Onlayn ictimai-siyasi qəzet
Moskva nə üçün mövzunu gündəmdə saxlamaqda təkid edir?
Moskva Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının tam açılmasını dəstəkləyir. Bunu Rusiyanın xarici işlər nazirinin müavini Mixail Qaluzin Sankt-Peterburqda keçirilən beynəlxalq iqtisadi forum çərçivəsində təşkil olunmuş “3+3 Platforması: ümumi çağırışlar və strateji tərəfdaşlıq” sessiyasında bəyan edib. Onun sözlərinə görə, regionda nəqliyyat kommunikasiyalarının açılması "3+3" formatının tam fəaliyyət göstərməsi üçün zəruridir.
“Bizim fikrimizcə, Cənubi Qafqazın tranzit potensialının inkişafında regionun bütün ölkələrinin iştirakını təmin etmək vacibdir. Ermənistanın Azərbaycan və Türkiyə ilə sərhədləri, eləcə də Gürcüstanın Abxaziya və Cənubi Osetiya ilə sərhədləri açılmadan tamhüquqlu nəqliyyat əlaqələrindən danışmaq mümkün deyil. Hesab edirik ki, bu nə qədər tez baş versə, regionun bütün iştirakçıları bir o qədər çox logistik imkanlar əldə edəcəklər”, - rusiyalı diplomat bildirib.
Əvvəla, Gürcüstanın tərkib hissəsi olan və hazırda Rusiya tərəfindən işğal edilmiş regionlarla hansısa "sərhədlərdən” danışmaq olduqca qəribə görünür. Təkcə bu faktın özü qəti şəkildə belə nəticəyə gəlməyə əsas verir ki, "3+3" adlanan platforma sadəcə bir fiksiyadır. Boş bir ifadədən başqa bir şey deyil. Əgər Qaluzin diplomatdırsa, bunu anlamalıdır. Bu qənaəti təsdiqləyən başqa çoxsaylı səbəblər də var. Məsələn, Rusiya və İranın öz orta əsr təfəkkürünü xatırladan davranışları ilə özlərini saldıqları vəziyyət. Bu gün həmin təcrid olunmuş dövlətlərlə şüurlu şəkildə sıx tərəfdaşlığa can atan normal bir ölkə varmı?
Ekspertlər isə hesab edir ki, hazırda "3+1" (və ya "2+1+1") modeli fəaliyyət göstərir: iki Cənubi Qafqaz dövləti (Ermənistan və Azərbaycan), bir regional lider (Türkiyə) və bir qlobal aktor (ABŞ). Bu kontekstdə "3+3" formatı artıq öz aktuallığını itirmiş, tarixə çevrilmiş strukturdur.
Hazırkı addımlar Kremlin özünü reabilitasiya etmək və bu vəziyyətdə hansısa formada mövqeyini təsdiqləmək cəhdindən başqa bir şey deyil. Onların Ermənistana təzyiq göstərməyə hazırlaşması da bir daha təsdiq edir ki, köhnə format artıq işləmir.
Hazırda faktiki olaraq yalnız “2+1+1" modeli fəaliyyət göstərir. Bu isə birbaşa olaraq Zəngəzur dəhlizi adlandırılan layihənin həyata keçirilməsi, eləcə də Orta dəhlizin inkişafı ilə bağlıdır.
Bəs Moskva niyə inadkarlıqla "3+3" mövzusunu gündəmdə saxlayır, sanki onun arxasında reallığa bənzər nəsə dayanır? Bunun heç olmasa hansısa rasional əsası varmı?

Alyans Araşdırmalar Mərkəzinin rəhbəri Abutalıb Səmədov “Yeni Müsavat”a bildirdi ki, "3+3" formatının təşəbbüskarları Azərbaycan və Türkiyə prezidentləri olub. İlk iclas isə 2021-ci ilin dekabrında nazir müavinləri səviyyəsində keçirilib və indiyə qədər cəmi üç dəfə görüş olub: “Bu platformanın yaradılması təşəbbüsündə məqsəd Cənubi Qafqazda təhlükəsizlik və əməkdaşlıq mühitinin yaranması və inkişaf etdirilməsi olub. İran və Rusiya isə bölgənin problemlərinin bölgə dövlətləri arasında müzakirə olunmasını və kənar dövlətləri bu prosesə buraxmamağın zəruriliyini həmişə qeyd ediblər. Elə onların bu formatda iştirakının kökündə də əslinə qalsa bu durur-bölgədən kənar dövlətləri bölgə problemlərinin həllinə buraxmamaq. 2024-cü ildə Rusiya "3+3" platformasını təşkilata çevirmək istədiyini dedi. Ancaq təbiidir ki, çevirə bilmədi. Gürcüstan ilk vaxtdan bu formatda iştirak eləmir, lakin son zamanlar ekspertlər səviyyəsində bəzi müzakirələrdə gürcülər də iştirak eləyiblər. İştirak etməməklərinin səbəbi də bəllidir. Rusiya Gürcüstanın ərazisini işğal edib və geri qaytarmaq istəmir. Söhbət Cənubi Osetiyadan və Abxaziyadan gedir. Əgər Rusiyanın məqsədi həqiqətən də bölgədə təhlükəsizliyin təmin olunmasıdırsa, onda ilk addım işğal olunmuş əraziləri geri qaytarmaq olmalıdır. Baxmayaraq ki, Gürcüstan hökuməti Rusiyanın rəğbətini qazanmaq üçün hər şey elədi, hətta Qərblə münasibətlərini də korladı, ancaq məlum oldu ki, Rusiya yenə də əraziləri qaytarmaq istəmir, əksinə, Rusiya bu əraziləri artıq rəsmi şəkildə özünə birləşdirmək istəyir. Buradan aydın olur ki, Rusiyanın məqsədi bölgədə təhlükəsizlik və əməkdaşlıqdan daha çox, kənar dövlətləri Cənubi Qafqaza buraxmamaqdır”.
Ekspertin sözlərinə görə, bu gün də Rusiya əlindən gələni edir ki, ilk növbədə ABŞ-ni bölgədən uzaqlaşdırsın: “Üstəlik, bir məsələni də demək lazımdır ki, əgər Rusiya həqiqətən də Cənubi Qafqazda əməkdaşlığın tərəfdarıdırsa, onun Ermənistana qarşı tətbiq etdiyi sanksiyalara nə ad vermək olar? Əgər əməkdaşlıq istəyirsənsə, qarşılıqlı ticarətdə niyə bu qədər problemlər yaradırsan və kənd təsərrüfatı məhsullarının Rusiya bazarına çıxarılmasına mane olursan? Rusiyanın və İranın davranışı açıq şəkildə göstərir ki, məqsəd həqiqətən də bölgəni təhlükəsiz əməkdaşlıq bölgəsinə çevirməkdən daha çox ABŞ-ni və digər dövlətləri Cənubi Qafqaza buraxmamaqdır. "3+3" platforması ilə bağlı səslənən bəyanatların da kökündə bu dayanır. O da aydındır ki, ara-sıra görüşlər keçirilsə də bu platformanın var gücü ilə işləməsi qeyri-mümkündür. Səbəb də ilk növbədə Rusiyanın və İranın yanaşmasında axtarılmalıdır. Nə qədər bəyanatlar verilsə də bu format Azərbaycan Prezidentinin və Türkiyə liderinin irəli sürdüyü formata çox təəssüf ki, indiyə qədər çevrilmədi, bundan sonra da çevrilməyəcək. Səbəb də Rusiyanın və İranın davranışıdır”.
Etibar SEYİDAĞA,
“Yeni Müsavat”
10 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ