İnsanlara hürriyət, millətlərə istiqlal!

Zəngəzur dəhlizi ilə bağlı VACİB AÇIQLAMA

“TRIPP layihəsinin həyata keçməsi ilə Azərbaycanın əsas hissəsi ilə Naxçıvanı birləşdirən Zənəgəzur dəhlizi adlandırılan yol açılmış olacaq. Zəngəzur yolunun açılması Naxçıvan Muxtar Respublikasına gedən turistlərin sayını dəfələrlə artıracaq”.

Bu barədə Musavat.com-a şərhində Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov bildirib.

HUSEYNOV.jpg (38 KB)

Deputat qeyd edib ki, Prezident İlham Əliyev Naxçıvan səfərində Azərbaycan Dövlət Televiziyasına müsahibəsində Naxçıvanın böyük turizm potensialının olduğunu bildirib və turizm infrastrukturunun müasir tələblər səviyyəsinə qaldırılacağının anonsunu verib:

“Gələcəkdə Naxçıvana turist axının olacağı proqnozlaşdırılır. Bu baxımdan müasir infrastrukturun, hotellərin qurulması zərurətə çevrilib. Turizmin inkişafı bölgənin inkişafında, yerli əhalisinin məşğulluğu kimi mühüm məsələdə ciddi töhfələr verir. Minlərlə Azərbaycan vətəndaşı quru yolunun olmaması səbəbindən Naxçıvana turist səfərləri etmək arzusunu reallaşdıra bilmir. Zəngəzur dəhlizinin işə düşməsi gələcəkdə bu problemin aradan qalxması və bölgəyə böyük turist axının başlaması demək olacaq. Odur ki, Zəngəzur dəhlizi Naxçıvan turizminin inkişafı üçün güclü katalizator ola bilər. Dəhliz turistin Naxçıvana gəlməsini asanlaşdıracaq, yeni hotellər, restoran, yol, xidmət və turizm məhsulları isə həmin turistin Naxçıvanda qalmasını təmin edəcək. Bu iki proses paralel gedəndə Naxçıvan yalnız Azərbaycanın digər bölgələrindən turist qəbul edən məkan yox, Cənubi Qafqazın və Türk dünyasının mühüm turizm qovşaqlarından biri ola bilər”.

Deputat hesab edir ki, bu halda turistlər üçün yeni marşrut yarana bilər:

“Bakı-Qarabağ-Zəngilan-Zəngəzur-Naxçıvan-Ordubad-Türkiyə marşrutunun gələcəkdə yeni turizm coğrafiyası olacağını söyləmək mümkündür. Belə bir marşrutun yaranması Naxçıvanı ayrıca səfər edilməli olan uzaq istiqamətdən çıxarıb Azərbaycanın böyük turizm marşrutunun təbii dayanacağına çevirə bilər. Əgər Qarabağ və Şərqi Zəngəzurla Naxçıvan arasında rahat quru əlaqəsi yaranarsa, daxili turizmin ciddi şəkildə artması mümkündür. Məsələn, ailə Bakıdan yola çıxaraq Qarabağda bir neçə gün qaldıqdan sonra Naxçıvana keçə, Əlincəqalanı, Duzdağı, Ordubadı və Batabatı ziyarət edə bilər. Bu isə bir bölgəyə səfər deyil, bir neçə regionu əhatə edən turizm paketinin yaranması deməkdir”.

Aydın Hüseynovun sözlərinə görə, daha maraqlısı odur ki, Naxçıvanın Türkiyə ilə əlaqəsi də bu prosesə əlavə üstünlük verə bilər:

“Gələcəkdə Türkiyədən gələn turist üçün Naxçıvan, Azərbaycandan Türkiyəyə gedən turist üçün isə Türkiyənin şərq bölgələri vahid səyahət paketinin tərkibinə daxil edilə bilər. Yekun olaraq qeyd edim ki, Naxçıvanın qarşısında həqiqətən böyük perspektiv görünür. Prezident İlham Əliyevin “vahid, nümunəvi bir inkişaf diyarı” kimi təsvir etdiyi Qarabağ-Şərqi Zəngəzur-Naxçıvan coğrafiyası təkcə iqtisadi və nəqliyyat məkanı deyil, Azərbaycanın ən böyük regional turizm marşrutlarından biri də ola bilər. Prezidentin “Zəngilan rayonu ilə Ordubad rayonu arasında məsafə cəmi 42 kilometrdir” fikri də məhz bu baxımdan əhəmiyyətlidir. Əgər bu ərazilər arasında nəqliyyat əlaqəsi qurularsa, hazırda bir-birindən ayrı görünən turizm resursları əslində vahid turizm marşrutunun hissələrinə çevrilə bilər”.

Etibar Seyidağa,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Avqust 2026

12 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR