Onlayn ictimai-siyasi qəzet
İran-ABŞ qarşıdurmasında diplomatik danışıqların yerini yenidən hərbi ritorika və güc nümayişi tutur. ABŞ-ın Yaxın Şərqə əlavə qüvvələr göndərməsi, bölgəyə yeni aviadaşıyıcı qruplarının yönəldilməsi və eyni günlərdə Hörmüz boğazında iri neft tankerinin naməlum mərmi ilə vurulması vəziyyətin nə qədər həssas mərhələyə keçdiyini göstərir. 2,5 milyon barrel tutumlu supertankerə zərbə nəticəsində yanğın baş verib, ekipajın təhlükəsiz olduğu bildirilib. Hücumun məsuliyyətini isə hələlik heç bir tərəf üzərinə götürməyib.

ABŞ-ın hərbi addımları bununla məhdudlaşmır. Vaşinqtonun bölgəyə göndərdiyi qüvvələrə 2 min dəniz piyadasının da daxil olduğu bildirilir. ABŞ rəsmilərinin açıqlamalarına görə, ümumi hərbi qüvvələrin genişləndirilməsi və bölgədə üç aviadaşıyıcının olması nəzərdə tutulur. Bu isə İranla qarşıdurmanın yeni mərhələyə keçməsi ehtimalını gündəmə gətirir.
Digər tərəfdən, Hörmüz boğazında təhlükəsizlik probleminin dərinləşməsi yalnız İran və ABŞ arasındakı münasibətlərə aid məsələ deyil. Bu su yolu dünya enerji bazarı üçün strateji əhəmiyyət daşıyır. Son günlər tankerlərə hücumlar fonunda boğazdan keçən gəmi trafiki də ciddi şəkildə azalıb. Bununla belə, alternativ marşrutlar və logistika imkanları hesabına neft axınının bir hissəsi davam edir.
Vaşinqton bölgəyə əlavə qüvvələri yalnız çəkindirmə məqsədilə göndərir? İranla qarşıdurmanın yeni hərbi mərhələsinə hazırlıq da mümkündürmü?
Siyasi şərhçi Rəhman Bayramov Musavat.com-da məsələlərə bu cür aydınlıq gətirdi:
“ABŞ-ın Yaxın Şərqə əlavə qüvvələr göndərməsi və aviadaşıyıcı qruplarının sayını artırmaq niyyəti Vaşinqtonun Tehrana təzyiqi yüksəltmək və onu çəkindirmək strategiyasının gücləndiyini göstərir. Lakin bu addımları qaçılmaz genişmiqyaslı müharibənin sübutu kimi qəbul etmək hələ tezdir.Tramp administrasiyası hərbi üstünlüyü nümayiş etdirməklə İranı danışıqlarda güzəştə məcbur etməyə, eyni zamanda uzunmüddətli müharibənin siyasi və iqtisadi yükündən yayınmağa çalışa bilər. Tehran isə birbaşa geniş müharibəyə can atmadan, Hörmüz boğazı kimi strateji nöqtələrdə riskləri artırmaqla ABŞ təzyiqinin qiymətini yüksəltməyə çalışır. Tankerə hücumun məsuliyyətinin hələ müəyyənləşməməsi hadisəni tərəflərdən birinin addımı kimi təqdim etməyə imkan vermir. Amma belə insidentlər onsuz da kövrək olan vəziyyəti daha da gərginləşdirir. Boğazda gəmi hərəkətinin azalması göstərir ki, qarşıdurmanın nəticələri yalnız Vaşinqton və Tehranla məhdudlaşmır, dünya enerji bazarına da təsir edir. Əsas təhlükə tərəflərdən birinin çəkindirmə addımının qarşı tərəfdə hücum hazırlığı kimi yozulması və idarə olunan eskalasiyanın nəzarətdən çıxmasıdır. Buna görə yaxın mərhələdə hərbi ritorikanın sərtləşməsi mümkün görünsə də, diplomatik kanalın bərpası hələ də müharibədən yayınmağın ən real yoludur”.
Cavanşir Abbaslı
Musavat.com
14 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ