İnsanlara hürriyət, millətlərə istiqlal!

"Bu qədim fitnə indi Azərbaycanla Türkiyə arasında dolaşır" - Abdullah Ağarın yazısı

Azərbaycanın üzləşdiyi çoxşaxəli ideoloji-teopolitik-siyasi mühit və təhdidlər

Çoxları bilmir. Mən də müşahidə etdiyim qədər diqqətə çatdırmaq istəyirəm.

Azərbaycanın, xüsusilə şimal bölgələrində yaşayan sünni türklərə və ölkə vətəndaşı olan digər Qafqaz xalqlarına qarşı Yaxın Şərq mənşəli sələfi, təkfirçi və vəhhabi cərəyanları vasitəsilə ciddi təsir göstərilməsi, tərəfdar və əlaman qazanılması təhlükəsi var. Üstəlik, bu strukturların yaranması və güclənməsi üçün böyük vəsait və resurslar sərf olunur.

Təxminən yüz il kommunizmin təsiri altında qalmış, dini baxışları da bu prosesdən təsirlənmiş indiki şiə və dünyəvi şiə Azərbaycan cəmiyyəti üzərində İran mərkəzli siyasi-islamçı cərəyanlar nüfuz yaratmağa çalışır. İnsanları öz tərəfinə çəkməyə, sosial baza formalaşdırmağa və İranın təsir dairəsini genişləndirməyə cəhd göstərirlər.

Azərbaycanla Türkiyə arasındakı yaxınlıqdan istifadə edərək Türkiyədə fəaliyyət göstərən bəzi camaat, təriqət və ideoloji islamçı qurumlar da Azərbaycanda mövqe, nüfuz və güc qazanmağa çalışır. FETÖ-nün keçmişdə Azərbaycanda gördüyü işlər bunun nə demək olduğunu göstərən mühüm nümunədir.

Diqqət çəkən başqa bir sahə Gürcüstanda yaşayan sünni azərbaycanlılardır. Keçmişdə Kərkük–Təzəxurmatu xəttində İrana yaxın yanaşma çərçivəsində ələvi-bəktaşi türkmənlərin şiələşdirilməsi və yaxın dövrdə Müsul da daxil olmaqla bütün türkmən bölgəsinin Haşdi Şabi vasitəsilə, sünni-şiə fərqi qoyulmadan, İran mərkəzli bir vəkil gücə, proksi ünsürə çevrilməsi ilə oxşarlıq daşıyan proses gedir. Gürcüstanda yaşayan sünni azərbaycanlılara İran tərəfindən diqqət yetirilməsi, o cümlədən İran mənşəli şiələşdirmə fəaliyyətləri, bu icmaların üzvlərinin cəlb edilməsi və təşkilati nüfuz şəbəkələrinə daxil olunması ayrıca araşdırılmalıdır. Bu proseslərin dövlət, kəşfiyyat və təşkilati əlaqələrini, eləcə də siyasi nəticələrini öyrənmək son dərəcə vacibdir. Borçalıdakı qarapapaq-tərəkəmə icmaları, Kaxetidə yaşayan azərbaycanlılar və tarixi Axıska yurdu mühüm bir bağ qurşağıdır.

Azərbaycanın yəhudi irsi və İsraillə münasibətləri də ayrıca diqqətə layiq sahədir. Tarixən Xəzər Türk dövlətinin hakim elitasının bir hissəsinin yəhudiliyi qəbul etməsi, Azərbaycanda dağ yəhudilərinin qədimdən yaşaması, Qırmızı Qəsəbə və İsraildə yaşayan Azərbaycan mənşəli yəhudilər bu münasibətlərin tarixi və ictimai qatlarını təşkil edir. Azərbaycan–İsrail əlaqələrinin əsaslarını anlamaq üçün tarix, kimlik, diaspora, təhlükəsizlik və geosiyasi maraqlar birlikdə nəzərdən keçirilməlidir. Bu münasibətləri yalnız zahiri görünüşə görə qiymətləndirmək də, onları yalnız cari strateji maraqlara endirmək də natamam yanaşmadır.
Daha bir maraqlı sahə zərdüştilik və atəşpərəstlikdir. Bakı yaxınlığındakı Atəşgah zərdüştilik tarixi baxımından dünyanın mühüm ziyarət məkanlarından biridir. Abşeron yarımadasının Suraxanı qəsəbəsində yerləşən bu məbəd-atəşgahda zərdüştilik tarixinin mühüm izləri var. Məkan çox qədim tarixə malik olsa da, indiki tarixi kimliyi əsasən XVII–XVIII əsrlərdə formalaşıb. Xüsusilə Hindistandan gələn hindu və siqh icmaları buradan ibadət yeri kimi istifadə edib.

***

WhatsApp Image 2026-10-12 at 11.54.26.jpeg (328 KB)

Bilmirəm, fərqindəsinizmi: bu teoloji, teopolitik və təhlükəsizlik mühitində Azərbaycan xalqı və dövləti çoxşaxəli ideoloji-teopolitik-siyasi nüfuz mübarizəsi ilə üz-üzədir.

Məsələ yalnız din deyil. Din vasitəsilə insanları, cəmiyyəti və aidiyyət hissini qazanmaq, nəticədə siyasi nüfuz əldə etməkdir.

Qarabağda hərbi qələbə qazanıldı. Ancaq cəbhədəki qələbənin davamlı strateji qazanıma çevrilməsi cəmiyyətin aidiyyət dünyasının və dövlətin qərarvermə iradəsinin qorunmasından da asılıdır.

BMT-də baş verən son hadisə və Azərbaycan məktəblərində geyim qaydalarının süni şəkildə qabardılması da bu çərçivədə — yalnız düzxətli səbəb-nəticə əlaqəsi baxımından deyil, asimmetrik tərəfləri ilə də yenidən düşünülməli və araşdırılmalıdır. Kimin işinə yaradı? Kim kimə xidmət etdi?

Dini nüfuz, siyasi təşkilatlanma və milli suverenlik

Dini fəaliyyət öz-özlüyündə dövlət üçün, bir qayda olaraq, təhdid sayılmır. Ancaq dini şəbəkələr xarici maliyyə, təşkilati göstərişlər, siyasi səfərbərlik və kəşfiyyat əlaqələri ilə birləşəndə məsələ dəyişir.

Başqa bir təhlükə şiəliyin, sünniliyin, dünyəviliyin və müxtəlif dini təfsirlərin bir-birinə rəqib kimliklərə çevrilməsi, azərbaycanlı kimliyinin parçalanması, cəmiyyətlə dövlətin qarşı-qarşıya qoyulmasıdır.

Üstəlik, söhbət yalnız Azərbaycan sərhədləri daxilində gedən proseslərdən getmir. Gürcüstanda və bölgənin başqa yerlərində yaşayan azərbaycanlıların da mədəni, dini və siyasi nüfuz mübarizələrinin tərkib hissəsinə çevrilməsi cəhdləri görünür.

Bütöv mənzərəyə baxanda yalnız dünyəviliklə dini azadlıq arasındakı tarazlığı deyil, təhlükəsizlik və geosiyasi həssaslıqları da nəzərə almaq lazımdır.

Mənim həll yolu təklifim…

Yaxın Şərqdə, Balkanlarda və Qafqazda illər ərzində qazandığım təcrübədən çıxardığım nəticə budur:

Dindən, dindardan, dövlətdən və gücdən sui-istifadə edən qurumlarla mübarizədə təkcə dövlətin gücünü deyil, dinin dəyərlərini də ortaya qoymaq lazımdır.

İslamın içinə yerləşdirilmiş ruhani hakimiyyət anlayışları, şirk ünsürləri və üsulları, siyasi, ideoloji, məzhəbi, məsləki, tarixi və regional istismar mexanizmləri ilə yalnız ağla, elmə, vicdana, ədalətə, həqiqətə və insan haqlarına söykənən həqiqi İslam vasitəsilə mübarizə aparmaq mümkündür.

Əks halda din aşınar, parçalanar, şirkin və şeytanın əlinə keçər. Məzhəb fitnəsində olduğu kimi, düşmənçilik və xarici manipulyasiya üçün imkanlar yaranar, dövlətlə cəmiyyət arasında çatlar əmələ gələr və istismara açıq sahələr formalaşar.

Bu mübarizə güclü dövlət ağlı və dərin teoloji bilik tələb edir.

Osmanlı imperiyasının süqutu və Türkiyədə Cümhuriyyət dövründə baş verənlər bu baxımdan mühüm dərslərlə doludur.

Dövlət ağlı ilə dini-teoloji bilik bir araya gəlməyəndə, istismarın açdığı sahələri yalnız təhlükəsizlik tədbirləri ilə bağlamağa çalışmaq böyük risklər doğurur.

Azərbaycanın məsələsi yalnız sərhədlərini qorumaq deyil. Milli kimliyini, ictimai bütövlüyünü, dini azadlıqlarını və müstəqil qərarvermə iradəsini də qorumaqdır.

Ölkənin suverenliyi yalnız öz torpağına hakim olmaq demək deyil. Cəmiyyətin aidiyyət hissini, daxili sülhü, dövlət–xalq birliyini, inanc, dövlət və ideologiya arasındakı uyğunluğu, ortaq məqsədə yönəlməyi və bütün bunlarla yanaşı, gələcəyinə öz iradəsi ilə istiqamət vermək gücünü qorumaq da suverenliyin tərkib hissəsidir.

“Çünki türklər üçün dövlət yalnız bu dünya qarşısında deyil, Allaha və məhşər gününə qarşı da məsuliyyət daşıyır.”

Praktik həll yolu:

* Dindən, dindardan, dövlətdən və gücdən sui-istifadə edən, İslam adı altında fəaliyyət göstərsə də, İslamla əlaqəsi olmayan bütün siyasi, ideoloji, mülayim-radikal, məzhəbi və məsləki qurumların bilik, şüur və güc yolu ilə qarşısını almaq;
* İnsanlara həqiqi İslamın iman, ağıl, vicdan, elm, ədalət, əxlaq və gerçəklik olduğunu öyrətmək;
* Müqəddəs kitabımız Quranı insanların anlaya biləcəyi dildə oxutmaq;
* Hər kəsin öz iradəsi ilə başını örtmək və ya örtməmək azadlığını təmin etmək, dövlətin də bu azadlığı qoruması.

Maraqlıdır ki, Türkiyə ilə Azərbaycanın strateji yaxınlığı da bu bütövlüyün əsas dayaqlarından biridir.

Hədəfə alınanlardan biri, bəlkə də ən mühümü, elə bu yaxınlıqdır.

Bu məsələ yalnız Azərbaycan üçün deyil, bütün Türkiyə və İslam dünyası üçün keçərlidir.

Əks halda, vəziyyət göz qabağındadır.

Bu qədim fitnə indi Azərbaycanla Türkiyə arasında dolaşır.

Tarixi təcrübəsi ilə Türkiyəni düzgün anlamaq yalnız Azərbaycan üçün deyil, bütün Türküstan üçün böyük dərsdir.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur