İnsanlara hürriyət, millətlərə istiqlal!

“Sabah” tarix yazdı, Bakı sevincə qərq oldu - VİDEO

UEFA Çempionlar Liqasının əsas mərhələsində mübarizə aparan Azərbaycan çempionu “Sabah” ikinci turda azarkeşlərinə böyük sevinc yaşatdı. Bakı Olimpiya Stadionunda Çexiyanın “Slaviya” klubunu qəbul edən Masazır təmsilçisi doğma meydan amilindən maksimum yararlanaraq rəqibini 2:0 hesabı ilə məğlub etdi. Oyundan sonra Bakı küçələrində gecə yarısına qədər “Sabah” şüarları səslənirdi...

Qeyd edək ki, ilk turda səfərdə İngiltərə nəhənglərindən sayılan “Mançester Yunayted”ə 0:4 hesabı ilə uduzan komandanın bu qələbəsi həm turnir cədvəlində mövqeyini yaxşılaşdırmaq, həm də növbəti oyunlar öncəsi özünəinam qazanmaq baxımından mühüm əhəmiyyət daşıyır. İki turun ilk qarşılaşmalarından sonra 3 xalla 21-ci pillədə qərarlaşan “Sabah” artıq daha iddialı hədəflər barədə düşünə bilər.

Bu qələbə Azərbaycan çempionunun Çempionlar Liqasının liqa mərhələsində növbəti mərhələyə yüksəlmək şanslarını nə dərəcədə artırır və “Sabah” qarşıdakı oyunlarda uğurlu nəticələri davam etdirə biləcəkmi?

MESTE.jpg (41 KB)

Futbol mütəxəssisi Kənan Məstəliyev Musavat.com-a bildirib ki, “Sabah”ın bu uğuru böyük və layiqli qələbədir:

“Komanda öz tarixinə yeni səhifə yazaraq Çempionlar Liqasında ilk qollarını vurdu və ilk zəfərini əldə etdi. Üstəlik, həmişə oyunlarında çətinlik çəkdiyimiz çexlərə qarşı bir növ sindromu da qırdıq. Bu, çox gözəl nəticədir. Matç komandaların müdafiədə qapanmaq əvəzinə hücuma üstünlük verməsi, çoxsaylı qol imkanları yaratması, lakin həmin epizodlardan lazımınca yararlana bilməməsi ilə yadda qaldı. “Sabah”ın böyük turnir təcrübəsinin azlığı da hiss olunurdu. Xüsusilə rəqib qapısına yaxın zonada ötürmə səhvləri, qərarların verilməsində tələskənlik diqqət çəkirdi. Görünür, komanda ilk qələbəsini qazanmaq, azarkeşləri qarşısında bu sevinci yaşamaq üçün nəticəyə mümkün qədər tez çatmağa çalışırdı. “Slaviya” isə yaratdığı imkanlardan istifadə edə bilməməklə özünü çətin vəziyyətə saldı. Bu komandanı əvvəlcədən həddindən artıq şişirtməyə ehtiyac yox idi. Çünki onların əldə etdiyi şansları daha keyfiyyətli rəqib mütləq qola çevirərdi. Bəzi epizodlarda ilk yarını o qədər də yaxşı keçirməyən, lakin sonradan möhtəşəm seyvlərlə yadda qalan Pokatilov bizi xilas etdi, bəzi hallarda isə bəxtimiz gətirdi. Deməli, “Slaviya”nın adı özündən böyük çıxdı. Bəlkə də “Sabah” elə oynadı ki, rəqibin ad-sanını unutduq”.

K.Məstəliyev qeyd edib ki, “Sabah”ın oyun planı düzgün qurulmuşdu:

““Bayquşlar” arxadan ötürmələrlə çıxmağa, yüksək pressinq edən rəqibin irəli çıxmış müdafiə xəttinin arxasına uzun toplar göndərməyə və sürət hesabına boşluqlardan yararlanmağa çalışırdı. Çexlərin müdafiəsi ümumilikdə ləng, orta xətti isə zəif təsir bağışladı. Onlar mərkəzdə komandamıza geniş boşluqlar və manevr imkanları verirdilər. Əsas problem bu fürsətlərdən lazımınca yararlana bilməməyimiz idi. Xüsusilə ilk hissədə bunu aydın görmək mümkün idi. Fasilədən sonra isə “Sabah” daha fəal oynamağa, daha çox hücum etməyə və qol imkanları yaratmağa başladı. Nəticədə həmin fürsətlərin ikisini qola çevirməyi bacardı. Bu, həqiqətən də əla qələbədir. Əlbəttə, komandamızın oyununda kifayət qədər səhvlər var və daha güclü rəqiblərlə qarşılaşmalarda bu çatışmazlıqlar daha ciddi problemlər yarada bilər. Ancaq bunları müzakirə etmək üçün hələ vaxtımız olacaq. İndilik isə “Sabah”ın tarixi qələbəsinə sevinmək lazımdır”.

Cavanşir Abbaslı
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR