağın daxilində adi mədən deyil, nəhəng yeraltı zavod yerləşib. Uzun tunellərdə istehsal dəzgahları, dəmir yolu xətləri, yanacaq çənləri və tamamlanmamış raketlər olub. Bura Mittelverk zavodu olub. Burada nasist Almaniyasının ən mühüm silah layihələrindən biri olan A4 raketi - daha çox V-2 adı ilə tanınan dünyanın ilk seriya istehsalı uzaqmənzilli ballistik raketi hazırlanıb. Lakin V-2-nin texnoloji əhəmiyyəti onun istehsal tarixinin qaranlıq tərəfini kölgədə qoyub. Raketlər konsentrasiya düşərgəsi məhbuslarının məcburi əməyi hesabına hazırlanıb və istehsal prosesi minlərlə insanın ölümü ilə nəticələnib.

V-2 raketlərinin hazırlanması əvvəlcə Baltik dənizi sahilində yerləşən Penemünde raket mərkəzində aparılıb. 1943-cü ilin avqustunda Britaniya aviasiyasının buraya güclü hücumundan sonra Almaniya rəhbərliyi raket istehsalını bombardmanlardan qorumaq üçün yeraltına köçürmək qərarına gəlib. Bu məqsədlə Nordhauzen yaxınlığındakı Konşteyn dağı seçilib. Dağın daxilində hələ 1930-cu illərdən yanacaq anbarı kimi istifadə olunan iki uzun tunel olub. Onlar çoxsaylı eninə keçidlərlə birləşdirilib və sonradan zavoda çevrilməsi üçün əlverişli quruluşa malik olub. Burada dəmir yolları, elektrik və havalandırma sistemləri quruldu, istehsal xətləri yerləşdirilib.
Lakin bu nəhəng kompleksin yaradılmasında əsas əmək qüvvəsi məhbuslar olub. İlk məhbuslar 1943-cü ilin avqustunda Buxenvald düşərgəsindən gətirilib. Onlar əvvəlcə raket yığmayıb, tunelləri genişləndirib, qayaları çıxarıb, dəmir yolları çəkib və zavodun infrastrukturunu qurublar. İlk aylarda yerüstü düşərgə hazır olmadığından minlərlə məhbus birbaşa yeraltı tunellərdə saxlanılıb. İş və yaşayış məkanı faktiki olaraq eyniolub. Günəş işığına çıxmaq imkanları olmayıb, hava ağır və rütubətli, ətraf isə partlayışların, kompressorların və istehsal avadanlıqlarının səsi ilə dolu olub.

Məhbuslar uzun saatlar ərzində ağır fiziki iş görüb, kifayət qədər qida və tibbi yardım almayıblar. Nəticədə zavod hələ tam fəaliyyətə başlamamış çoxlu insan həyatını itirib. Sonradan dağın ətəyində düşərgə salınıb və Dora-Mittelbau daha böyük konsentrasiya düşərgəsi sisteminə çevrilib. Bu sistemdən təxminən 60 min məhbus keçib və ən azı 20 min insan ölüb.
V-2 təxminən 14 metr uzunluğunda, maye yanacaqla işləyən mürəkkəb raket olub. Onun mühərriki təxminən 25 ton dartı qüvvəsi yaradıb. Raket yüksək sürətlə hərəkət etdiyindən hədəfdəki insanlar onun yaxınlaşmasını əvvəlcədən müəyyənləşdirə bilməyiblər. Raketin bütün hissələri Mittelverkdə hazırlanmayıb. Bir çox komponent Almaniyanın digər müəssisələrində istehsal edilib və dəmir yolu ilə zavoda gətirilib. Yeraltı kompleksdə isə mühərrik, yanacaq çənləri, idarəetmə sistemi, gövdə və döyüş başlığı birləşdirilib.
1944-cü ilin əvvəlində seriya istehsalına başlanılıb. Zavodun planlaşdırılan istehsal gücünə tam çatmaq mümkün olmasa da, müəyyən dövrlərdə ayda yüzlərlə V-2 raketi hazırlanıb. 1944-cü ilin sonlarından burada V-1 qanadlı mərmilərinin istehsalı da həyata keçirilib. Zavodda alman mühəndislər və mülki işçilərlə yanaşı, minlərlə məhbus çalışıb. Ağır şəraitə baxmayaraq, bəzi məhbuslar istehsalı ləngitməyə və avadanlıqları sıradan çıxarmağa çalışıblar. Lakin V-2-nin mürəkkəb texniki quruluşu səbəbindən hər nasazlığı sabotaj hesab etmək düzgün olmayıb.

Buna baxmayaraq, nasist rəhbərliyi istehsalda yaranan problemlərə son dərəcə sərt reaksiya verib. Sabotajda şübhəli bilinən məhbuslar edam edilib. ABŞ Holokost Memorial Muzeyinin məlumatına görə, 200-dən çox məhbus ehtimal edilən sabotaja görə asılıb.
V-2 raketləri 1944-cü ilin sentyabrından etibarən London, Antverpen, Lyej, Paris və digər şəhərlərə qarşı istifadə edilib. Raket böyük dağıntı törədə bilsə də, bahalı və dəqiqliyi məhdud silah olub. Müharibənin gedişini dəyişmək gücündə olmayıb. Ən böyük faciə isə raketlərin hədəflərində deyil, istehsal edildiyi yerdə yaşanıb. 1945-ci ilin aprelində Almaniyanın məğlubiyyəti artıq qaçılmaz olanda SS düşərgəni boşaltmağa başlayıb. Məhbuslar yük vaqonları ilə və ölüm yürüşləri vasitəsilə başqa düşərgələrə aparılıb. Bu proses zamanı da minlərlə insan öldürülüb. Ən dəhşətli hadisələrdən biri Gardelegen qətliamı olub: 1945-ci ilin aprelində 1 016 məhbus bir anbarda yandırılaraq öldürülüb. 1 aprel 1945-ci ildə ABŞ qoşunları Nordhauzenə daxil olaraq Dora-Mittelbau düşərgəsini azad ediblər. Əsgərlər ağır vəziyyətdə olan məhbuslarla, minlərlə meyitlə və dağın içində nəhəng raket zavodu ilə qarşılaşıblar.

ABŞ mütəxəssisləri zavodda qalan raketləri, mühərrikləri, texniki sənədləri və avadanlıqları araşdırıblar. Müharibədən sonra V-2 texnologiyası həm ABŞ, həm də Sovet İttifaqının raket proqramlarına ciddi təsir göstərib. Almaniyanın raket mütəxəssisi Verner fon Braun sonradan ABŞ-a aparılıb və Amerika kosmik proqramının aparıcı simalarından birinə çevrilib. Beləliklə, Konşteyn dağındakı Mittelverk zavodu iki ziddiyyətli tarixi miras qoyub. Burada ballistik raket texnologiyasının inkişafında mühüm mərhələ yaradılıb, eyni zamanda bu texnologiyanın istehsalı minlərlə insanın məcburi əməyinə və ölümünə söykənib. V-2 müasir raket və kosmik texnologiyanın inkişafına təsir göstərib, lakin onun istehsal edildiyi tunellər nasist rejiminin insan həyatını necə amansız şəkildə dəyərsizləşdirdiyini də nümayiş etdirib.
İlkin Nəcəf, xüsusi olaraq Musavat.com üçün
21 Avqust 2026
20 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ