Onlayn ictimai-siyasi qəzet
Ukrayna prezidenti Volodimir Zelenski Florida ştatında, Mar-a-Laqo iqamətgahında Ukrayna və ABŞ nümayəndə heyətləri arasında keçirilən danışıqlardan sonra “Fox News” telekanalına müsahibə verib.
Musavat.com xəbər verir ki, Zelenski müsahibədə danışıqların əsas mövzularına, mümkün sülh variantlarına və referendum ehtimalına dair mövqeyini açıqlayıb.
Donbas əraziləri ilə bağlı Zelenski bildirib ki, danışıqlarda ən ciddi problem ərazilər məsələsidir. Onun sözlərinə görə, bu mövzuda fikir ayrılığı ABŞ-la deyil, Rusiya ilə mövcuddur. Prezident vurğulayıb ki, ABŞ tərəfi hər iki tərəfin mövqeyini anlayır və kompromis tapmağa çalışır. O əlavə edib ki, Ukrayna son bir ay ərzində müzakirə edilən müxtəlif addımları praktikada nümayiş etdirib.
Referendum və Ukrayna qoşunlarının Donbasdan çıxması
Zelenski deyib ki, hamı başa düşməlidir: Donbasdan geri çəkilmək ən pis ssenaridir. Bu, ukraynalılar üçün qəbuledilməz olan böyük riskdir və belə bir məsələ üzrə referendum mütləq uğursuzluğa düçar olacaq. Onun sözlərinə görə, əvvəlcədən xalqın rədd edəcəyini bildikləri bir razılaşmanı, məsələn, Donald Trump ilə imzalayıb sonra referenduma çıxarmaq ağılsızlıq olardı. Prezident vurğulayıb ki, Ukraynanın əsas məqsədi Ukrayna xalqı üçün məqbul olan real sülh yolunu tapmaqdır.
20 maddəlik sülh planı və referendum
Zelenski qeyd edib ki, 20 maddədən ibarət sülh planı üzrə referendum keçirilməsi mümkündür. Onun fikrincə, əgər Ukrayna xalqı bu sənədi dəstəkləsə, bu, proses Trampın liderliyi altında getdiyi üçün onun üçün də böyük siyasi uğur olar. Prezident bildirib ki, hazırda əsas problem yenə də ərazilər məsələsidir və bu, nə referendumun, nə parlamentin, nə də prezidentin şəxsi qərarı ilə həll edilə biləcək məsələdir. Zelenski vurğulayıb ki, Donbasda 300 min insan yaşayır və Ukrayna sadəcə bu əraziləri və oradakı insanları tərk edə bilməz. Onun sözlərinə görə, müharibə nəticəsində 100 minə yaxın insan yaralanıb, on minlərlə insan həlak olub.
Azad iqtisadi zona ideyası
Prezident bildirib ki, kompromis variant kimi azad iqtisadi zonanın yaradılması təklif olunub. Bu modelə əsasən, Ukrayna bir neçə kilometr geri çəkilərsə, Rusiya da eyni, simmetrik addımlar atmalıdır. Zelenskinin sözlərinə görə, belə zonada xüsusi qaydalar tətbiq oluna bilər və əgər qərar iqtisadi zona və ya oxşar mexanizmlərlə bağlı olarsa, referendum həmin qərarın qəbul və ya rədd edilməsi üçün uyğun mexanizmdir.
Trampın “Putin Ukraynaya uğur arzulayır” sözləri barədə
Zelenski bu fikirlə razılaşmadığını bildirib. Onun sözlərinə görə, Vladimir Putin bu cür bəyanatları səsləndirə bilər, hətta bunu Trampa da deyə bilər, lakin bu, reallığı əks etdirmir. Zelenski hesab edir ki, Putin bu cür açıqlamalarla ABŞ tərəfindən əlavə sanksiya və təzyiqlərdən yayınmağa çalışır və buna görə “Ukraynaya uğur arzuladığı” və ya “ucuz elektrik verə biləcəyi” kimi ifadələr işlədir.
“Ukrayna müharibəni uduzurmu?” sualına cavab
Zelenski bildirib ki, son iki ildə Rusiya təxminən 3000 kilometr ərazi ələ keçirib və bu, zahirən Ukraynanın qalib gəlmədiyi təəssüratını yarada bilər. Lakin o vurğulayıb ki, bu 3000 kilometrin qiyməti təxminən 400 min rus əsgərinin itkisi olub. Prezidentin sözlərinə görə, əraziyə baxsaq, Rusiya qazanırmış kimi görünür, amma insan itkisinə baxsaq, əslində uduzan tərəfdir.
ABŞ dəstəyi haqqında
Zelenski açıq şəkildə bildirib ki, ABŞ-ın dəstəyi olmadan Ukraynanın qalib gəlməsi mümkün deyil. Onun sözlərinə görə, ABŞ-ın hava hücumundan müdafiə sistemləri üçün verdiyi raketlər Ukrayna səmasının qorunmasında həlledici rol oynayır. Bundan əlavə, döyüş meydanında istifadə olunan bir sıra silahlar, sursat və artilleriya da ABŞ-dan alınır və bu dəstək olmadan müharibəni qazanmaq mümkün deyil.
Ukraynalıların müharibədən yorulması barədə
Zelenski bildirib ki, insanlar sülh istəyir. Onun sözlərinə görə, Trampın istinad etdiyi sorğular göstərir ki, ukraynalıların təxminən 85–90 faizi müharibənin bitməsini və sülhün əldə olunmasını arzulayır.
Musavat.com
05 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ